İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan irad: “Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur”

Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır.

Musavat.com-un məlumatına görə, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin iclasında, Hesablama Palatasının hesabatına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil:

“Burada dövlət idarəçiliyində, büdcə siyasətində nələrin düzgün, nələrin isə təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərən mühüm siqnallar var. Xüsusilə diqqət yetirdiyim məsələ – bəzi hallarda büdcə vəsaitlərinin səmərəli xərclənməməsidir. Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir.

Bu baxımdan, hesab edirəm ki, bizim nəzarət yanaşmamız da müasirləşməlidir. Klassik yoxlamalarla yanaşı, texnoloji imkanlardan istifadə etməklə elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var. Bu sistemlər vasitəsilə dövlət qurumlarının xərcləri real vaxt rejimində izlənə bilər. Həm səmərəlilik artır, həm də ictimai nəzarət imkanları genişlənir.

Bu addım korrupsiya risklərinin qarşısını almaqda və vətəndaşın dövlətə olan inamını gücləndirməkdə mühüm rol oynaya bilər”.

M.Cəfərov qeyd edib ki, burada beynəlxalq standartlara istinad etmək də zəruridir:

“1977-ci ildə qəbul olunmuş Lima Bəyannaməsinin prinsiplərinə əsasən, dövlət maliyyə nəzarətində hesabatlılıq yalnız xərclənən vəsaitlə məhdudlaşmamalı, proqram və fəaliyyət indikatorları üzərindən də aparılmalıdır. Yəni əsas sual budur: ayrılan vəsait hansı nəticəni verdi? Nə dəyişdi? Cəmiyyətə təsiri nə oldu? Bu yanaşma bizə daha obyektiv və nəticəyönümlü qərarlar qəbul etməyə imkan verər.

Bununla əlaqədar təklif edirəm ki, elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələr başlasın və mərhələli şəkildə genişləndirilsin;

Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunsun – yəni yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin;

İrəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilsin – yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun.

Sonda bir daha vurğulamaq istəyirəm ki, şəffaflıq, hesabatlılıq və texnoloji nəzarət mexanizmləri birgə işlədikdə dövlət vəsaitlərinin səmərəli idarə olunması təmin edilir və bu da bütövlükdə ölkənin inkişaf tempinə müsbət təsir göstərir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR