Onlayn ictimai-siyasi qəzet
Dünya olduqca qarışıq dövrdən keçir. Yaxın Şərqdə baş vermiş böyük savaş indi atəşkəs mərhələsində olsa da, dünya üçün təhlükə hələ də qalmaqdadır. Üstəlik, qlobal qarışıqlıq dövrünün nə qədər davam edəcəyi məlum deyil. Çünki hazırda yeni hərbi kataklizm qaynaqları kifayət qədərdir. Və Qərb siyasi dairələri artıq bu təhlükələri daha ciddi şəkildə hiss etməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Qərbdə indi ən böyük təhlükə qaymağı olaraq, məhz Ukrayna savaşını ön plana çəkirlər. Belə hesab olunur ki, Rusiyanın bu "savaş bataqlığı"ndan hərbi qələbə ilə çıxacağı təqdirdə, Avropa məkanı dağıdıcı müharibə təhlükəsinə açıq olacaq. Ona görə də, indi Qərb dövlətləri həm Rusiyanın hərbi qələbə şanslarından məhrum edilməsi, həm də daha təhlükəli ssenarilərə hazırlıq istiqamətində intensiv fəaliyyət göstərirlər. Və Avropanın real təhlükə qarşısında olduğunu biruzə verən siqnallar isə ardıcıl şəkildə gündəmə gəlməyə başlayıb.
Məsələ ondadır ki, Qərb siyasi dairələri prezident Vladimir Putinin "Rus əsgərinin ayağı dəymiş torpaqlar Rusiya ərazisidir" iddiaslndan ciddi şəkildə narahat olublar. Ona görə də, Putinizmin yeni ekspansionizm iştahını və onun mümkün geosiyasi nəticələrini artıq intensiv şəkildə müzakirə etməyə başlayıblar. Üstəlik, bu müzakirələrin daha çox əsəbi və pessimist əhval-ruhiyyədə keçdiyi də müşahidə olunur. Və bu, onu göstərir ki, Qərbdə yaxınlaşan Rusiya təhlükəsi indi əvvəlki dövrlərdən daha çox ciddiyə alınır.
Çünki prezident Vladimir Putinin "Rus əsgərinin ayağının dəydiyi torpaqlar Rusiya ərazisidir" iddiası, XXI əsrin beynəlxalq münasibətlərində təhlükəli presedent yaradan ideoloji bəyanatlardan biridir. Bu iddia təkcə ritorik manevr deyil, həm də Rusiyanın son illərdəki hərbi-siyasi strategiyasının fəlsəfi əsasını təşkil edir. Kreml sahibi bu iddia ilə əslində, beynəlxalq hüququn pozulması, sərhədlərin zor gücü ilə dəyişdirilməsi və postsovet məkanında güc balansının Rusiyanın xeyrinə yenidən qurulması cəhdlərini açıq şəkildə bəyan etmiş olur.
Prezident Vladimir Putinin bu iddiası Rusiya imperiyasından Sovet ekspansiyasına qədər Kremlin dəyişməz strateji hədəflərini ifadə edir. Ona görə də, Kreml sahibinin bu neoimperialist qətiyyən ritorikası təsadüfi deyil. Yəni, onun bu ritorikası Rusiya imperiyasının və daha sonra Sovet İttifaqının ekspansionist siyasətindən qaynaqlanır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya tarixində ordu yalnız bir hərbi-siyasi alət deyil, həm də, imperiyanın əsas qurucu elementi kimi çıxış edib. Belə ki, Rusiya çarları I Pyotr və II Yekaterina Qafqazdan Orta Asiyaya qədər uzanan əraziləri məhz ordunun hərbi yürüşlərlə imperiyaya qatmışdılar. Keçmiş SSRİ dövründə bu siyasət ideoloji çərçivəyə salınaraq, sosialist inqilabının ixracı adı altında Şərqi Avropaya, Mərkəzi Asiyaya və Cənubi Qafqaza da yönəldilmişdi. Və nə qədər qəribə də olsa, prezident Vladimir Putin bu neoimperialist mirasın “tarixi ədalətin bərpası” kimi təqdim olunmasına və beləliklə də, keçmiş imperiya sərhədlərini yenidən reanimasiya etməyə çalışır.
Halbuki, beynəlxalq hüquq normaları müasir dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini əsas tutur. BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlər arasında zor tətbiqinin yolverilməz olduğunu birmənalı şəkildə qabardır. Ancaq buna baxmayaraq, Rusiya 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyünü pozaraq, Abxaziya və Cənubi Osetiyanı faktiki tanıdı.
Digər tərəfdən, Rusiya 2014-cü ildə Ukrayna ərazisi olan Krım yarımadasını ilhaq edərək, beynəlxalq hüquq normalarını kobud şəkildə pozdu. 2022-ci ildə isə Ukraynaya qarşı genişmiqyaslı savaşa başlayaraq, “rus əsgərinin çəkməsi – mənimsənmiş torpaq” doktrinasını tətbiq etməyə başladı. Bu, “müasir dünya nizamının” təməllərinə zərbə idi və faktiki olaraq “güc hüquqdan üstündür” yanaşmasını legitimləşdirmək cəhdidir.
Əslində, prezident Vladimir Putinin bu ritorikası yalnız xarici deyil, həm də daxili auditoriyaya hesablanıb. Bu yanaşma üç əsas siyasi-ideoloji dayağa söykənir. Birincisi, keçmiş SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” adlandıran Kreml sahibi, keçmiş imperiya sərhədlərini “tarixi ədalət” adı altında bərpa etməyə çalışır. Və bu, birmənalı şəkildə tarixi revanşizmə bağlı siyasi-ideoloji istiqamətdir.
İkinci istiqamət isə Rusiya millətçiliyi və rusdilli əhalinin müdafiəsi çağırışlarları bağlıdır. Belə ki, Baltikyanı ölkələrdən Qazaxıstana qədər rusdilli əhalinin yaşadığı bölgələrdə bu ideya “qoruma hüququ” kimi təqdim olunur. Və müstəqil postsovet ölkələrinin daxili işlərinə qarışmaq niyyəti güdən bu şantaj xarakterli yanaşma tərzi birmənalı şəkildə absurd məzmun daşıyır.
Nəhayət, Kreml və onun ideoloqları ön plana keçirtməyə çalışdıqları üçüncü istiqamət üzrə geopolitik revanşizmə yönəlik narrativləri qabartmağa üstünlük verirlər. Belə ki, ABŞ və Qərbin hərbi-siyasi hegemoniyasına qarşı alternativ bir geopolitik güc mərkəzi kimi, məhz Rusiyanın Kreml tərəfindən süni şəkildə icad olunan “tarixi missiyası” vurğulanır. Və bununla da, postsovet ölkələrinə Rusiya ətrafında mərkəzləşdirilmiş hərbi-siyasi alyansda təmsilçiliyin real təhlükəsizlik sistemi olduğunun mesajı verilir.
Onu da qeyd etmək lazımdır ki, Kremlin bu neoimperialist ritorikası geopolitik və geostrateji nəticələr doğurma potensialını hər halda, qoruyub, saxlayır. Çünki, prezident Vladimir Putinin bu yanaşması artıq reallığa çevrilmiş presedentlərə əsaslanır. Və hazırda belə bir ritorikanın reallığa çevrilmə ehtimalının yüksək olduğu bəzi regionlar da hər halda, mövcuddur.
Məsələ ondadır ki, Qazaxıstanın şimal bölgələrində rusdilli əhalinin üstünlük təşkil etməsi rəsmi Astana üçün ciddi problem hesab olunur. Çünki Kremlin burada vaxtaşırı "rusların hüquqları" məsələsini qabartması təhlükəli mesajlar verir və bu, Qazaxıstan üçün rus separatizmi ilə bağlı real problemlər vəd edir. Dnestryanı bölgədə Rusiya ordusunun 1992-ci ildən mövcudluğu Moldovanın da ərazi bütövlüyü pozur. Son dövrlərdə Ermənistanın Rusiyadan uzaqlaşması fonunda, Kremldən edilən analoji xəbərdarlıqlar eşidilməyə başlayıb. Və Kremlin “rus əsgərinin olduğu torpaq” ritorikası bu üç postsovet ölkəsi üçün ciddi təhlükə sayıla bilər.
Qərb dövlətləri hələlik Kremlin bu ritorikasına Rusiyaya qarşı sanksiyalarla və Ukraynaya hərbi dəstək vasitəsilə cavab verə bilir. Ancaq əsas problem ondadır ki, beynəlxalq hüquq normaları yalnız siyasi iradə və kollektiv fəaliyyətlə işlək qala bilər. Əgər, Kremlin belə ritorikası cavabsız qalarsa, bu, digər aqressiv dövlətlər üçün də çox pis örnəyə çevrilər. Və ona görə də, müasir dünyanın Rusiyanın yeni imperiya strategiyasının qarşısında daha qətiyyətlə dayanması vacibdir.
Məsələ ondadır ki, prezident Vladimir Putinin "rus əsgərinin ayağı dəymiş torpaqlar" ritorikası sadəcə, söz deyil. Bu, Kremlin yeni ərazilərin ilhaqını, sərhədlərin zorla dəyişdirilməsini və beynəlxalq nizamın təftişini ehtiva edən təhlükəli bir ideologiyasıdır. Bu ideologiya yalnız Ukraynanı deyil, bütün postsovet məkanını, hətta beynəlxalq hüququ əsas götürən qlobal nizamı hədəfə alıb.
Ona görə də, Qərbdə Putinizmin bu ekspansionist doktrinasına qarşı mübarizənin yalnız hərbi və iqtisadi deyil, həm də ideoloji və hüquqi müstəvidə aparılmalı olduğunu artıq anlamağa başlayıblar. Qərbdə hesab edirlər ki, əgər, indi bütün resurslar üzərindən müqavimət göstərilməzsə, gələcəkdə daha çox “rus əsgərinin nə vaxtsa, ayağı dəymiş torpağın” yeni Rusiya imperiyasının sərhədlərinə daxil edilməsi baş verə bilər. Və bu baxımdan, Qərb siyasi dairələri artıq Rusiya ilə qlobal mübarizə strategiyasının hazırlanmasına başlamış kimi görünürlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ