İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağsaqqal məsləhəti

“Sular qalxanda balıqlar qarışqaları yeyir, sular enəndə qarışqalar balıqları. Çalış nə balıq ol, nə qarışqa. Bacar su ol”

(Şərq müdrikliyi)

Bu dəfəki seli 4-5 itki ilə birtəhər yola verdik. Əsas odur paytaxtdakı “dəvə çuxurunda” boğulan olmadı. Ancaq maraqlıdır ki, indi hamı düşüb paytaxt təsərrüfatına rəhbərlik edənlərin üstünə, sualları Bakı ŞİH-in müdirinə yağdırırlar. Halbuki azı 4 nəfər Şabran rayonunda ölmüşdü. Heç oradakı yol, neft və sairə idarələrin müdirlərindən soruşan yoxdur ki, təbii fəlakət zamanı işçiləri nə üçün sahəyə göndərmisiniz.

Yaxud mümkündür ki, hava məlumatı idarəsi zay işləyib, selin gələcəyi haqda operativ, dəqiq informasiya çatdırmayıblar. Normal dövlətlərdə ölüm hadisəsini araşdıran orqanlar bu detallara da fikir verir.

Normal dövlətdə mətbuat, KİV əslində həm də belə xəbərdarlıq orqanıdır. Haradan sel gələcəyini camaata öncədən bildirir, hansı nöqtələrdə fəlakət gözləmək lazımdır, bunu çatdırır. Hərçənd normal yerlərdə paytaxtın şəhər meri də olur, camaat onu seçir, məsuliyyət, hesabat tələb edir və sairə.

İndi şəhərin müdiriyyəti deyir ki, gərək biz sel olanda tunelləri bağlayaq. Əlbəttə. Ən düzgün üsul bağlamaqdır. Karantin vaxtındakı kimi. Əslində sərhədlər baxımından karantin, koronavirus hələ davam edirmiş. Bəs o zaman niyə camaata küçəyə çıxmağa icazə verilir?

Yağış yağanda ucundan tutub göyə çıxmaq, oradakı peykimizdə oturub ayaqlarımızı planetə tərəf sallamaq və “Sevirəm səni, gözəl kəndimiz” mahnısını oxumaq da mümkündür. Lap dərinə getsək, qədim adətləri niyə unudublar, anlamıram. Axı biz vaxtilə belə anlarda ən uzun tort, ən yekə paxlava bişirirdik, əhaliyə paylayırdıq, onlar da məsud olurdular. İndi də yağış kəsən kimi ən azı Dubay şokoladı bişirmək olar. Bağırov körpüsündən Sabunçuya qədər uzunluqda.

Hərçənd deyirlər dünyada bu andıra qalmış şokoladın trendi üzündən püstə qəhətə çəkilmişdir. Çıxış yolu burada da vardır: Dubay şokoladını püstə əvəzinə eşşək qanqalından düzəldə bilərik. Heç kəs fərqi başa düşməz. Bu dəqiqə dükan-bazarımızda ayaqqabı kremini “82 faizli Zelandiya kərəsi” adıyla satmırlarmı? Hindistanda məbəddə öz əcəliylə rəhmətə getmiş 80 yaşlı camışın ətini “islami üsulla kəsilmiş Beyləqan quzusu” adıyla alıb yemirikmi?  Hamı alır, nuş eləyir. Səhv eləmirəmsə, ölən də yoxdur. Səhv eləsəm nə olacaq? Təki adamı Allah saxlasın. Allahın vurduğuna da, saxladığına da heç kəsin sözü ola bilməz.

Yağışdan çıxıb yağmura düşmək kimi olmasın, paytaxtda son dövrlər yanğınlar da artıbdır. Hər gün harasa yanır. Az qalırıq özümüzü Los Ancelesdə hiss edək. (Mən bunu tez-tez yaşayıram, Bakının şimal girişində dağın döşünə yekə ağ hərflərlə “Binəqədi” yazısı vurulub, tərtəmiz məşhur  “Hollivud” yazısının analoqudur). Bəs yanğınların qarşısı necə alınmalıdır? Çox sadə: kibrit yığışdırılsın!

Yağışda tunelə girmirsən, kibriti qadağan edirsən, qanqaldan da şokolad... Yaşa da özün üçün. Kim sənə mane olur? Həyat təkcə ağ-qara rənglərdən ibarət deyil, boz da var. Sözgəlişi, bizim çoxdan anladığımız bu hikmətə dünya alimləri bu həftə gəliblər. Deyir təzə rəng kəşf olunub, sadəcə, insan gözü onu görə bilmirmiş. Eh. Nə təzəsi, biz qırx ildir respublikanı həmin rənglə boyayırıq. 

Sonda keçmişdən bir əhvalatı yazım. O zamanlar ağsaqqal-ağbirçək öyüdü var idi, camaat çətinliyə (oxu: fövqəladə hallara) düşəndə kimə üz tutacağını bilirdi. Yenə belə günlərin birində kimsə kənddə taya yığırmış. Ot qalxır, adam qalır tayanın başında. Gedirlər ağsaqqal çağırırlar. Ağsaqqal gəlir, deyir ip atın, bağlasın belinə, dartın. Belə edirlər, adam tayanın təpəsindən guppultuyla yerə dəyir, çezir. Ağsaqqal təəccüblənir: “Niyə belə oldu, bilmirəm, çünki bu üsulla quyudan dünən adam çıxarmışam”.

Nəsə, camaat ağlaşır, görürlər ağsaqqal da ağlayır. Deyirlər, sənə canımız qurban, ağlama, niyə ağlayırsan, ölüb ölüb da bə, cəhənnəmə ölsün, ağsaqqal deyir: “Sizin vəziyyətinizi fikirləşib ağlayıram. Mən öləndən sonra sizin axırınız necə olacaq?”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR