İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçiliyə görə baş verən qətllə bağlı müəmma - Sabiq hakim və işə baxan hakimə ağır ittihamlar

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rüfət Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Musavat.com xəbər verir ki, məhkəmə araşdırması hakim Əli Əliyevin sədrliyi keçirilir.

Əvvəlcə qətl hadisəsi haqda...

Hadisə ötən il aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlı elçilik zamanı yaranan mübahisə zəminində öldürülüb. Məlumata görə, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə valideynlərini Cəlilabad rayonuna - sevdiyi qızın ailəsinə elçi göndərib. Lakin elçilik zamanı tərəflər arasında razılıq əldə edilməyib. Bundan sonra Rüfət xəbər göndərərək qızı qaçıracağını bildirib. Qızın ailəsi bundan narahat olub və qohumlar Cəlilabaddan Biləsuvarın kəndinə yola düşərək məsələni müzakirə etmək istəyiblər. Biləsuvara gedən qohumlar arasında qızın yaxın qohumu olan Vüsal İlhamlı da olub. Münaqişə zəminində Rüfət Əlizadə qızın qohumu Vüsal İlhamlıya ürək nahiyəsindən bıçaqla bir zərbə endirib. Ağır xəsarət alan 37 yaşlı şəxs hadisə yerində vəfat edib.

Hazırda işin araşdırılmasından, məhkəmənin gedişatından təqsirləndirilən şəxsin ailəsi narazıdır.

Səbəb isə belədir...

Həbs edilən Rüfətin atası Kərim Əliyev Musavat.com-a müraciətində bildirib ki, oğlunun işinə qərəzli şəkildə baxılır.

“Milli Məclisin 11 aprel 2025-ci il tarixli qərarı ilə bir sıra hakimlər yeni vəzifəyə təyin olunub. Həmin qərardan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev də Şirvan Apelyasiya Məhkəməsinə hakim təyin olunub. Buna baxmayaraq Əli Əliyev hələ də Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğlumun işini səthi formada araşdırır. Bu işi qısa müddətdə yekunlaşdırmağa çalışırlar. İbtidai istintaq zamanı 16 şahid dindirilib. Amma məhkəmədə bu şahidlərin 7-si dindirilib. 9 şahid isə vəkillərin dəfələrlə tələb etməsinə baxmayaraq dindirilməyib. Hətta dindirilməmiş 9 şahidin istintaqdakı ifadələri belə məhkəmədə elan olunmayıb. Hələ məhkəmədə oğlumun ifadəsi belə alınmayıb.

Zərərçəkmiş şəxslər məhkəmədə bizə qarşı söyüş söyür. Hakim buna müdaxilə etmir və oğluma da əsassız şəkildə əsəbləşir, vəkillərə təzyiq edir. Zərərçəkmiş şəxsin hüquqi varisinə oğlumun vəkilindən şikayət etməsini deyib. Bir hakim bunu niyə etməlidir? Əli Əliyevin özü də bizim vəkilimizdən 2 dəfə şikayət edib”.

İşdə sabiq hakimin adı keçir...

Kərim Əliyevin sözlərinə görə, cinayət işində adı keçən şahidlərdən biri Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakimi olmuş Nizami Quliyevin qohumdur:

“Nizami Quliyev zərərçəkmiş şəxslə hadisə yerinə də gedib. Nizami Quliyev hadisədə iştirak edən, mərhumun yanında gələn Tariyel Şixəliyevin doğma dayısıdır. Tariyel Şixəliyev də oğlumun əleyhinə ifadə vermiş bir şəxsdir. Oğluma verilmiş ittihamın əsası Tariyel Şıxəliyevin ifadəsi təşkil edir. Əli Əliyevlə Nizami Quliyev iş yoldaşı olublar”.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR