İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü Qarabağ savaşı başlayıb - ermənilərin iki əsas hədəfi

Azərbaycanı ən müxtəlif yollarla sarsıtmağa çalışırlar; daha bir hədəf isə Azərbaycan Prezidenti İlham Əliyevdir, çünki...

Ermənilər digər ətraf rayonlarımızı da işğal etsələr də, simvolik olaraq biz bu savaşları Qarabağın adı ilə bağlayırıq. Ona görə tarixə Birinci Qarabağ savaşı, İkinci Qarabağ savaşı(44 günlük Vətən müharibəsi də deyirik) kimi yazıldı. Bu savaşlarda canından keçən şəhidlərimiz unudulmaz, qazilərimizin borcu ödənməz.

Son antiterror tədbirlərində Qarabağda qalmış silahlı son erməni tör-töküntüləri də təslim oldu, ölən öldü, sağ qalanlara yol verdilər ki, rədd olub getsinlər, həbsdəki separatçıbaşılar da məlum. Bundan sonra ermənilərin kütləvi köçü başladı ki, bu, elə əslində Üçüncü Qarabağ müharibəsinin startı hesab oluna bilərdi.

Qarabağdan köçdükdən sonra da ermənilərin yenə torpaqlarımızın işğal kimi xam xəyallar qurmaqları anlaşılandır, bu toplumun bizə düşmənçilikləri Azərbaycandan ayaqlarını kəsməklə bitəcəyini gözləmək sadəlövhlük olardı. Fransadan və Hindistandan silah almaqları, guya ərazimizə “sızıb” partizan müharibəsi aparacaqları haqda ara-sıra səsləndirdikləri sərsəmləmələr də bizi qətiyyən narahat etməz. Dövlətimiz də, ordumuz da güclüdür. Ermənistanda hakimiyyətə indən sonra lap “faşist partiyasından” kimlərsə gələrsə, daha o işğal planlarına iştahlanmayacaqlar. Qarabağda silahlı savaş bitdi.

15789195765706552471.jpg (1.07 MB)

Ermənilərin Üçüncü Qarabağ savaşı isə ona hesablanıb ki, Azərbaycanı ən müxtəlif yollarla sarsıtsınlar. Birinci, hüquqi cəhətdən buna çalışırlar. Ermənistanın Azərbaycana qarşı hansısa hüquqi müstəvidə iş açmağa mənəvi haqqı yoxdur, 35 illik işğal, insanlarımıza vurduğu sağalmaz yaralar və torpaqlarımızın viran halı erməninin haqsızlığını sübut edən ən tutarlı fakrdır. Amma dünyanın çarxı indi elə tərsinə dövran edir ki, haqlı olsan da, sənin üzərinə gəlirlər, işğala məruz qalanı deyil, işğalçının tərəfini tuturlar. Qəzzada baş verənlər bunu sübutudur. Amma bundan əvvəl biz də eyni haqsızlıqla üzləşmişik, dünya BMT-nin dörd qətnaməsini görməzdən gəlib, işğalçıya deyil, torpağı işğal olana göz ağırdıblar, güzəştə məcbur etmək istəyiblər. İndi hüquq yalnız güc amillinə söykənir, ona görə bunu unutmamaq lazımdır. Erməni lobbisinin güclü əlaqələri var, “əlləri” hər yerə, hətta Avropa strukturlarındakı korrupsiyalaşmış məmurların cibinə də çatır. Azərbaycan əleyhinə hüquqi müstəvidə bir neçə belə cəhdlər hələ ekofəalların aksiyası və Laçın postunun yaradılmasından sonra oldu. Amma heç bir nəticəyə nail ola bilmədilər.

Son aylar isə Avropa Şurasının, Avroparlamentin, hətta Avropa Birliyinin Azərbaycan haqda qərəzli mövqeyi narahatlıq doğurur, çünki bu strukturlar təkcə rəy vermirlər, həm də siyasi-iqtisadi qərar mərkəzlərinə təsir edə bilirlər. Ermənilərin son aylar bu istiqamətdə “uğurları” olduğunu demək mümkündür, baxmayaraq ki, o sənədlər hökmverici deyil, daha çox tövsiyə xarakteri daşıyır. Ermənistan isə əllərinə keçən bu kağız-qətnamələrdən məmnun kimi görünürlər, çünki hələ ki, bundan çoxuna nail ola bilmirlər. Ermənilərin ürəyindən keçən Azərbaycana qarşı sanksiyalardır.

ce0ad9f514f13ae5027878bb72f33858.jpg (212 KB)

İrəvana gələn bütün xarici qonaqlara ancaq o istiqaməti verirlər ki, Azərbaycana qarşı belə sənədlər əhəmiyətsizdir və mütləq istisadi sanksiyalar tətbiq edilməlidir. Hətta bu istəklərinə nail olmaq üçün şantaja belə əl atırlar, xüsusuilə Avropa Birliyinin rəhbərliyini hədəfə alırlar. Guya ki, Avropa Birliyi rəhbərliyi Azərbaycanın enerji resurslarından istifadə etdiyi və ən əsası ehtiyacı olduğu üçün iqdisadi sanksiyaları gündəmə gətirmirlər. Hətta əsas hamiləri Fransanın prezidenti Makron da Azərbaycana qarşı iqtisadi sanksiyaların əhəmiyyətsiz olduğunu deyib.

İndi isə Ermənistan rəhbərliyi və erməni lobbisi Azərbaycana qarşı "təzminat tələbi" irəli sürmək istəyirlər. Təsadüfi deyil ki, Nikol Paşinyan da çıxışlarında bir neçə dəfə “qarabağlı ermənilərin məruz qaldıqları köç, məcburi yerdəyişmə və etnik təmizləmələrlə bağlı Azərbaycandan təzminat tələb etmək hüquqları var” deyib. Müşahidələrə görə, ermənilər güclü hüquq büroları ilə məsləhətləşmələrdən sonra o qərara gəliblər ki, Azərbaycana qarşçı təzminat davası açarlarsa, bunun perspektivi ola bilər. Təbii ki, bizə işğal illərində vurduqları madd-mənəvi ziyana görə təzminat verməmək, ya da “siz iddianızı geri götürün, biz də təzminat istəməyək” kimi razılaşmanın ola biləcəyinə də ümid edirlər. Hüquqi müstəvidə bu cür məhkəmə araşdırmalarına bəzən illər lazım olur. Azərbaycan əlbəttə ki, təzminat tələbində israrlıdır, heç bir halda Ermənistana güzəştə getməyəcək, hansısa razılaşmalardan söhbət belə gedə bilməz. Yeri gəlmişkən, ermənilər illər əvvəl analoji iddiaları Türkiyəyə qarşı səsləndirmiş, lakin uğursuzluğa düçar olmuşdular.

616ea3e295da6616ea3e295da71634640866616ea3e295da3616ea3e295da5.png (1.49 MB)

Üçüncü Qarabağa savaşında daha bir əsas hədəf isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Ermənistan, erməni lobbisi və ona züy tutan ölkələr 2020-ci ildəki məğlubiyyəti də, ondan sonra Qarabağ ətrafında zərgər dəqiqliyi ilə aparılan hərbi-siyasi qələbənin də müəllifinin Ali Baş Komandan İlham Əliyev olduğunu yaxşı bilirlər. “Azərbaycana Türkiyə kömək etdi”, “Rusiya Ermənistanın arxasından qaçdı” kimi iddialar belə, İlham Əliyevin 100 illik erməni istilasına son qoymuş lider roluna kölgə sala bilmir. O səbəbdən Ermənistan və erməni lobbisi əsas hədəf kimi AZərbaycan Prezidentinin adını ön sıraya çıxarmaqdan əl çəkmirlər. Çünki Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə torpaqlarını işğaldan tam azad etmədi, həm də erməni lobbisinə elə bir mənəvi və maddi zərbə vurdu ki, bir daha çətin toparlanalar. Lobbi on illiklərlə “ikinci erməni dövləti” üçün milyon dollarla ianə toplamış, üstəlik “Böyük Ermənistan” yaradılması adı altında milyardlar xərcləmişdi. Hələ nə qədər qazana da bilərdilər. Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu cəmi üç il ərzində o xəyalları yox etdi, indi lobbi də, erməni ideoljisinin də yapışmağa saman çöpü də yoxdur ki, heç olmasa, onu pula çevirsinlər. Ona görə hər görüşlərində çalışırlar ki, Prezident Əliyevin adını hallandırsınlar, önə çıxarsınlar. Bu məsələdə nədənsə, Almaniyanın və bu ölkəni təmsil edən deputaların fəallığı daha çox nəzərə çarpır. Son olaraq Almaniyanın Avropa Parlamentindəki deputatı Viola fon Kramon danışıb. Erməni mediasına müsahibəsindəı almaniyalı deputat Qarabağda baş verənlərə görə əsas hədəflərinin Prezident İlham Əliyev olduğunu gizlətməyib. Onun fikrincə, “Azərbaycanın Ermənistana qarşı aqressiv addımlarını dayandırmağın yeganə yolu bu ölkəyə və İlham Əliyevə qarşı sanksiyalardır”. O qeyd edib ki,”Nə qədər ki, sanksiyalar olmayacaq, Əliyev dayanmayacaq”. Almaniya deputat bunun “yollarını da göstərib” ki, bunlar da hamısı boş və mənasız cəhdlərdir.

Amma bu o demək deyilk ki, Azərbaycan hakimiyyəti, cəmiyyət arxayınlaşmalıdır. Əksinə, indi də daha çox işləmək lazım gələcək, xüsusilə Azərbaycanın xaricdəki diplomatlarının üzərinə ağır iş düşür. “Ağır iş” deyəndə, fəaliyyət göstərdikləri ölkədə öz fəaliyyətlərini daha ciddi qurmalıdırlar, bizneslə yox, diplomatiya ilə məşğul olmalıdır. İki gün əvvəl Avropadkı bir səfirliyimizin saytına baxdım, sonuncu dəfə bir neçə ay əvvəl yenilənmişdi.

Bizim Üçüncü Qarabağ savaşını da qazanmağımız lazımdır...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR