Onlayn ictimai-siyasi qəzet
İslandiya dünya futbolunda Azərbaycan millisindən çox tanınan və güclü milli komandadır. Ona görə kimlərinsə Reykyavikdəki oyun ərəfəsi guya yaxşı nəticə, hətta qələbə qazanmağın mümkünlüyü haqda qurduğu xəyallar “suya düşdü”, hətta “buz oldu”.
Etiraf edim ki, mən rahat idim, çünki çoxdandır onları milli komanda hesab etmirəm, azarkeş dəftərimdən də silmişəm, o səbəbdən meydandakı qarşılaşmalarına tam soyuqqanlı, yad kimi baxıram.
Xatırlayıram ki, 2010-cu ildə İslandiyada adı qəliz olan vulkan püskürmüş və bir neçə yaxın ölkənin səması günlərlə təyyarələr üçün bağlandığından dünyanın diqqəti bu balaca ölkəyə yönəlmişdi. İkinci dəfə isə bu cırtdan ölkə 2016-cı il Avropa çempionatına vəsiqə qazananda adı Google-da axtarış sayına görə rekord vurmuşdu. Bunu elə həmin çempionatda Portuqaliya millisinə rəhbərlik edən, islandiyalılarla qarşı-qarşıya gəlsə də, müqavimətlərini qıra bilməyən(1:1) Fernandu Santuş da yaxşı xatırlamış olar. Deyim ki, İslandiya bundan sonra daha bir uğura da imza atdı, 2018-ci ildə dünya çempionatına vəsiqə qazandı.
Ötən ilin yayından milli komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssis Santuş gərək ki, ilin əvvəlində Belarusla yoldaşlıq oyunundan sonra “karyeram boyu bu qədər uduzmamışdım” demişdi. Həqiqətən də, zamanında “Benfika”, “Portu”, “Sportinq”, “Panatinaikos” kimi klublara rəhbərlik etmiş, 2016-cı ildə Portuqaliya millisinin baş məşqçisi kimi Avropa çempionatının kubokunu başı üzərinə qaldırmış bir məşqçinin Azərbaycan millisində bu qədər uğursuzluğunun səbəbi görəsən nədir?
O da var ki, Portuqaliya millisindən ayrıldıqdan sonra Polşanın əsas komandasında 8 ay, “Beşiktaş” klubunda isə daha az duruş gətirmiş, sonra isə AFFA ilə müqavilə imzalamışdı. Onunla müqavilə gərək ki, 2028-ci ilə qədərdir. Yoldaşlıq görüşlərində məğlubiyyətləri sıralayanda ondan soruşmuşdular ki, istefaya nə vaxt gedə bilər, o da “bu sual mənə aid deyil, mənim müqaviləm var” demişdi. Bunu neçənci dəfədir yazıram ki, Santuşdan nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular da verməliydik.
Bu gecə Azərbaycan millisinin qapısından 5 cavabsız top vuran “son”lar Santuşun sonun gətirsələr belə, portuqaliyalı istefaya göndərilsə, guya nə dəyişəcək? Heç nə dəyişməyəcək. Sanki biriləri Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə milli komandanın bu cür rəzil oyunu ilə zərbə vurmağa çalışırlar. Bu biabırçı hesab(lar) təəssüf ki, Azərbaycan qrafasının qarşısında yazılır.
Millinin İslandiya ilə qarşılaşmada ilk dəfə 24-cü dəqiqədə hücuma keçməsi, topa nəzarətin 77 faiz rəqibə aid olması Azərbaycanı gözləyən biabırçı nəticənin “anonsu” idi. İlk hissənin əlavə olunmuş dəqiqələrində ev sahibləri fərqləndi, ikinci hissədə isə Azərbaycan millisinin qapı torunu daha 4 dəfə silkələdilər, amma milli komanda “ayılmadı.” İndi Avropa meydanlarında bu cür primitiv, sistemsiz, ruhsuz oyun göstərən milli komanda yəqin ki, elə Azərbaycandır. Bu, milli komanda deyil.
Bu, Şuşada dalğalanan bayrağımıza, oyundan əvvəl səslənən gözəlim Azərbaycanın möhtəşəm himninə həqarətdir. Bu rəzaləti necəsə durdurmaq lazımdır. Azərbaycanın adına görə. Bu oyuna baxıb ölkəmiz haqda kim bilir nələr düşünən düşmənlərimizə görə. Dostlarımız da var, onların da üzülməməsi üçün bu komandanı durdurmaq lazımdır.
Komandamı? 90 dəqiqədə bir normal hücum belə qurmayan 10 nəfərə komanda demək olarmı? Dörd gün əvvəldən İslandiyaya getmişdilər, guya 4 saatlıq saat fərqinə alışsınlar deyə. Meydanda Bakı vaxtilə “yatmışdlar”. Bu millidə nə baş verdiyini demək çətindir, ən əsası heç bir məsuliyyət hiss olunmur. Yəni heç rayon komandası belə bu cür səviyyəsiz oynamır. Bu komanda qrupdakı digər rəqibi Fransaya necə müqavimət göstərə bilər?
Nə isə. Yazdıqca, adamı soyuq tər basır. Belə komandanın sonu yoxdur. Santuş(son) adı isə yaraşdı...
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ