İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei “İsraili MƏHV edəcəyik” dedi, MOSSAD “Səni namazda öldürəcəyik!” mesajı verdi - CANLI

Yaxın Şərq cəbhəsində gərginlik qalır. “Allah qoysa, İsraili məhv edəcəyik”. İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün Tehranda keçirilən cümə namazından sonra çıxış edərkən deyib. Xamenei İranın İsrailin istənilən hərəkətinə tam qətiyyətlə cavab verəcəyini bəyan edib.

"İsrail Amerikanın regionun bütün torpaqlarını və resurslarını ələ keçirməsi üçün sadəcə bir vasitədir. Sionist rejim hətta Amerikanın dəstəyi ilə də sağ qalmayacaq. Sionist rejim heç vaxt Həmas və Hizbullah üzərində qalib gəlməyəcək. İsrailə vurulan hər bir zərbə bütün bəşəriyyətə xidmətdir", - deyə o, bildirib.

Ali rəhbər “Hizbullah”-a və HƏMAS üzvlərinə müraciət edərək onları mübarizəni davam etdirməyə və ümidsizliyə qapılmamağa çağırıb. “Region ölkələri sülh və əmin-amanlıq üçün çalışırlar, yeganə problem xarici müdaxilədir.

Fələstinlilərin və livanlıların cihadı sionist varlığı 70 il geriyə apardı. ABŞ-nin köməyi ilə sionist varlıq bir neçə min mücahidin hücumu ilə darmadağın edildi”, - Xamenei bildirib.

Dini rəhbər əlavə edib ki, “Əl-Əqsa tufanı” (2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən İsrailə hücumu nəzərdə tutulur və bu zaman 1200-ə yaxın israilli həlak olub) mübarizənin avanqardı şəhid Həsən Nəsrullahın bütün bölgəyə xidmət edən ədalətli mübarizəsi idi.

“HƏMAS” və “Hizbullah” liderlərinin öldürülməsinə İsrailin reaksiyasını nəzərdə tutan Xamenei onları “tələsməməyə və vəziyyəti diqqətlə öyrənməyə” çağırıb. Onun sözlərinə görə, çərşənbə axşamı İsrailə raket hücumu sionistlər üçün ən minimal cəza idi.
“Biz istənilən təcavüzə sərt cavab verəcəyik", - qeyd edib. İranın ali dini lideri Əli Xamnei son 5 ildə ilk dəfə Tehranda xütbə oxuyub.

İranın dini rəhbəri Əli Xameneinin bu gün cümə namazında çıxışının planlaşdırılması səbəbindən paytaxt Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib. Yerli sosial media platformalarında paylaşımlar edilib. Bildirilib ki, polis qüvvələri ilə yanaşı, xüsusi təyinatlılar və mülki geyimli təhlükəsizlik məmurlarının da sayı artırılıb. "Cümə namazı qılınacaq bölgəyə aparan bütün yollarda postlar qurulub, hökumət qüvvələri səfərbər edilib və partlayıcı aşkarlayan itlər cəlb edilib", - məlumatlarda vurğulanıb. Qeyd edək ki, Əli Xamenei sonuncu dəfə 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsindən sonra cümə namazında iştirak və çıxış edib.

Bugünkü iştirak isə Xameneinin 35 illik rəhbərliyi dövründə cümə namazında 42-ci iştirak və çıxışı olacaq. MOSSAD Xameneini bugünkü cümə namazının "sonuncu" olacağı ilə bağlı təhdid edib.

Bu arada, Ukrayna böhranı da davam edir. Rusiya müdafiə naziri Andrey Belausov Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin Silahlı Qüvvələr tərəfindən nəzarətə götürülməsini Prezident Vladimir Putinə məruzə edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Rusiya MN oktyabrın 3-də Uqledar şəhərinin nəzarətə götürüldüyü açıqlayıb. Bildirilib ki, “Vostok” qoşun qruplaşmasının bölmələrinin qətiyyətli fəaliyyəti nəticəsində Donetskin Uqledar şəhəri ələ keçirilib.

Uqledar Ukrayna Silahlı Qüvvələrinin Yujnodonetsk istiqamətində sonuncu əsas dayaq məntəqəsi olub. Bu məntəqənin itirilməsi nəticəsində Rusiya qoşunları Zaporojye vilayəti ilə sərhəddə yerləşən Velikaya Novoselka və Ukrayna qoşunlarının güclü müdafiə xətləri ilə təchiz etdiyi Kuraxovo istiqamətində irəliləyə biləcəklər.

Bundan əlavə, Uqledarın ələ keçirilməsi Donetsk-Mariupol avtomobil yolununun təhlükəsizliyini tam təmin edib və Volnovaxanı zərbə hədəfindən uzaqlaşdırıb. Ukrayna Silahlı Qüvvələri Kurskda rus ordusuna məxsus hərbi texnikaları məhv edib.
Ukrayna ordusu Fransa və Almaniyaya məxsus KNDS qrupundan “Sezar” özüyeriyən artilleriya qurğularının böyük partiyasını alacaq. Fransanın müdafiə naziri Sebastiyan Lekornu X səhifəsində bildirib.

“Kiyevdə keçirilən sənaye forumu çərçivəsində KNDS Ukraynaya 12 “Sezar” özüyeriyən silahın tədarükü üçün müqavilə imzalayıb”, - məlumatda deyilir. Qeyd olunur ki, tədarükün maliyyələşdirilməsi Ukrayna hesabına həyata keçirilir.
Lekornu əlavə edib ki, saziş Fransanın Ukraynanın müdafiə qabiliyyətinin artırılması səylərinin bir hissəsidir və Rusiyanın təcavüzünə qarşı mübarizədə Kiyevə dəstək məqsədi daşıyır.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla gündəmi dəyərləndirir.


https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR