İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq pulunu bankdan çıxarıb evdə saxlamağa başlayıb: səbəblər

Ekspertlərdən SOS!: "Banklar və iqtisadiyyat üçün təhlükə var"

Azərbaycanın bank sektorunda real vəziyyətin təhlili müəyyən maraqlı məqamları üzə çıxarmaqdadır. Söhbət ondan gedir ki, bankların əsas maliyyə qaynaqlarından biri olan əmanətlərin azalması prosesi başlayıb. Bunun bank sektorunun maliyyə dayanıqlığına təsiri getdikcə əsas müzakirə predmetlərindən birinə çevrilir.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb: “İlk hal bu ilin fevral ayında baş verdi: depozit məbləği 27 milyon manat azaldı. Bu, 2021-ci ilin avqust ayından sonra ilk azalma idi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqustun ayının 1-nə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşdü”.

İqtisadçı-alimə görə, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir: “Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov

Bu kontekstdən daha məqsədəuyğun olardı ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək əmanətlər üzrə differensial vergi güzəşti tətbiq olunsun. Təklif edirik ki, qorunan əmanətlər eyni zamanda vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar".

Millət vəkili bildirir ki, son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var: “Bu, həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

Elman Sadıqov 

İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, əmanətlər haqqında çox danışılır: “İqtisadiyyat üçün əmanətlərin əhəmiyyəti nə qədərdir? Sualın cavabı şəksiz olaraq çox böyükdür. Və bu, müzakirə mövzusu belə deyil. Nədir bu əhəmiyyət? Hər bir ölkə, hökumət maraqlıdır ki, vətəndaşları yığıma mümkün qədər daha çox vəsait yönəltsin. Əlbəttə, istehsalın artması üçün istehlakın artmasının da əhəmiyyəti var. Amma əhalisi yığıma daha çox vəsait yönəldən ölkələr daha uğurlu ölkələr hesab olunurlar. Əhalinin gəlirlərindən yığıma ayırdığı vəsaitin həcmi müxtəlif ölkələrdə müxtəlifdir: 15, 20, 30, 40 faizə qədər gəlirin yığıma yığma yönəldildiyi ölkələr var. İnkişaf etməkdə olan ölkələr arasında ən yüksək səviyyə Çindədir. Burada əhali gəlirlərinin 50 faizini yığıma yönəldir.

Azərbaycana gəlincə, açığını deyim ki, Azərbaycanda gəlirlərin çox az bir hissəsi yığıma yönəldilir. Əslində biz ölkə olaraq, bank sektoru olaraq yığımın artmasında maraqlı olmalıyıq. Çünki yığım ilk növbədə banklar üçün vacibdir - likvidliyi təmin etmək üçün. İkinci növbədə əhalinin özünə xeyirlidir - əmanət qoyduğu vəsaitdən daha çox gəlir əldə edər, yəni gəlirləri artar. Nəhayət, əmanətin çoxluğu iqtisadiyyat üçün ümumilikdə çox önəmlidir. Əmanətlərin çoxluğu iqtisadiyyata yönəltmək üçün kreditlərin, investisiyaların çoxluğu deməkdir. Aydındır ki, banklar əmanət olaraq topladıqları vəsaitlərin bir hissəsini biznesə kredit kimi ayırırlar. Bəs əmanətlərin investisiyalaşmada hansı rolu var? Əksər inkişaf etmiş ölkələrdə banklar həm də böyük investorlar rolunda çıxış edirlər. İnvestisiya bankları olan bu qurumlar depozitlərin bir hissəsini korporativ investisiyalara yönəldirlər: böyük şirkətlərin səhmlərinə yatırım etməklə onların daha da inkişafında iştirak edirlər. Yəni depozitlər ölkədə həm daxili investisiyaların, həm də kreditləşmənin artmasına imkan yaradır".

Ekspert bildirir ki, Azərbaycanda bank sektorunun özü kiçikdir: “Ölkə iqtisadiyyatının ölçüsü ilə müqayisədə 45 milyard manatlıq bank sektoru kiçik bir göstəricidir. Bu 45 milyardlıq sektorun 12 milyard manatı əhalinin depozitləridir və bu da kiçik göstəricidir. Biz bu göstəricinin artmasına çalışmalıyıq ki, ölkə iqtisadiyyatının inkişafı üçün əlavə stimul formalaşsın. Amma təəssüf ki, biz bu il ərzində əmanətlərin azalmasının şahidi oluruq. Burada əmanət gəlirlərinin vergiyə cəlb olunması mütləq və mütləq rol oynayır. Biz məhz buna görə təklif etmişdik ki, 100 min manata qədər olan əmanətlərə vergi tətbiqi şamil olunmasın. Çünki burada həm də psixoloji faktor var. Eyni zamanda adi iqtisadi gerçəkliklər var. Əgər ölkədə inflyasiya 10 faizin üzərində, depozit faizləri isə altındadırsa, bu, faktiki olaraq depozitlərin il ərzində nəinki gəlir gətirmədiyi, həm də zərərlə üzləşdiyi deməkdir. Belə bir şəraitdə depozitlərdən əldə olunan faizlərə vergi tətbiqi əmanətlərə marağı kəskin aşağı salan faktora çevrilməliydi, çevrildi də. Burada digər bir nüansı yaddan çıxartmaq lazım deyildi. Önəmli olan məsələlərdən biri bundan ibarətdir ki, banklar hazırda əllərindəki likvid vəsaitləri yatırmaqda çətinlik çəkirlər. Buna görə də onlar depozit cəlb etməkdə maraqlı  deyillər. Və elə bu səbəbdən də depozit gəlirlərinin vergiyə cəlb olunmasından vətəndaşın yaranan itkisini qarşılamağa da həvəs göstərmirlər. Aşağı olan depozit faizlərindən əldə olunan gəlirlərin 10 faiz vergiyə cəlb olunması əhalinin bu yığım növünə marağını kəskin azaldır. Nəticədə əhali ya əlinə gələn vəsaiti istehlaka yönəldir, ya da yastıq altına toplayır. Bu isə gələcək üçün, iqtisadiyyat üçün heç də yaxşı olmayan bir prosesdir. Sabah iqtisadi gerçəkliklər dəyişdikdə, yeni iqtisadi konyuktur formalaşdıqda, bankların likvidliyini artırmaq lazım gəldikdə, biz depozitləri banklara rahatlıqla cəlb edə bilməyəcəyik. Çünki depozit bir kültür məsələsidir, uzunmüddətli davranışların məhsuludur. Bu gün biz o kültürün formalaşmasına imkan vermiriksə, sabah ondan bəhrə götürə bilməyəcəyik. Depozit bir çox oyunçuların maraqlarının uzlaşdırılması lazım gələn məsələdir: bankların, biznesin, iqtisadiyyatın, ən əsası vətəndaşların. Biz bu uzlaşdırmanı dəqiqliklə aparmayınca, indiki kimi tarazlığın pozulması və əmanətlərin azalması kimi mənfi proseslə üzləşəcəyik”.

Xatırladaq ki, Azərbaycanda əmanətlər üzrə ödənilən illik faiz gəlirləri 2016-cı ildən başlayaraq 7 il müddətinə vergidən azad olunmuşdu. Həmin müddət bu ilin fevralında başa çatdı, hökumət onun uzadılmasında maraqlı olmadı. Nəticədə fevralın 1-dən yerli bank və xarici bankların Azərbaycandakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədikləri illik faiz gəlirlərindən 10 faiz vergi tutulur.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar depozitlər üzrə 459 milyon manat faiz ödəyiblər. Depozitlər üzrə ödənilmiş faizlər 2021-ci illə müqayisədə 2022-ci ildə 96.7 milyon manat və ya 26.7 faiz artıb. Hökumət vergi güzəştinin müddətini artırmamaqla bu il ərzində əmanət faizlərindən təxminən 45-50 milyon manat gəlir əldə edəcək. Əmanətlərin azalması ilin sonunadək davam edərsə, banklar bunun ikiqatı qədər likvid vəsaitdən, yəni əmanətdən məhrum olacaqlar. Bank mənbələrindən əldə etdiyimiz məlumata görə, əhali banklardakı əmanətlərinin müddəti bitdikcə, vəsaitlərini geri götürməyə üstünlük verir, nəinki növbəti müddət üçün yenidən yatırım etməyə. Bu isə növbəti aylarda əmanət həcmlərinin azalması təhlükəsini artırır. Bu isə ona gətirib çıxaracaq ki, hökumətin əmanət faizlərindən vergi gəlirləri azalacaq, ölkə üzrə kreditləşmə səviyyəsi düşəcək. Hələlik kreditləşmənin biznes sektoru üzrə azalması müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ölkədə 2023-cü il avqustun 1-nə biznes kreditlərinin həcmi 11 milyard 622.7 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, biznes kreditlərinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 0,2 faiz və ya 27,8 milyon manat azalıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bankların vəsait əldə etmək üçün cəmi 3  mənbə var: Mərkəzi Bankın kreditləri, xarici maliyyə qurumlarından götürülən borclar və əmanətlər. Mərkəzi Bankın ucuz kreditlərinin çox böyük hissəsi 4, ən yaxşı halda 5 banka çatır. Bu banklar faktiki inhisarçı mövqedədirlər. Onlar həm də çoxmilyonlu müştəri verən dövlət qurumlarına xidmət sahəsini tam inhisara götürdüklərinə görə daha bir böyük gəlir mənbəyinə malikdirlər. Buna görə də iri banklar əmanət qəbulunda da maraqlı deyillər. Onların təklif etdikləri əmanət faizləri banklar arasında ən aşağı faizlərdir.

Kiçik və orta bankların isə əsas vəsait mənbəyi əmanətlərdir. Lakin onlar əmanət cəlb edərkən yüksək faiz tətbiq edə bilmirlər: əvvəla, ona görə ki, dövlət yalnız 12 faizə qədər olan əmanətləri sığortalayır. İkinci tərəfdən, iqtisadiyyatın, xüsusilə də sahibkarlığın inkişaf səviyyəsi yüksək faizlə yığılan əmanətləri daha yüksək faizlə yerləşdirib gəlir əldə etməyə imkan vermir. Aşağı faizlə toplanan əmanətdən hesablanan faiz gəlirlərinin 10 faizinin də vergi şəklində əmanətçilərdən alınması nəticədə əhalinin əmanətə marağının azalmasına gətirib çıxarır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR