Onlayn ictimai-siyasi qəzet
Rusiyada islamçı radikalizmlə bağlı narahatlıq pik həddə çatıb. Ölkənin Təhlükəsizlik Şurasının katibinin müavini Yuri Kokov bildirib ki, xarici kəşfiyyat orqanları Mərkəzi Asiyadan olan miqrantlar arasında terrorçu şəbəkələri genişləndirməyə çalışırlar.
Musavat.com xəbər verir ki, bu barədə Kokov “Rossiyskaya qazeta” nəşrinə verdiyi müsahibəsində danışıb.
“Təhlillər göstərir ki, Mərkəzi Asiyadan Rusiyaya gələn insanların əhəmiyyətli bir hissəsi vətənlərində tanınmış islamçı təbliğatçıların təsiri altına düşərək radikal dini baxışlara yiyələniblər”, - deyə Kokov vurğulayıb.
Rusiya rəsmisi miqrantlar arasında aparılmış sorğulara da istinad edib və ciddi göstəriciləri açıqlayıb:
- 43,5% respondent şəriət qanunlarını dünyəvi hüquqdan üstün sayır;
- 24% respondent dini hüquqların müdafiəsi üçün Rusiyada etiraz aksiyalarında iştirak etməyə hazırdır;
- 15,3% isə qanunsuz siyasi aksiyalara qoşulmaqda problem görmür.
Kokov hesab edir ki, bu rəqəmlər təkcə hüquq-mühafizə orqanları üçün yox, həm də cəmiyyətin inteqrasiyası və milli təhlükəsizlik baxımından ciddi siqnaldır.
Yuri Kokovun fikrincə, xarici xüsusi xidmət orqanları Rusiyanın zəif nöqtələrindən biri olan miqrant mövzusundan istifadə edərək, ölkə daxilində sabitliyi pozmağa çalışır. O qeyd edib ki, dini radikalizm və ekstremist baxışlar müasir Rusiya üçün real təhlükəyə çevrilib.
Ekspertlər hesab edir ki, bu yanaşma Kreml tərəfindən islama qarşı repressiv ritorikanın artmasına zəmin yarada bilər. Həmçinin, Moskvanın Mərkəzi Asiya ölkələri ilə əmək miqrasiyası sahəsində əlaqələrinə də təsir göstərə bilər.
Bir tərəfdən Rusiya iqtisadiyyatı Mərkəzi Asiyadan olan milyonlarla miqrantın ucuz işçi qüvvəsinə ehtiyac duyur. Digər tərəfdən, bu axının içində radikallaşmış qrupların mövcudluğu ölkədə sosial partlayış riskini artırır.
Qeyd edək ki, bu açıqlama Moskva vilayətindəki “Crocus City Hall” terror aktından sonra Rusiya hakimiyyətində islamofob tendensiyaların daha da güclənməsi fonunda səslənir.
“Crocus City Hall” Azərbaycan əsilli iş adamı Araz Ağalarova məxsusdur.
Musavat.com xatırladır ki, 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında qanlı terror aktı baş verdi. Ağır silahlarla silahlanmış bir neçə şəxs zalda toplaşmış yüzlərlə insanın üzərinə atəş açdı, ardınca bina içərisində yanğın və partlayış törədildi.
- Hadisə nəticəsində 145 nəfər həlak olub,
- 200-dən çox insan yaralanıb,
- Hücumun məsuliyyətini İŞİD-in “Vilayət Xorasan” qanadı öz üzərinə götürüb.
Rusiya təhlükəsizlik qüvvələri hadisədən sonra təhlükəsizlik tədbirlərini sərtləşdirib, ölkə boyu miqrantlara və müsəlman icmalarına qarşı nəzarət gücləndirilib.
Bu terror aktı Rusiya cəmiyyətində islam radikalizminə qarşı qorxuları alovlandırıb və hazırda ölkədə miqrant siyasəti ilə bağlı kəskin diskussiyaların mərkəzinə çevrilib.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ