İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətlərindən Kipr xəyanəti, yoxsa... - Ersin Tatarın köməkçisi danışdı - EKSKLÜZİV

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezident Administrasiyasının əməkdaşı, Prezident Ersin Tatarın köməkçisi Gökhan Güler Musavat.com-un suallarını cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

-Hazırda gündəmin əsas mövzularından biri Mərkəzi Asiya türk respublikalarının Avropa İttifaqı ilə yaxınlaşması və Kipr barədə qərarıdır. Fikrinizcə onları bu qədər sürətli yaxınlaşmağa vadar edən nədir?

- Avropa İttifaqı ilə “strateji tərəfdaşlıq” sənədi imzalayan ölkələr öz vətəndaşlarının və xalqlarının rifah səviyyəsini yüksəltmək istəyirlər. Bu ölkələr malik olduqları hidrokarbon, təbii qaz və qiymətli mədən ehtiyatlarını, eləcə də ixrac etmək istədikləri məhsulları Çin və Rusiya arasında sıxışıb, dəyərindən aşağı qiymətə satmaq əvəzinə, daha rəqabətli bir mühit yaradaraq Qərb bazarlarına çıxarmağa çalışırlar. Bu ölkələr eyni zamanda vətəndaşlarının Avropa ölkələrində sərbəst hərəkət etməsini, konsulluq xidmətlərindən istifadənin və iş imkanlarının artırılmasını istəyirlər. Bunlar başadüşüləndir.

Burada diqqətdən yayınmamalı olan mühüm məqam odur ki, Avropa İttifaqında bu cür qərarlar yekdilliklə qəbul olunur. Buna görə də, Cənubi Kipr administrasiyası türk dövlətlərinin Aİ ilə “strateji tərəfdaşlıq” sazişinə cəmi bir cümləlik bir əlavə edib. Həmin əlavədə Kipr adı keçmir,  BMT-nin 541 və 550 saylı qətnamələrinə sadiq qalınacağı ilə bağlı bir ifadə yer alıb.

BMT-nin bu qətnamələri tövsiyə xarakterlidir. Bu səbəbdən də zəruri şərtlər yarandıqda adıçəkilən ölkələr Şimali Kipr Türk Cümhuriyyəti ilə diplomatik əlaqələrin səviyyəsini artıra və onu tanıya bilərlər.

ŞKTC-nin prezidenti Ersin Tatar Kipr məsələsində mühüm bir paradiqma dəyişikliyinin baş verməsinə nail oldu. 50 il boyunca davam etdirilən və heç bir nəticə əldə olunmadan Crans-Montana görüşləri ilə sona çatan danışıqlardan sonra “iki dövlətli həll vizyonu”nu ortaya qoydu. Suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan iki dövlətin əməkdaşlığını nəzərdə tutan bu yeni, dəyərli həll modeli artıq gündəmdədir.


-Mərkəzi Asiya liderlərini xəyanətdə, Avropa İttifaqından pul alaraq bu qərara imza atmaqda günahlandıranlar oldu. Söhbət Səmərqənd Sammitində Mərkəzi Asiya respublikalarına Aİ-nin ayırmağı planladığı 12 milyard avroluq sərmayə paketindən gedir.

- Səmərqənd şəhərində 3-5 aprel tarixlərində keçirilən zirvədə Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında münasibətlər “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldildi.

Avropa İttifaqında əsas qərarların qəbul olunması prosesi “adi qanunvericilik proseduru” kimi tanınan “ortaq qərar qəbuletmə” mexanizmi əsasında həyata keçirilir. Üzv dövlətlərin həm qərarvermə, həm də veto hüquqları mövcuddur.

Cənubi Kipr administrasiyası, Avropa İttifaqı ilə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın imzaladığı “strateji tərəfdaşlıq” sənədinə veto təhdidi ilə təzyiq göstərərək, BMT-nin 541 və 550 saylı qətnamələrinə sadiqlik ifadə edən bir cümləlik əlavənin sənədə daxil edilməsinə nail oldu.

 Görünür, Cənubi Kipr administrasiyası “Kipr” ifadəsini istifadə etmədən, sadəcə BMT-nin 541 və 550 saylı qətnamələrinə istinadla sənədə edilən bu əlavə ilə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi üzvlərini son anda fakt qarşısında qoyub.

Eyni zamanda Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Cənubi Kiprdə yaşayan vətəndaşlarının diplomatik maraqlarını qorumaq üçün təxminən 30 il əvvəl atdıqları addımlara yenilərini əlavə etmələri də öz milli baxış bucaqlarından başa düşülə bilər. Hər bir ölkə üçün öz milli maraqları önəmlidir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın malik olduqları qaz, qiymətli mədənlər və müxtəlif ixrac məhsullarını Aİ ölkələrinə çıxarmaq istəkləri, eləcə də vətəndaşlarının Avropa İttifaqı ölkələri ilə müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirmək arzusu təbidir. 

-Gələcəkdə həmin ölkələrin Şimali Kipr Türk Cumhuriyyətini tanıması mümkündürmü?

- Türk dövlətləri Cənubi Kiprlə olduğu kimi Şimali Kipr  ilə də oxşar əlaqələri qura bilər. Onların  Avropa İttifaqı ilə “strateji tərəfdaşlıq” sənədinin imzalaması Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərini inkişaf etdirmələrinə hüquqi və ya siyasi baxımdan hər hansı bir maneə yaratmır.

-Bu mövqe gələcəkdə Türk Dövlətləri Təşkilatının güclənməsinin qarşısını ala bilərmi?

- Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi üzvləri olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan, 11 noyabr 2022-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi üzv olaraq qəbul edilməsi qərarını təsdiqləyən ölkələrdir.

BMT-yə üzv olan 193 dövlətdən yalnız Türkiyə Kipr Respublikasını tanımır və adanın təmsilçisi olaraq Şimali Kipr Türk Cümhuriyyətini qəbul edir. Digər 192 dövlət isə rəsmi olaraq yunan Kiprini tanıyır. Bu səbəbdən türk dövlətlərinin bu zirvə sonrası Türkiyəyə xəyanət etmələri ilə bağlı iddialar əsassızdır. Çünki Cənubi Kiprdə səfirlik açmaq istəkləri nə ŞKTC ilə diplomatik münasibətlər qurmağa, nə də gələcəkdə onu tanımağa maneə deyil.

Aİ ilə Mərkəzi Asiya ölkələri arasında imzalanan “strateji tərəfdaşlıq” sənəd Orta Dəhliz vasitəsilə yeni ticarət və enerji yollarının yaradılmasını nəzərdə tutur.  

Bu dəhliz Azərbaycandan başlayaraq, Gürcüstan, Türkiyə üzərindən Avropaya bağlanan nəqliyyat və logistika sistemini ehtiva edir.

-Azərbaycanın dövlət başçısı İlham Əliyev Şimali Kiprə açıq dəstəyini göstərdi, Ersin Tatarla görüşdü. Ölkəmizin bu dəstəyi necə dəyərləndirilir?

- Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Şimali Kiprdə böyük rəğbətlə qarşılanıb. Forum çərçivəsində etdiyi çıxışında İlham Əliyev Cənubi Kiprin  Avropa İttifaqına üzv qəbul edilməsini ədalətsizlik və ikili standartların təzahürü kimi qiymətləndirib.

 Onun “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana və beynəlxalq birlik tərəfindən tanınana qədər onlarlayıq” sözləri Kipr türk xalqı tərəfindən alqışlanıb. Onlar gələcəkdə diplomatik nümayəndəliklərin açılmasını da arzulayırlar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR