Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 702 838,31 min ABŞ dolları dəyərində 3 055 572,87 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb. Azərbaycanın neft ixracında Çexiya ikinci yerdədir. Hesabat dövründə bu ölkəyə 304 667,44 min dollar dəyərində 558 693,27 ton neft ixrac edilib.
Üçüncü yeri Almaniya tutur. 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 276 544,77 min dollar dəyərində 500 001,1 ton neft ixrac edilib. Daha sonra Xorvatiya, Rumıniya, Portuqaliya, İrlandiya, Böyük Britaniya, İsveçrə, Yunanıstan, Bolqarıstan, Tunis, sonda Türkiyə gəlir.
Göründüyü kimi, Azərbaycanın neftini ən çox alan ölkələr əsasən Avropa İttifaqına üzv və texnoloji baxımdan inkişaf etmiş dövlətlərdir. İqtisadçılar qeyd edir ki, burada həm məhsulun keyfiyyəti, həm qiymət, həm də siyasi-iqtisadi sabitlik və enerji təhlükəsizliyi kimi amillər rol oynayır. Azərbaycan üçün əsas bazar hələ də Avropadır. Türkiyə qardaş ölkə olsa da, daha çox tranzit rolundadır və hazırda ucuz enerji axtarışında olan böyük istehlakçı olaraq fərqli strateji yanaşma sərgiləyir.
Üstəlik, son illərdə Avropa İttifaqı enerji təhlükəsizliyini artırmaq və Rusiya neftindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarır. Azərbaycan bu baxımdan etibarlı və sabit tərəfdaş sayılır. Azərbaycanla uzunmüddətli enerji əməkdaşlığı olan İtaliya, Almaniya və Çexiya kimi ölkələr üçün bu amil strateji əhəmiyyət daşıyır.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, Azərbaycanın neft ixracında ölkələrin sıralanması təbii olaraq siyasi və iqtisadi şəraitin nəticəsində formalaşmışdır. Bu şəraiti qruplaşdırdıqda həm coğrafi mövqe amili, həm qiymət faktoru, eyni zamanda siyasi məsələlər önə çıxır.
Bəs niyə Türkiyə Azərbaycanın neft ixracında birinci yerdə deyil? Çünki Türkiyənin Azərbaycan neftini digər istiqamətlərdən aldığı neftlə müqayisədə daha ucuz qiymətə əldə etmək imkanı yoxdur. Hazırda Türkiyənin neft idxalında Rusiyanın payı 60 faizi keçir. Sanksiyalar altında olan Rusiya nefti daha ucuz qiymətə və sərfəli şərtlərlə Türkiyəyə ixrac edir. Hətta Türkiyə qonşuluğunda yerləşən İraqdan belə bu qədər sərfəli qiymətə neft ala bilmir. Əgər Rusiya nefti daha ucuz başa gəlirsə, Türkiyə nəyə görə daha baha qiymətə Azərbaycandan neft alsın? Onsuz da Türkiyənin müxtəlif mənbələrdən münasib şərtlərlə neft əldə etmək imkanı var.
Belə olan halda Azərbaycan da öz neftini daha sərfəli və gəlirli bazarlara, yəni Avropa ölkələrinə yönəldir. Çünki Azərbaycanın “Azəri Light” markalı nefti həm keyfiyyət baxımından üstün, həm də daha yüngül və az kükürdlü olduğu üçün Avropa emal zavodları üçün daha uyğundur. Avropa bazarının standartları isə daha sərtdir və “kaprizli”dir. Bu səbəbdən də Azərbaycan neftinə Avropada real ehtiyac var.
Azərbaycan eyni zamanda Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə öz enerji resurslarına çıxış imkanı yaradır, Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə isə Türkiyəyə tranzit gəlirləri qazandırır. Yəni Azərbaycanın enerji strategiyası Türkiyə üçün kifayət qədər fürsətlər yaradır. Eyni zamanda Azərbaycan bu gün dünyada ən çox sərmayə qoyduğu ölkə olaraq Türkiyəyə üstünlük verir. Türkiyənin də ən çox investisiya cəlb etdiyi ölkə Azərbaycandır. Söhbət 20 milyard dollardan artıq bir investisiya məbləğindən gedir.
Bu dediklərimi və faktları daha da artırmaq olar. Çünki məhz bu amillər bu gün dünya üzrə neft və qazın ixrac istiqamətlərini və həcmlərini müəyyənləşdirir. Yəni burada bir enerji bazarı formalaşır və bu bazarı dörd əsas amil müəyyənləşdirir: məsafə, məhsulun keyfiyyəti, qiymət və strateji-siyasi əməkdaşlıq.
Ceyhana çatdırılan Azərbaycan nefti oradan Aralıq və Qara dəniz vasitəsilə digər ölkələrə asanlıqla nəql olunur. Yəni bu, logistika baxımından da əlverişlidir. Həmin ölkələrlə münasibətlər normaldır, onların Azərbaycan neftinə verdikləri qiymət, mövcud infrastruktur və Azərbaycan neftinin keyfiyyəti isə ixracın bu istiqamətdə üstünlük təşkil etməsinə səbəb olur".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ