İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizinin açılmasına bir addım qalır - ilginc açıqlamalar

Rusiyanın baş nazir müavini hesab edir ki, Azərbaycandan Ermənistana və eləcə də əks istiqamətə gediş-gəlişdə pasport nəzarəti olacaq

Nəqliyyat və kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupunun Moskvada keçirilən son iclasından sonra maraqlıdır ki, mediaya heç bir açıqlama verilmədi. Ardınca Rusiya baş nazirinin müavini, nəqliyyat və kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun həmsədri Aleksey Overçuk ötən həftə Ermənistana yollandı.

“Yeni Müsavat” yada salır ki, səfəri və kommunikasiyaların açılması baradə danışıqların hazırkı səviyyəsi barədə “Rossiyskaya qazeta”ya geniş müsahibəsində baş nazir müavini maraqlı açıqlamaları ilə diqqət çəkib. Məsələn, Overçuka görə, Ermənistan yaxşı bilir ki, ölkənin gələcək iqtisadi inkişafını nəqliyyat blokadası əngəlləyir və “bu gün onun aradan qaldırılmasına bir addım qalıb”. O deyib ki, Ermənistanın inkişafı yalnız nəqliyyat blokadasından çıxdıqdan sonra mümkündür: “Ermənistan yaxşı bilir ki, ölkənin gələcək iqtisadi inkişafını nəqliyyat blokadası əngəlləyir. Bu gün onun aradan qaldırılmasına bir addım qalıb”.

Overçukun müsahibəsində ən diqqətçəkən məqamlardan biri Ermənistanla Azərbaycan arasında gediş-gəlişlə bağlı mümkün razılaşmalardır. O qeyd edib ki, Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana getmək və geri qayıtmaq imkanı olacaq. “Prinsip belədir: yol üzərində suverenliyi yol ərazisindən keçən ölkə həyata keçirir. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur, əgər Azərbaycan ərazisindən keçirsə, onda Azərbaycanın yoludur”.

Overçuk “lakin yolların açılması və ya tikintisi, eləcə də bu yollarla hərəkət yalnız tərəflər arasında sərhədin hüquqi rejimini müəyyən etdikdən sonra mümkündür”, -  deyə bildirib. İşçi Qrupunun həmsədri deyib ki, kommunikasiyaların açılması üç ölkə liderinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında öz əksini tapıb. “Bu o deməkdir ki, üçtərəfli İşçi Qrupun danışıqlarında hər hansı bir şəkildə tərəflərin suverenliyini pozan heç bir "ərazidənkənar" dəhlizdən söhbət getmir və gedə də bilməz. Praktikada bu prinsipin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokdan çıxarılmış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri olacaq. Məsələn, İrandan Ermənistana daxil olarkən aparılan qayda ilə eyni olacaq. Eynilə, Ermənistandan Azərbaycana girişdə pasport nəzarəti olacaq".

Bundan əlavə, onun sözlərinə görə, tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq avtomobil yollarından istifadəyə görə haqqın ödənilməsi, o cümlədən bir ölkənin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin digər ölkənin ərazisindən keçməsinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilir: “Danışıqlar o zaman başa çatacaq ki, bütün hüquqi aspektlər nəzərə alınsın, heç nə unudulmasın və heç kim əldə olunan nəticəni qarşı tərəf üzərində qələbə kimi şərh etməsin”. O, həmçinin vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün faydalıdır: “Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı olacaq. Ermənistan isə vətəndaşlarının Azərbaycan ərazisindən keçməklə nəqliyyat vasitələrini və yüklərini Rusiya, İran, Orta Asiya və geriyə sərbəst şəkildə hərəkət etdirmək imkanı əldə edə biləcək. Və bu, qarşılıqlı hərəkatdır, ticarət və insani əlaqələrin inkişafı, dediyim kimi, nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlayacaq. Biz bunun üçün çalışırıq”.

Əslində Overçukun açıqlaması danışıqlarla bağlı bəzi ipucları verir: Ermənistanın blokadadan çıxmasının yolu həm də Zəngəzur dəhlizi razılaşmasından keçir və nazir müavini ümumi razılaşmaya “bir addım qalmasından” danışır. Paşinyanın son açıqlamaları bu optimizmə əsas verməsə də, Rusiyanın  maraqları onu tələb edir ki, regionda nəqliyyat və kommunikasiya əlaqələri şaxələndirilsin. Razılaşmanın heç bir tərəfin qələbəsi kimi təqdim edilməməsi barədə dedikləri də maraq doğurur, o cümlədən, yollara nəzarətlə bağlı deyilənlər də... O deməkdir ki, yeni yola tam nəzarət Azərbaycana keçəcək, ya da sülhməramlılar gedənədək onlarla birgə nəzarət ediləcək.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Bakının tələbi var - Ermənistanla Xankəndini birləşdirən yeni yolda hansı nəzarət-keçid rejimi olacaqsa, eynisi Ermənistana gedən yolda olmalıdır: “Əgər Naxçıvana gedən yolda ermənilər nəzarət məntəqələri qoyacaqsa, eynisi Qarabağ ərazisində avtomobillərə, yüklərə şamil olunacaq. Sadəcə, bu açıqlamadan məlum olmur ki, pasport nəzarətini kim həyata keçirəcək - ruslar, yoxsa Ermənistanın müvafiq orqanları... Bax, buna aydınlıq gətirilmir. Halbuki pasport yoxlanışı qəribə deyil, dünyanın bir çox ölkələri bir-birinə qarşı bunu tətbiq edir, sadəcə, təhlükəsizlik necə həllini tapacaq, əsas məsələ budur. Yəni Ermənistan sərhəd xidməti olacaqsa, onlar istədiyi vətəndaşı buraxacaqlarsa, istədiyini buraxmayacaqsa, o zaman eyni yanaşma Laçına alternativ yeni yolda tətbiq edilməlidir”.

N.Cəfərli istisna etmir ki, Rusiya həm Qarabağla Ermənistanı birləşdirən yola, həm Zəngəzur dəhlizinə gediş-gəlişə nəzarəti həyata keçirmək arzusundadır: “Lakin bunun bizim üçün təhlükəli tərəfləri var. Çünki o zaman bütün yüklərin daşınmasına nəzarəti Rusiyaya etibar etməli olacağıq. Üstəlik, Qarabağ müharibəsində qələbə başa çatmasına baxmayaraq, oradakı qondarma rejimdə hələ də silahlılar var. Deməli, onlara güvənmək olmaz. Sadəcə, Rusiya çoxgedişli kombinasiya edir ki, hər iki yola nəzarəti özü təşkil etsin. Əslində Zəngəzur koridoru problemi Ermənistanla Azərbaycan yox, Ermənistan-Rusiya arasındadır. İrəvan nəzarət mexanizmindən məhrum olmaq istəmir. Hətta İranla Ermənistan sərhədində də ruslar söz sahibi ola bilər. Bunu da istəmirlər. Rusiya isə sanksiyalar dövründə kommunikasiya xətlərindən istifadə etmək niyyətindədir. Ancaq  o demək deyil ki, Kreml böyük sülh müqaviləsinin bağlanmasında maraqlıdır”.

FUAD ƏLİYEV namizədləri DEBATa dəvət etdi - VİDEO

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev isə Overçukun açıqlamasını iki cür oxumağı təklif edir. Partiya sədrinin fikrincə, əvvəla, Rusiya nəqliyyat-kommunikasiya sisteminin bərpasına tələsir: “Üçtərəfli sazişin digər razılaşmalarının icrası xeyli gecikə bilər, amma Moskva nəqliyyatın işə düşməsində maraqlıdır. Bu, bölgədə iqtisadi dirçəlişə xidmət edəcək. Lakin Ermənistanı dəstəkləyən xarici qüvvələr Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir. İrəvan da onlara arxayınlaşıb dirəniş göstərir. Ancaq Overçuk prosesin bir addımlığında olduğumuzu deməklə mesaj verir ki, reallaşmasına az qalıb. Pasport yoxlanışı, avtomobillərin yollardan istifadəsinə görə haqqın ödənilməsi haqda söylədikləri isə anlaşılmazdır. Əgər Ermənistanın istədiyi kimi olacaqsa, erməni gömrüyü Naxçıvana gedərkən bizi yoxlayacaqsa, onda Xankəndidən Ermənistana gediş-gəliş yoluna tam nəzarət etməliyik, gömrük xidmətimiz orada olmalıdır, sərhədçilər də yoxlamalıdırlar. Necə ki Gorus yolunda rüsum alırıq, eynisini Qarabağda etmək mümkündür. Hərçənd Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin olunması razılaşdırılıb”. F.Əliyevin sözlərinə görə, Rusiyanın hədəfi bütün yollara nəzarəti ələ keçirməkdir, buna nail olmağa çalışır: “Biz Zəngəzur dəhlizinin açılması üçün məcburetmə əməliyyatını da etmişik, masada da mövqeyimiz dəyişməyib. Amma pasport yoxlanışı, rüsum ödənişi olacağı təqdirdə Qarabağda vəziyyət dəyişəcək. Biz erməniyə dəhliz verək, bunlar isə Naxçıvana pasportla yoxlayıb buraxsınlar. Eyni zamanda yola nəzarəti ermənilər həyata keçirməməlidir. O zaman müxtəlif insidentlər, problemlər meydana çıxa bilər. Fikrimcə, olduqca mürəkkəb prosesdir və bölgəyə sülhün gəlişi üçün bu mühüm addımlar tezliklə atılmalıdır. Əgər kommunikasiyalar açılsa, sərhəddə erməni təxribatları, sərhəd münaqişələri də indiki qədər baş verməz. Ermənistan bilməlidir ki, bu xətlərin bərpası onun iqtisadiyyatına pul gətirəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR