İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunan nazirin gözlənilən Bakı səfəri: masada Ankara-Afina gərginliyi də var 

Kostas Skrekasın Azərbaycana üz tutması iqtisadi danışıqlar fonunda yeni siyasi proseslərin başlanmasına təkan kimi qiymətləndirilir

Yunanıstanın energetika naziri Kostas Skrekasın Azərbaycana səfəri gözlənilir. Oktyabrın 18-nə planlaşdırılan səfər zamanı yunan nazirin Bakıda bir sıra vacib görüşlər keçirəcəyi bildirilir. Danışıqların əsas mövzusunun təbii qaz təchizatı haqda olacağı ehtimal edilir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin qaz problemini həll etmək üçün Azərbaycana yaxınlığı diqqətdən qaçmır. Bu mənada Yunanıstan rəsmisinin Bakıya üz tutması iqtisadi danışıqlar fonunda yeni siyasi proseslərin başlanmasına təkan kimi qiymətləndirilir.

Sentyabrın 27-də Ermənistana dəstəyini ifadə etmək üçün İrəvana səfər edən bu ölkənin xarici işlər naziri Nikos Dendias  “siyasi xəritəni yenidən cızmaq istəyən ölkələrə aydın siqnal göndərmək istəyirəm. Mesajım budur ki, bu cür siyasət iflasa uğrayacaq”, - deyə bildirib. Erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra baş nazir Nikol Paşinyanla görüşüb və bundan sonra sosial şəbəkələrdə yazıb: “Mən bir daha Yunanıstanın Ermənistanla tam həmrəyliyini vurğuladım”.

Azərbaycana dost və strateji müttəfiq olan Türkiyənin Yunanıstanla münasibətləri xeyli gərginləşib. ABŞ-ın siyasi və hərbi dəstəyinə güvənən Afina Egey dənizindəki mübahisəli adalara silahlı qüvvələrini dislokasiyasına qərar verməsi vəziyyəti daha da gərginləşdirib. Türkiyə Yunanıstanın hərəkətlərini onun təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir. İndi yunan nazirin Bakıya səfəri qaza artan tələbatla birbaşa bağlı olsa da, bu həm də Afinanın regionda balanslaşdırma siyasətində də maraqlı olduğunu göstərir.

Amma Bakının Ankara və Afinanın münasibətlərini uzlaşdırmasına da dəstək verdiyi şübhə doğurmur. Azərbaycanın Türkiyə-Rusiya, İsrail-Türkiyə münasibətlərinin bərpasında olduğu kimi, Ankara və Afina arasında barışcıl mövqedən çıxış etməsi gözlənilir. Bəzi iddialara görə, Yunanıstanla Türkiyə arasındakı gərginlik yunan nazirin Bakıya səfəri zamanı danışıq predmeti olacaq.

Yunan nazirin Bakıya səfəri həm də Afinanın regionda balanslaşdırma siyasətində maraqlı olduğunumu göstərir? Azərbaycanın Ankara və Afina arasında da vasitəçiliyi uğurlu ola bilərmi?

Deputat Azər Badamov – “Buraxılış imtahanları yenidən keçirilsin”

Azər Badamov

YAP-çı deputat Azər Badamov Türkiyə ilə Yunanıstan arasındakı gərgin münasibətlərin aradan qaldırılmasında Azərbaycanın imkanlarından söz açdı: “Prezident İlham Əliyev beynəlxalq siyasətin qrossmeysteri imicini qazanmış, dünyada böyük nüfuza malik dövlət başçısıdır. Ölkə başçımızın siyasətinin təməlində ədalət, beynəlxalq hüquq və qarşılıqlı hörmət ilk yerdə dayanır. Bu gün Ankara-Afina münasibətləri də heç də yaxşı dövrünü yaşamır. ABŞ-ın dəstəyinə güvənərək Yunanıstanın silahlı qüvvələrinin Egey dənizində mübahisəli adalarda dislokasiyasına qərar veriləndən və Türkiyənin  Aralıq dənizində kəşfiyyat işlərinə başlamasından sonra münasibətlər daha da gərginləşib. Hətta bu münasibətlər hərbi qarşıdurma səviyyəsinə də çatıb. Bütün baş verənlərə rəğmən Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə təyin olunmuş yeni səfirinin etimadnaməsini qəbul edən zaman açıq şəkildə Türkiyənin bizim qardaşımız olduğunu və hər zaman onların yanında olacağımızı bildirib. Yunanıstan da öz növbəsində Ermənistana açıq şəkildə öz dəstəyini ifadə edir və XİN başçısının İrəvana səfəri zamanı "siyasi xəritəni yenidən cızmaq istəyən ölkələrə aydın siqnal göndərmək istəyirəm və bu cür siyasət iflasa uğrayacaq" deməsi İrəvanı bir az da ruhlandırıb. Amma Yunanıstanın XİN yəqin ki, Azərbaycanın məqsədi siyasi xəritəni yenidən cızmaq yox, əksinə, beynəlxalq səviyyədə tanınmış ərazilərin xəritəsinin bərpasını istədiyini bilmir. Oktyabrın 18-də Yunanıstanın energetika naziri Kostas Skrekasın Azərbaycana səfəri və bir sıra vacib görüşlərin keçiriləcəyi gözlənilir. Səfərin məqsədi Avropaya nəql olunan təbii qazın həcmləri ilə bağlı müzakirələrin olacağı gözlənilən olsa da, həm də Afinanın regionda balanslaşdırma siyasətində maraqlı olduğunu nümayiş etdirmək niyyətində olacağını hesab edirəm. Təbii ki, müharibələr və toqquşmalar regiona müsbət heç nə vəd etmir. Ona görə də dövlət rəhbərləri və siyasətçilərin mübahisəli məsələləri danışıqlar masası üzərində həll etməyin zamanı gəlib. O cümlədən Azərbaycanın təşəbbüsü ilə Ankara və Afina arasında münasibətlərin də normallaşmaya doğru gedəcəyini düşünürəm. Bütün siyasi böhranların tənzimlənməsində iqtisadi imkanlar əsas rol oynayır. Azərbaycan öz iqtisadi imkanları ilə beynəlxalq siyasətdə həlledici rol qazanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkiyə-Rusiya, İsrail-Türkiyə münasibətləri normallaşmaya doğru gedib. Hesab edirəm ki, ölkəmiz Ankara və Afina arasında münasibətlərin normallaşdırılmasında əsas vasitəçi ola bilər".

Paşinyan Rusiyadan xilas olmaq istəyir” » "Dünya" informasiya agentliyi

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Avropanın yanacağa olan ehtiyacının durmadan artdığını önə çəkdi: “Azərbaycan Türkiyə ilə qardaşdır. Həm də dünyanın aparıcı dövlətləri ilə tərəfdaşdır. Xarici siyasətində geosiyasi, təbii ehtiyatlar amilindən məharətlə istifadə edir. Yunanlar da Avropanın bir hissəsidir. Avropaya isə bu gün alternativ yanacaq resursları lazımdır. Belə bir ortamda yunanlara biz deyirik ki, gəl görüm nə deyirdin. Burada həm də ola bilər ki, vasitəçilik də edirik. Zatən biz Türkiyə üçün dəfələrlə vasitəçi olduq, Rusiya təyyarəsi vurulanda da, İsrail məsələsində də. Hesab edirəm ki, bu fəaliyyətlər qardaş Türkiyə ilə koordinasiya edilir”.

Ermənistan tərəfi hələ ki prosesləri pozur”

 Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Yunanıstanın iki qardaş ölkəyə münasibətdə ədalətli mövqe nümayiş etdirməsinin ilk növbədə, özünə xeyrinin olduğunu söylədi: “Azərbaycanla Yunanıstan arasında siyasi münasibətlər Afinanın tutduğu mövqeyindən asılı olub. Həm Türkiyəyə, həm də Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi Yunanıstanla Azərbaycan arasında siyasi əlaqələrin soyuq olmasına yol açıb. Regionda siyasi dəyişikliklər və enerji sahəsində Avropada məlum böhran Yunanıstanın Azərbaycanla əlaqələrini inikişaf etdirməsinə hesablanıb. Prezident İlham Əliyevin ötən həftə Bolqarıstan səfərində Yunanıstanın baş naziri ilə ikitərəfli görüşündə düşünürəm ki, müəyyən razılaşma olub. Onun nəticəsidir ki, yunan nazir Azərbaycana səfərə gəlir. Yunanıstan Azərbaycandan qaz almağı planlayır. Və Türkiyə ilə əlaqələrin normallaşdırılması istiqamətində Azərbaycanın vasitəçiliyinə ümid edir. Qeyd edim ki, Yunanıstan Azərbaycanla siyasi və enerji əlaqələrini inkişaf etdirmək istəyirsə, ilk növbədə Ermənistana dəstək verməməli, hərbi təlimatçılar göndərməməlidir. Azərbaycan bunu tələb etməlidir. Həmçinin Türkiyə ilə yaşanan siyasi-hərbi böhran fonunda vasitəçi ola bilər. İlk növbədə Yunanıstan konstruktiv mövqe ortaya qoymalı və Türkiyəyə qarşı cəbhədə yer almamalıdır. Belə olan təqdirdə vasitəçilik müsbət nəticələnə bilər. Bu gün Afinanın Ermənistanla təmasları və verdiyi açıqlamalar regionda birtərəfli şəkildə sülhə qarşı olmaqdır. Ona görə də belə balans siyasətini Azərbaycan qəbul etməməlidir. İlk növbədə Yunanıstan ədalətli mövqe ortaya qoymalıdır. Hazırda Yunanıstanın mavi yanacağa olan tələbatını Azərbaycan ödəməlidir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR