Onlayn ictimai-siyasi qəzet
Yekaterinburq məhkəməsi Qarabağda xidmət etmiş rus zabitinə 18 il həbs cəzası verib. Səbəb: 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun antiterror əməliyyatları zamanı Rusiya sülhməramlılarının həlak olması ilə bağlı sənədin fotoşəklini yaymaq.
Musavat.com xəbər verir ki, hadisə Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı baş verib. Sülhməramlıların olduğu avtomobil səhvən atəşə tutulub və nəticədə bir neçə rus hərbçisi həlak olub.
Hadisədən sonra Qarabağda xidmət etmiş bir rus zabiti, Rusiya hərbçilərinin ölümü ilə bağlı rəsmi sənədin fotoşəklini çəkərək ictimailəşdirib. Bu görüntü az sonra rus mediasında və sosial şəbəkələrdə yayılıb.
Ancaq Kreml bu addımı dövlət sirrinin yayılması və vətənə xəyanət kimi qiymətləndirib. Yekaterinburq məhkəməsinin qərarına əsasən, zabit 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ictimaiyyətdə rezonans doğursa da, Rusiya rəsmiləri və Müdafiə Nazirliyi məsələ ilə bağlı geniş izahat verməkdən çəkinir. Sosial şəbəkələrdə və hüquq müdafiəçiləri arasında bu qərar “həddindən artıq sərt və siyasi sifarişli” hesab olunur.
Qarabağda baş verən bu faciənin fonunda belə bir məlumatın yayımlanması bir çoxları tərəfindən məhz şəffaflığın və ictimai məsuliyyətin tələbi kimi dəyərləndirilsə də, Rusiya məhkəmə sistemi bunu xəyanət kimi qiymətləndirib.
Hazırda Rusiya KİV-lərində zabitin adı gizli saxlanılır, lakin onun görüntüləri artıq ictimaiyyətə sızıb. Təhlükəsizlik səbəbi ilə onun harada saxlanıldığı da açıqlanmır.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ