İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank faizləri saxladı, neft-qaz qiyməti üzrə proqnozunu dəyişdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti səkkizinci dəfə uçot dərəcəsini 7.25 faiz, faiz dəhlizinin aşağı həddini 6.25 faiz, faiz dəhlizinin yuxarı həddini isə 8.25 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Tənzimləyicinin verdiyi açıqlamaya əsasən faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

Qərar açıqlanarkən Mərkəzi Bankın rəhbəri Taleh Kazımov faizlərdə dəyişiklik edilməməsinin səbəbinin qlobal qeyri-müəyyənliklər olduğunu deyib: “Aprel-mart aylarında beynəlxalq aləmdə baş verən hadisələr olmasaydı, biz yəqin ki, yumşalma istiqamətində qərar qəbul edəcəkdik, faizlər aşağı düşsün. Yenə də biz gözləmə mövqeyində qalmaq barədə qərar qəbul etdik”.

AMB bildirir ki, ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib: 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5.9 faiz olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır. Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6.5 faiz, qeyri-ərzaq malları üzrə 2.8 faiz, xidmətlər üzrə isə 7.5 faiz təşkil edib. İllik baza inflyasiya isə 4.5 faiz olub: “Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2.7 faiz azalıb, illik isə 2.6 faiz artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9.6 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1.8 faiz möhkəmlənib.

Tənzimləyiciyə görə, xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin I rübündə xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Son qiymətləndirmələrə görə də 2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır: “Ötən iclasdan bəri inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədardır. Ticarət müharibələrinin miqyasının böyüməsi və geosiyasi gərginliyin davam etməsi beynəlxalq əmtəə bazarlarında qiymətlərin dəyişkənliyini daha da artırır. Qarşılıqlı tarif artımları qlobal ticarəti zəiflətməklə yanaşı maliyyə bazarlarında da qeyri-sabitlik riskini yüksəldir. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim diqqətdə saxlanılır. Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir”.

Mərkəzi Bank eyni zamanda neft və qazın orta qiyməti üzrə proqnozlarını azaldıb. Tənzimləyici 2025-ci il üzrə neftin orta qiymətinin 70 dollardan artıq olacağını proqnozlaşdırır: “Mərkəzi Bankın bununla bağlı iyun proqnozu isə daha dəqiq olacaq. Həmçinin təbii qazın orta qiymətini isə bu il üzrə 304 dollar proqnozlaşdırmışıq”.

T.Kazımov hesab edir ki, Azərbaycanda kredit faizlərinin artımı əsasən bazarda faizlərin yüksəlməsi ilə bağlıdır: ""Banklar "yastıqaltı" vəsaitləri cəlb etmək üçün depozit faizlərini qaldırdılar. Depozitlərin faiz dərəcələrinin artımı kreditləri cüzi də olsa bahalaşdırıb. Ancaq artan faiz şəraitində kreditləşməmiz azalmayıb, əksinə, illik əsasda kredit portfelimiz 18.7 faiz artıb".

Baş bankirin fikrincə, Azərbaycanda bankların marjaları çox yüksəkdir: “Banklar kredit portfellərini artıraraq daha aşağı marja şəraitində işləməyi öyrənməlidirlər. Bu istiqamətdə banklarla çalışırıq. Həmçinin görürsünüz, hökumət hesabında olan qalıq vəsaitin sektora buraxılması banklara likvidliklə bağlı vəziyyəti proqnozlaşdırmağa şərait yaradır və qabaqlayıcı faizlər tətbiq etməyə ehtiyac qalmır. Bizim gözləntimiz kredit faizlərinin artması yönündə deyil, bankların marjalarına daha effektiv yanaşması yönündədir”.

 T.Kazımovun sözlərinə görə, valyuta hərraclarının keçirilməsi Dövlət Neft Fondunun (ARDNF) transfertlərinin həyata keçirilməsi ilə bağlıdır, çünki  hər ilin sonunda ARDNF-in dövlət büdcəsinə transfertinin həcmi təsdiq edilir: “Bu məbləğin manat şəklində ödənilməsi üçün ARDNF sərəncamında olan valyuta ehtiyatlarının satışını həyata keçirərək vəsaitləri manatla büdcəyə köçürməlidir. Bu transfertin həyata keçirilməsi üçün ARDNF birbaşa özü bazara çıxmaqla valyuta vəsaitləri sata bilər. Həm şəffaflığın, həm də prosesin idarə edilməsi üçün Mərkəzi Bank agent qismində bu prosesdə çıxış edir. Yəni həmin valyutanı bazara hərrac vasitəsilə satır. Həmin hərracda ölkədə fəaliyyət göstərən banklar iştirak edir. Məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi halda bu hərrac məlumatlarının yayılmasının səbəbini görə bilmirik. Həftə ərzində 2 dəfə hərrac keçirilir və həmin hərracların nəticələri dəyişkən olur. Hər dəfə bu dəyişikliklər baş verdikdə qalmaqala səbəb olur. Biz ona görə qərara gəldik ki, hərraclar transfertlərin həyata keçirilməsi üçün təşkil edildiyini nəzərə alaraq, bu nəticələr açıqlanmasın. Həm məzənnə sabit qalırsa, həm də tələb tam ödənilirsə, bu məlumat təhlillər üçün kifayət etmir”.

DÜNYA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR