İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft və qazda qiymət artımı gözlənilir? – “Belə siqnallar...”

"Bundan öncə neftin və qazın maksimum qiyməti 2022-ci ilin martında qeydə alınıb. Bunun kökündə Rusiya-Ukrayna müharibəsinin başlanması dayanırdı".

Bunu "Yeni Sabah"a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib.

O, qızılın dünya bazarında rekord həddə (1 unsiya = 3500,1 USD) bahalaşması fonunda hazırkı neft-qaz qiymətlərini təhll edib.

“Bundan öncə neftin və qazın maksimum qiyməti 2022-ci ilin martında qeydə alınıb. Bunun kökündə Rusiya-Ukrayna müharibəsinin başlanması dayanırdı. Nəticədə, təqribən 50-60 il mövcud olmuş ticari əlaqələr qırılmağa başladı. Söhbət Rusiya və Avropa arasında olan ticari dövriyyədən gedir.

O zaman bazarda qıtlıq yarandı. Vahimə, qıtlıq, digər tərəfdən, bazarın necə təchiz ediləcəyi ilə bağlı qeyri-müəyyənlik. Bunun nəticəsində neftdə 137 dollar, qazda min kubmetr üçün 3996 dollara qədər qiymət artımını gördük. Yəni bazar iştirakçıları riskləri qiymətləndirmişdi.

Daha sonra bazar buna alışdı. Rusiyanın enerji daşıyıcısı olmadan Avropada heç kəs soyuqdan ölmədi. Qiymətlər sabitləşdi. Lakin birdən Yaxın Şərqdə vəziyyət alovlandı. Daha dəqiq desək, İsrailin Yaxın Şərqdə hərbi hücumları başlandı.

Bu gün görürük ki, bazar iştirakçılarının qarşısında nə var: İranla ABŞ 3 raund danışıqlar aparır və prosesin davamlı olacağı təxmin edilir. Hər 2 tərəf anlaşmağa meyillidir. Bu isə o deməkdir ki, İrana qarşı sanksiyalar qismən yumşaldılacaq”.

Ekspert qeyd edib ki, neft və qazın qiymətinin artması üçün tələbat da yüksək olmalıdır:

“İkinci tərəfdən, Rusiya və Ukrayna müharibəsi səngiməyə doğru gedir. Amma “ticarət müharibələri”nin real olduğunu artıq hiss edirik. Əvvəllər bu Çin və ABŞ arasında idisə, indi Çin bunu daha çox ölkə ilə aparır.

Dünya Ticarət Təşkilatı açıqlayıb ki, Trampın tətbiq etdiyi “ticarət müharibələri” praktikada özünü ilin ikinci yarısında biruzə verəcək. Ümumən ilin sonuna qədər ticari münasibətlər 7 faiz aşağı düşəcək. Yəni daha az alış-veriş edirsən və bu alış-verişin içərisində ən böyük kapital sənayə məhsuludur. Sənaye məhsulları isə enerjiyönümlü istehsaldır.

Deməli, enerjiyə olan tələbat azalacaq. Bu baxımdan, ötən il üzrə “Brend” markalı neftin orta qiyməti 82.6 dollar olmuşdusa, bu il üçün artıq 62-66 dollar arasında dəyişəcəyi gözlənilir. Baxmayaraq ki, ötən ilin əvvəlində qiymət 79 dollar idi. Yəni azalması gözlənilirdi, amma bu səviyyədə yox.

Sonrakı illərdə enerjiyə yüksək tələbat olmalıdır ki, bu onun qiymətini artırsın. Hələlik belə siqnalları bazarda görmürük”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR