İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli general: “Avropa Birliyi nə qədər qəbul etməsə də bir “xristian klubu”dur”  

“Xristian Ermənistan Azərbaycan tərəfindən ciddi şəkildə təcavüzə uğrayır. “Kimlik və demokratiya” qrupumuzun nümayəndə heyəti ilə birlikdə Avropa Parlamentində simvolik aksiya ilə Ermənistana dəstəyimizi nümayiş etdiririk”.

Avropa Parlamentinin deputatı Tom Vandendrisskenin bu açıqlaması müzakirələrə səbəb olub. Deputatın açıqlamasından açıq-aşkar dini-ayrıseçkilik görünür. 

Mövzu ilə bağlı ehtiyatda olan Türkiyə generalı Yücel Karauz Musavat.com-a danışıb. O bildirib ki,
Avropa Birliyi 1958-ci ildə yaradılan, 1992-ci ildə “Maastrixt sazişi” ilə ortaya çıxan bir siyasi qurumdur:

"Bu qurum yaranandan bəri dünyada və öz regionunda baş verən hadisələrə siyasi, iqtisadi, hərbi baxımından tədbir görə bilmir. Mövzu xristianlıq və öz ölkələri haqda olanda isə səsləri yüksəlir, haqq-ədalət yadlarına düşür. Bu qurumun Xocalıda müsəlmanlar qətl ediləndə, Azərbaycan torpaqları 30 ilə yaxın işğalda saxlanılanda, bu müddət ərzində Azərbaycanın mədəni və dini abidələri məhv ediləndə, həmçinin 44 günlük Vətən müharibəsi zamanı 100-ə yaxın mülki şəxs şəhid ediləndə səsi çıxmadı. Bu baxımdan belə bir qurumun Avropa dəyərləri, demokratiya, insan haqları, mədəniyyət adı altında Ermənistanın yanında durması təsadüfi deyil.

Əlbəttə ki, Avropa Birliyi nə qədər də qəbul etməsələr də “xristian klubu”dur və zaman-zaman türklərə, müsəlmanlara qarşı öz qərəzli mövqelərini nümayiş etdirirlər. Özlərini 40 ildə bir-iki dəfə bizim yanımızda olduğunu, bizimlə bağlı məsələləri müdafiə edirmiş kimi göstərir, lakin fürsət düşən kimi mütləq şəkildə öz kin və nifrətini, ikiüzlüyünü üzə çıxardırlar. Bu, keçmişdə də indi də belə olub və gələcəkdə də belə davam edəcək.

Ümumiyyətlə, Avropa Birliyindən nə Azərbaycana, nə də Türkiyəyə bir xeyir yoxdur. Ona görə də Azərbaycan və Türkiyə yalnız birlik, bərabərlik içərisində, çiyin-çiyinə, qəlb-qəlbə, həmçinin digər türk dövlətləri ilə birlik olduğu zaman, “dəmir yumruqlarımızı” qaldırıb, güclü ordu, güclü xalq olduğumuz zaman ayaqda ola biləcəyik. Belə olan halda zatən onlar istər-istəməz bizimlə bağlı doğru-düzgün davranmağa məcbur qalacaqlar”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR