Onlayn ictimai-siyasi qəzet
Axşamdır. Bir neçə saat əvvəl yağan yağışın yerini indi sakit və təmiz hava alıb. Göy üzü sanki fırça ilə çəkilibmiş kimi durudur, maviliyi dənizə qarışır.
Maşını kəndin yuxarı hissəsində yerləşən dayanacaqda saxlayıb yavaş-yavaş piyada təpədən aşağı, sahilə doğru enirik. Burada maşın yolu yoxdur. Yol boyu heyranlıqla ətrafa baxıram və düşünürəm: “Doğrudanmı Britaniyada belə bir yer varmış?”
Bura İngiltərənin cənub-qərbində, Devon qraflığının şimal sahilində yerləşən Klovelli kəndidir. Sosial şəbəkələrdə Britaniyanın ən çox tanınan, ən çox xatirə şəkli çəkilən kəndlərindən biri də məhz buradır.
Kəndə çatanda axşam saat yeddiyə qalırdı. Səhər saat 9-dan axşam 5-ə qədər kəndə giriş pulludur. Böyüklər üçün 10 funt sterlinq, uşaqlar üçün isə 6 funt. Bu ödəniş kəndin saxlanması, yolların və binaların təmiri, həmçinin burada fəaliyyət göstərən iki muzeyin və Klovelli Sarayı bağlarının qorunması üçün istifadə olunur. Biz gec gəldiyimiz üçün pul ödəmirik.
Əslində Klovelli sadəcə bir kənd deyil, bu, yüzillərlə qorunan bir mirasdır. Kənd 400 fut (təxminən 120 metr) hündürlüyündə bir təpənin üzərində yerləşir və bütün yolları dənizə doğru enir. Burada avtomobil yolu yoxdur, küçələr tamamilə daş döşəməlidir və yalnız piyada hərəkəti mümkündür. Əvvəllər kənddə əşyalar və yüklər ulaqlarla daşınırmış.
Evlər kəndin relyefinə uyğun şəkildə sıldırım yamaclarda tikilib. Bu evlər sadəcə yaşayış yeri deyil, sanki açıq hava qalereyasının parçasıdır. Evlərdən biri diqqətimi çəkir, elə bil bu ev yamacla dəniz arasında dayanmış kimi nə tam torpağa, nə də suya aiddir. Sanki bu kəndin bütün tarixini səssizcə müşahidə edən bir şahiddir.
Gec saatda gəldiyimiz üçün kənd demək olar ki, bomboşdur. Mağazalar, restoranlar bağlıdır. Yalnız bir yer açıqdır, "The Red Lion" adlı pub və hotel. Çöldə oturan 5-6 nəfərin səs-küyü eşidilir. Gülürlər, aralarından birinin ad günüdür. İçəri giririk, pubun içində sakit və rahat bir ab-hava var. Yemək sifariş veririk və bu arada personaldan soruşuram:
– Aprel necə keçir, gələn-gedən var?
Gülümsəyərək cavab verir:
– Bütün otaqlar doludur.
Hiss olunur ki, Klovelli təkcə sosial şəbəkələrdə məşhur deyil, eyni zamanda real həyatda da böyük maraq doğurur.
Klovellinin tarixi çox qədimdir. Bura vaxtilə İngiltərə kralı Uilyamın (William I the Conqueror) mülkiyyətində olub və sonralar onu həyat yoldaşı, Kraliça Matildaya bağışlayıb. Daha sonra kənd uzun müddət müxtəlif aristokrat ailələrin nəzarətində qalıb. 1738-ci ildən bəri kəndi eyni ailə- Hamlin ailəsi idarə edir. Hazırda kəndin sahibi Con Rous adlı şəxsdir, o bu torpaqları anasından miras alıb.
Bu kənd XIX əsrin ortalarına qədər demək olar ki, xarici aləmə qapalı olub. Lakin indi sosial media dövründə Klovelli Britaniyanın ən çox fotoşəkil çəkilən, ən çox videoya düşən kəndlərindən biridir. Elə bu səbəbdəndir ki, hər il burada Xərçəng Festivalı keçirilir, turistlər kəndin dənizlə bağlı mədəniyyətini və yerli mətbəxini yaxından tanıya bilirlər.
Klovelli bir kənddən daha çox yaşayan tarix, qorunan bir yaddaşdır. Dəniz qoxusu, sakitliyi, tarixi binaları və sıldırım yolları ilə insanı özünə valeh edir. Əgər Britaniyada hələ də toxunulmamış, orijinal bir yer axtarırsınızsa, Klovelli mütləq ziyarət edilməli yerlərdən biridir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ