Onlayn ictimai-siyasi qəzet
Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası işinə başlayıb.
Musavat.com xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbirdə 26 media nümayəndəsi iştirak edir.
Tədbirin açılışında iştirakçıları salamlayan Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib.
O qeyd edib ki, ötən illərdə bir sıra xəbər portallarında paylaşılan xəbərlərdə insan hüquqlarının pozulmasına dair monitorinq edilib və bununla bağlı İnstitut tərəfindən iki hesabat hazırlanıb.
Eyni zamanda, əldə olunan nəticələrdən sonra media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda təlimlər təşkil olunub.
Vəfaddin İbayev bildirib ki, hazırda üçüncü media monitorinq hesabatı üzərində işlər aparılır və media nümayəndələri üçün növbəti maarifləndirici təlimin sentyabr ayında keçirilməsi nəzərdə tutulur:
“İnsan hüquqları ictimai münasibətlərin bütün sahələrində fərdin hüquqauyğun səlahiyyətlərini tanıyan, ona təminat verən və onları müdafiə edən dövlətdaxili hüquq normaları, ümumqəbulolunmuş adət və prinsiplər, beynəlxalq insan hüquqları normaları sistemidir. İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış imkanıdır.
Bu hüquqlardan istifadə etmək, öz hüquqlarını reallaşdırmaq insanın özündən asılı olmalı, dövlət isə həmin hüquqların həyata keçirilməsinin təminatçısı kimi çıxış etməlidir.
İnsan hüquqları ayrılmazdır. Heç kəs insanı təbii hüquqlarından – yaşamaq, şəxsi toxunulmazlıq, özünün həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və sair hüquqlardan məhrum edə bilməz. İnsan hüquqları təkcə dövləti, hüququ, qanunu, qanunçuluğu, hüquq qaydasını deyil, həm də vətəndaş cəmiyyətinin qiymətləndirilməsi meyarı kimi çıxış edir. Hüquqi dövlətin inkişafı, yetkinliyi, xeyli dərəcədə insan hüquqlarının vəziyyəti, bu hüquqların həcmi, dövlət təminatı və həyata keçirilməsindən asılıdır.
İnsan hüquqları fərdə təkcə dövlətin idarə olunmasında iştirak etmək imkanı vermir, həm də dövlətdən aralanmaq, şəxsi həyat sahəsində özünütəyinetmə, əqidəsini, mülkiyyətə münasibətini müəyyənləşdirmək imkanı verir.
İnsan hüquqları ilə bağlı məsələlərdə dövlətin həmin hüquqlarla qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlət insan hüquqlarının üstünlüyünü tanıyır və bununla da özünün hakimiyyət funksiyalarını məhdudlaşdırır. Ona görə də dövlətin həqiqi təbiəti insan hüquqları vasitəsilə, fərdin cəmiyyətdə yeri və rolu, onun dövlətlə qarşılıqlı əlaqələrində aşkarlanır.
Cəmiyyətin normal həyat fəaliyyətinin təminində insan hüquqlarının əhəmiyyəti nəzərə alınmaqla, onların təminatına, müdafiəsinin mexanizm və prosedurlarına xüsusi diqqət yetirilməlidir. İnsan hüquqlarının müdafiəsinin dövlətdaxili və beynəlxalq mexanizmləri hazırda biri-birini tamamlayır və onların təminin mühüm amili kimi çıxış edir.
Ona görə milli qanunvericiliyin insan hüquqlarının beynəlxalq standartlarına uyğunlaşdırılması, milli səviyyədə hüuq normalarının tətbiqi zamanı beynəlxalq mexanizmlər tərəfindən yaradılan təcrübənin nəzərə alınması, qanun normalarınını şərhi zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tətbiqi daim diqqətdə saxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq həmin konstitusiyada təsbit olunuş hüquqular Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunmalıdır. Bunun üçün isə beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsi və nəzərə alınması günümüzün tələbi kimi qiymətləndirilir”.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb.
O bildirib ki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir.
Natiq Məmmədli həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini də vurğulayıb.
Tədbirin davamında İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər.
Bununla yanaşı, mədəni, təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, ekoloji, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub.
Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Afaq Mirayiq,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ