Onlayn ictimai-siyasi qəzet
Son zamanlar beynəlxalq informasiya məkanında Azərbaycanın maraqlarına qarşı yönəlmiş açıq və gizli təbliğat cəbhəsi genişlənməkdədir. Bu xüsusda, Britaniyanın nüfuzlu media orqanı sayılan “BBC News”un Azərbaycan bölməsi – “BBC News Azərbaycanca” platformasının fəaliyyəti ciddi suallar doğurur.
Görünən odur ki, BBC-nin Azərbaycana qarşı informasiya xətti təkcə “jurnalistika” adı altında gizlənmiş qərəzli yanaşmalardan ibarət deyil, həm də klassik hibrid müharibə elementləri ilə müşayiət olunur.
Azərbaycanın Qarabağda ərazi bütövlüyünü təmin etməsi, separatçı rejimlərin ləğv olunması və erməni silahlı qüvvələrinin çıxarılması beynəlxalq hüquqa tam uyğundur.
Lakin bu prosesdə ən çox diqqətçəkən məqamlardan biri – Ruben Vardanyan kimi Kremlin regiona transfer etdiyi bir fiqurun Qərb mediası, o cümlədən BBC tərəfindən “siyasi məhbus”, “xeyriyyəçi”, “sülh axtaran erməni lider” kimi təqdim edilməsidir.
“BBC News” Azərbaycanca platformasında yayımlanan bir sıra materiallarda Vardanyanın saxlanılması, guya onun “erməni xalqının hüquqlarını müdafiə etdiyi üçün cəzalandırılması” fonunda təqdim edilir. Halbuki bu şəxs həm Rusiya, həm də erməni mənbələrində Pul İdarəçiliyi Fondu ilə Qafqazda qeyri-rəsmi geosiyasi proseslərə müdaxilə etməkdə ittiham olunmuş, Rusiya pasportunu guya “təslim etdikdən” sonra Qarabağa göndərilmişdi.
Və maraqlıdır ki, bu kontekstdə onun separatizmə verdiyi dəstək, qanunsuz silahlı dəstələrin sponsorluğu və regionun etnik təmizlənməsi üçün atılan addımlardakı rolu tamamilə ört-basdır edilir.
Tənqidçi ekspertlər və ictimai fəallar son illərdə BBC-nin Azərbaycan versiyasının yerli gündəmi təhrif edərək, ictimai rəydə çaşqınlıq yaratmağa xidmət etdiyini iddia edir. Bu iddialar əsasız deyil. BBC-nin seçdiyi müsahibələr, gündəmə çıxardığı şəxslər və hətta başlıqlar belə manipulyativ üsullarla seçilir.
Siyasi proseslərdə “müxalif baxış” adı altında radikal qruplara tribuna verilməsi, “jurnalist repressiyası” adı ilə xarici təsir agentlərinin müdafiəsi, dini və etnik məsələlərin şişirdilərək ictimai sabitliyə zərbə vurması bu informasiya xəttinin hibrid müharibə aləti olduğunu sübut edir.
Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etməsi, burada apardığı bərpa-quruculuq işləri, post-münaqişə dövründə həyata keçirilən reinteqrasiya siyasəti “BBC Azərbaycan”ın gündəminə ya çıxmır, ya da marjinal mövzularda kölgədə qalır.
Əvəzində Ruben Vardanyan və digərlərinin “məsumlaşdırılması” üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaq məqsədi güdülür. Məsələn, Vardanyanın ailəsinin “təhlükəsizliyi”, həyat şəraiti və hüquqları ilə bağlı məqalələrdə Ermənistan tərəfinin ritorikasına uyğun ifadələr seçilir. “Azərbaycanın separatçılara qarşı münasibəti”, “Ruben Vardanyan niyə həbs olundu?”, “Ermənilər üçün ədalət” kimi başlıqlar Azərbaycan ictimaiyyətində və xarici auditoriyada müəyyən şübhə və narahatlıq yaratmağa yönəlmiş texnologiyalardır.
Hibrid müharibə təkcə hərbi yox, informasiya, psixoloji və sosial sahələri əhatə edən genişmiqyaslı hücum strategiyasıdır.
“BBC News Azərbaycanca” da zaman-zaman bu strategiyanın icraçılarından biri kimi çıxış edir. Məsələ təkcə Ruben Vardanyanla da bitmir. Əvvəllər Azərbaycanda fəaliyyət göstərmiş, lakin daha sonra qeyri-qanuni fəaliyyətlərinə görə məhdudiyyətlərə məruz qalmış QHT-lər, xarici agentlər və separatçılıq meylli qüvvələrin siması bu platformada “demokrat”, “aktivist” və “təqib olunan” kimi təqdim edilir.
Bu gün informasiya cəbhəsində baş verənlərə qarşı cavab yalnız dövlət strukturlarının deyil, həm də vətəndaş cəmiyyətinin, milli mediamızın və intellektual zümrənin birgə reaksiyası ilə mümkün ola bilər. Qərəzli, manipulyativ və birtərəfli yanaşmalar ifşa olunmalı, media alətləri üzərindən milli suverenliyimizə qarşı yönələn təhdidlərə ciddi yanaşılmalıdır.
Media orqanının Azərbaycan bölməsi izləyicilərə səslənir, onların qaldırdığı məsələlərinin ictimailəşdirilməsi üçün müvafiq müraciətin (videonun, fotonun) göndərilməsinə çağırış edir. Əgər “BBC Azərbaycanca” həqiqətən də obyektiv jurnalistika prinsipləri ilə çalışsaydı, Qarabağda törədilmiş müharibə cinayətlərini, minalanmış ərazilərdə həyatını itirən azərbaycanlıları, erməni vandalizmini və Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərini ön plana çıxarardı.
Amma real mənzərə fərqlidir: söz azadlığı adı altında hədəf seçilən bir ölkə və onun haqq işi var.
Bu səbəbdən də Ruben Vardanyan və onun kimilərini dəstəkləyən informasiya platformalarına qarşı təhlil, ifşa və ictimai müqavimət vacibdir. Hibrid müharibənin informasiya cəbhəsində susmaq, məğlubiyyətə razılaşmaq deməkdir.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ