Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.
Musavat.com-un məlumatına görə, çıxış edən deputat Səyyad Salahlı (Aran) tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə olunmasını təklif edib.
Deputat bildirib ki, abidələrin sonrakı taleyi ilə bağlı narahatlıq keçirməliyik:
“Abidələri pasportlaşdırırıq, bəs onların sonrakı aqibəti nə olacaq? Mədəni, tarixi abidələrə ciddi nəzarət yoxdur.
Abidələri bərpa etmək üçün onları iş adamlarına vermək lazımdır. Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir.
“Qorxma, mən səninləyəm” filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə, bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq. Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?”
Səyyad Aran əlavə edib ki, abidələrin bir çoxu uçub-dağılır:
“Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə, nə olsun?”
Spiker Sahibə Qafarova deputatın fikirlərinə etiraz edib.
“Abidələrin hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?”, - spiker bildirib.
E.Paşasoy,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ