İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə müdafiə şirkətləri Latın Amerikasını FƏTH EDİR

Türk müdafiə sənayesi şirkətləri son illərdə sürətlə inkişaf edir və bütün dünyada geniş miqyaslı genişlənməyə can atırlar. Bu şirkətlər hərbi təyinatlı məhsullarını təkcə Avropa kimi inkişaf etmiş və texnoloji cəhətdən güclü bazarlarda deyil, eyni zamanda Asiya, Afrika, Okeaniya və Latın Amerikası kimi yüksələn, lakin perspektivli regionlarda da fəal şəkildə təqdim edirlər.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

Agentliyin yazdığına görə, 2025-ci ilin aprelində Rio-de-Janeyroda keçirilən "Latin America Aerospace and Defence 2025" (LAAD 2025) sərgisi göstərdi ki, Türkiyə şirkətləri Latın Amerikası bazarında ciddi şəkildə möhkəmlənməyə qərarlıdır. Bu regionun ölkələri üçün Ankara həm məhsul çeşidinin genişliyi, həm də münasib qiymətlər baxımından cəlbedici tərəfdaş kimi çıxış edir.

Sərgidə Türkiyənin 24 müdafiə sənayesi şirkəti iştirak edib. Onların pavilyonları sahə baxımından ən böyüklərindən biri olub və çoxsaylı müqavilələrin bağlanması ilə yadda qalıb.

TAI və "Embraer" arasında əməkdaşlıq

Türkiyənin "Turkish Aerospace Industries" (TAI) və Braziliyanın "Embraer" şirkətləri arasında mülki və hərbi təyyarələrin birgə istehsalı, elmi-tədqiqat və təcrübi-konstruktor işləri sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

Məlumata görə, Türkiyə "Embraer"in KC-390 "Millennium" tipli hərbi-nəqliyyat təyyarələrini sifariş etməyi planlaşdırır. Potensial razılaşmalardan biri istehsalın Türkiyədə lokallaşdırılmasını nəzərdə tutur.

Əvəzində isə Braziliya TAI-in iki əsas layihəsinə, beşinci nəsil "Kaan" qırıcı təyyarəsinə və "Hürjet" təlim/döyüş təyyarəsinə qoşula bilər. Qeyd edək ki, "Hürjet" layihəsində Braziliyanın "Akaer" şirkəti artıq iştirak edir.

Bununla belə, Braziliyanın “Kaan” proqramına qoşulması, SAAB və "Embraer" tərəfindən hazırlanmış 36 ədəd "JAS 39 Gripen E/F" təyyarəsinin alışına təsir etməyəcək.

"Bayraktar" dronlarına maraq

Braziliya həmçinin Türkiyənin "Baykar" şirkətindən "Bayraktar TB2", "Kızılelma" və "Akıncı" modellərini almaqda maraqlıdır.

"Tulpar" və "Kaplan-MT": Zirehli texnikaya maraq

Türkiyənin "Otokar" və "FNSS" şirkətləri LAAD 2025-də Braziliya ordusuna zirehli texnika təqdim edib:

  • Tulpar – zirehli döyüş maşını

  • Kaplan-MT – orta çəkili tank

Braziliya ordusu modernləşmə çərçivəsində 50 tona qədər çəkidə zirehli texnika axtarır. Onların əsas tələbi: texnikalar eyni şassi və eyni mühərriklə təchiz edilməlidir. Türkiyənin təklifləri bu şərtləri qarşılayır.

Bundan əlavə, "Leonardo" istehsalı olan "Hitfact Mk.2" 120 mm-lik silah modulu Braziliya üçün önəmlidir. "Otokar"ın "Tulpar" modeli bu sistemlə təchiz edilib, bu da onu daha cəlbedici edir.

Hazırda Braziliya 96 ədəd bu texnikanı sifariş etməyə hazırlaşır, ilkin olaraq 2 sınaq nüsxəsi alınıb.

Həmçinin Braziliya Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları yeni döyüş maşınına ehtiyac duyur, çünki onların mövcud "SK-105A2S Kürassier" tankları tamamilə köhnəlib və istismardan çıxarılır.

Çili ilə dənizdə əməkdaşlıq

Mart ayında Türkiyənin "Havelsan" şirkəti Çili HDQ ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, "Admiral Blanco Encalada" və "Admiral Riveros" freqatları "Advent" döyüş idarəetmə sistemi ilə təchiz ediləcək. Bu layihə 4 il davam edəcək.

Çilinin xarici işlər naziri Alberto van Klaveren Ankarada verdiyi açıqlamada, Türkiyənin bölgədə hərbi təchizat baxımından ən cəlbedici tərəfdaşlardan biri olduğunu bildirib. O qeyd edib ki, Çili ilə Türkiyə arasında sərbəst ticarət sazişi mövcuddur, bu regionda bənzəri yoxdur.

"Aselsan" LAAD 2025 sərgisində məhsullarının geniş spektrini təqdim edib. Şirkət yeni tərəfdaşlarla əməkdaşlıq strategiyası çərçivəsində texnologiyaların ötürülməsi və istehsalın lokallaşdırılmasını təklif edir.

Çilinin Silahlı Qüvvələri ilə "Leopard 2A4" tanklarının idarəetmə sistemlərinin modernizasiyası üzrə müqavilə bağlanıb. Bunun üçün "Aselsan" Santiagoda regional ofis açıb. Həmçinin "Marder 1A3" və "M109 Paladin" texnikalarının da rabitə sistemləri yenilənəcək.

"Aselsan" həmçinin Argentina HDQ-nə "MEKO 360H2" tipli freqatların modernizasiyasını təklif edib. Bu təklif daha səmərəli hesab olunur, çünki yeni gəmilər tikilmədən mövcud gəmilərin xidmət müddəti uzadılacaq.

Şirkət yerli müəssisələrlə əməkdaşlığa da açıqdır və yerli gəmiqayırma müəssisələri ilə rəqabət aparmaq niyyətində deyil.

Eyni zamanda "MEKO 140" korvetləri üçün də modernizasiya imkanları var.

"Aselsan"ın təklifi daha öncə "TCG Oruçreis" freqatında uğurla tətbiq olunub, gəmi 21 yeni sistemlə təchiz edilib.

Şirkət Braziliya, Çili və Peru HDQ ilə də əməkdaşlıq qurmaq istəyir. Braziliya HDQ üçün 11 yeni "NPa500MB" patrul gəmisinin tikintisi planlaşdırılır və "Aselsan" bu layihədə iştirak etməyə hazırdır.

Mühüm raket sazişi

Sərgi çərçivəsində daha bir əhəmiyyətli müqavilə Braziliyanın SIATT və Türkiyənin "Kale Jet Engines" şirkətləri arasında imzalanıb. Saziş "MANSUP-ER" raketləri üçün KTJ 3200 reaktiv mühərriklərinin tədarükünü nəzərdə tutur. Bu saziş Braziliya HDQ üçün böyük irəliləyiş sayılır.

Yeni raketlər "Tamandaré" və "Niterói" sinifli freqatlarda təchiz ediləcək. "MANSUP-ER"in uçuş məsafəsi 200 km olacaq və ilk sınaqları 2026-cı ilin birinci rübündə planlaşdırılıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR