İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ

Polkovnik-leytenant Aydın Abbasov 1988-1992-ci illərdə Şuşa türməsinin rəisi vəzifəsində çalışıb. Hazırda o təqaüddədir.

Musavat.com-un əməkdaşı sabiq türmə rəisi ilə söhbətləşib.

-Aydın müəllim, ilk olaraq sizin türmə rəisi işlədiyiniz dönəmə qayıdaq. Necə oldu ki, bu vəzifəyə gəldiniz?

- Mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Həmçinin Xankəndi Pedaqoji İnstitutunda fizika-riyaziyyat ixtisası üzrə təhsil almışam. Hətta bir müddət müəllim kimi fəaliyyət göstərmişəm. Rayon partiya komitəsi tərəfindən əvvəlcə Şuşa türməsinə rəis mavini, daha sonra isə rəis təyin olunmuşam. Ermənilər bu təyinatı qəbul etmirdilər. Deyirdilər ki, bu vəzifədə ya erməni, ya da Moskvanın adamları olmalıdır. Əgər azərbaycanlı olsa, erməni məhkumlara işgəncə verəcək.

Beləliklə, iki nəfər mənə nəzarət edəcəkdi. Bunlardan biri ittifaq prokurorluğunun nümayəndəsi, digəri isə Moskvanın Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nümayəndəsi idi. Onlar bir aydan bir ezamiyyətə gəlirdilər və bir-birini əvəzləyirdilər. Bundan əlavə Moskvanın daxili qoşunlarının əsgərləri də bizim nəzarətçilərə nəzarət edəcəkdi. Biz bu qayda ilə fəaliyyət göstərdik.

Moskvadan gələn daxili qoşunların nəzarətçilərinin Xankəndidə məhkum ermənilərin ailələri ilə qeyri-qanuni əlaqə yaratdığını və onlara pul müqabilində məlumatların çatdırıldığını aşkarladıq.

Hətta nəzarətçilərin özlərini tanıtmaq üçün saqqal, bığ saxladıqlarını da öyrəndim. Ondan sonra həmin nəzarətçilərin birini də içəri buraxmadım. Təbii olaraq, bu böyük rezonans yaratdı. İşlə əlaqədar məni Xankəndinə çağırdılar.

Moskvanın nümayəndələrinə məsələni açıb dedim və bu məsələdə qətiyyət göstərdim.

Həmin hadisələr zamanı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bir dəstə adamla üstümüzə gəlmişdi ki, guya biz erməni məhkumları incidirik və buna görə də türmədə yoxlama aparmaq istəyir. Onu və yanındakıları qəti şəkildə içəri buraxmadım.

Dedim, prokuror nəzarət edir, ancaq o, içəri girə bilər.

Xaçaturov adlı erməni polis idarəsinin rəisi və prokuroru içəri buraxdım. Onlar özləri də şahid oldular ki, azərbaycanlılarla ermənilər eyni otaqda cəza çəkirlər, heç bir işgəncə yoxdur. Bununla da sakitləşib getdilər.

- Müharibə zamanı azərbaycanlı məhkumların taleyi necə oldu? Onları çıxara bildinizmi?

- Müharibə ərəfəsində biz məhkumları hissə-hissə çıxarırdıq. Çünki elə vaxtı idi ki, azərbaycanlı məhkumların orada saxlanılması onların həyatları üçün ciddi təhlükə yaradırdı. Lakin ermənilər Şuşaya hücum edəndə orada ruslar və azərbaycanlılardan ibarət çoxlu məhkum var idi. Ermənilər isə öz məhbuslarını çoxdan aparmışdılar.

Biz qərara gəldik ki, məhbuslarla birgə döyüşə-döyüşə Şuşadan çıxaq. Ona görə də nəzarətçilərlə birgə onlara da silah verdik.

Mən şəxsi heyəti, lazım olan sənədləşməni və məhkumları götürüb Şuşa türməsini tərk etdim. Məhkumlara tapşırdım ki, döyüşə-döyüşə gedirik və sağ qalanlar Bakıda gəlib təslim olsunlar. Mamed Paşayev adlı bir nəfər məhkumumuz yaralandı.

Laçında isə Ukraynalı hərbçini bizimkilər erməni bilib vurdular. Onların hamısı Bakıda gəlib özlərini təqdim etdilər. Yaxşı döyüşənlərin həbs müddəti yarıya qədər endirildi, cəza müddəti az qalanlar isə azad olundu. Amma indi bir çoxunun taleyindən xəbərsizəm.

- Keçmiş məhkumlardan hansıları ilə əlaqəniz var?

-Bir neçəsi ilə əlaqəm var. Mamed Paşayev indi Şamaxıda yaşayır, əlaqəm var.

-Şuşa azad olunandan sonra onlardan hansısa biri gəlib Şuşa həbsxanasına baş çəkibmi?

- Gəlib baş çəkələr olub. Tik-tokda videoya rast gəldim. Hansısa bir dustaq türmədə gəzir və deyir: “bir vaxtı dustaq idim, amma indi nəzarətçilər gəzən yerdə gəzirəm”.

-Şuşa türməsinin vəziyyətindən danışaq. Muzeyə çevriləcəkdi, işlər nə yerdədir?

-Türməni pis günə qoyublar. Qapısı açıq qalıb deyə Şuşaya gələn turistlər içərini dağıdıb. Çox pis vəziyyətə salıblar. Qoruğa tapşırdım ki, qapıları bağlı saxlasınlar.

Anbarda olan rəflər sökülüb, çıxarılıb. Kameralardakı çarpayılar dağıdılıb. Sözlə deyiləsi deyil. İtalyanlar həbsxananın muzeyə çevrilməsi ilə məşğuldurlar. İşlər davam edir. Eskizlər hazırlayırlar, layihələr işləyirlər. Orada əlavə tikintilər var, onu sökürlər. Türmənin əsas binası qalacaq.

- Bir zamanlar əyləşdiyiniz otağınız dururmu?

-Durur, məndən sonra dəyişikliklər olub, amma inzibati korpus yerindədir.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR