İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk-erməni görüşü: Ərdoğan Paşinyanı başa sala biləcəkmi - gözlər Praqada

Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclası başlayacaq. Avropa Siyasi Birliyi Avropa siyasəti, təhlükəsizliyi, iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətləşmələr aparacaq. Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi adlı yeni qeyri-rəsmi siyasi birliyin yaradılması gözlənilir.

Avropa Siyasi Birliyi liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Avropa İttifaqının liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çexiyanın baş naziri, birliyin prezidenti Petr Fiala imzalayıblar. Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var. Bu ideyanın müəllifinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson olduğu məlumdur. Bu ideya Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasına hesablanmışdı. Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Makronun yaxın siyasi tərəfdaşı bu ideyanı inkişaf etdirərək, Avropa İttifaqından kənar bir sıra ölkələrin yeni struktura daxil edilməsini təklif etdi.  Ukrayna ilə yanaşı, siyahıya Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova da daxil edildi. İdeyaya görə, Avropa Siyasi Birliyi Avropa siyasəti, təhlükəsizliyi, iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətləşmələr aparacaq qeyri-rəsmi birlik olacaq. Onun yaradılması Aİ-nin oktyabrın 6-da Praqada keçiriləcək sammiti ilə eyni vaxta planlaşdırılıb.

Praqa toplantısında mühüm qərarların veriləcəyi gözlənilir. Bizim üçün ən ciddi məsələ bu görüşdə Azərbaycan, Türkiyə və Ermənistanın müəyyən bir əməkdaşlıq formatı barədə razılığa gələ biləcəyinə dair məlumatlardır. Bir sıra təhlilçilər iddia edirlər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərkən ona bir çox reallıqları başa sala biləcək. Türkiyə mediası yazıb ki, Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaq. Türkiyə liderinin erməni baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir. Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.

Ərdoğan dünyada və regionda xüsusi yeri, çəkisi, nüfuzu olan bir liderdir. Onun Praqa görüşündə Paşinyanı ağıllandıra, reallıqlara doğru addımlamağa sövq edə biləcəyi biriləri üçün gözləniləndir. Bir çox müşahidəçilər iddia edirlər ki, Nikol Ərdoğanı dinləyib, hansısa öhdəliklər götürə bilər. Lakin bəlli olduğu kimi, Paşinyan verdiyi qərarları sonradan dəyişə bilir və kənar təsirlərin altına çox tez düşür. Üstəlik, ‘’erməni məsələsi’’nə qərar verən instansiya yalnız o deyil; bu mövzuda qərarları daha çox erməni diasporu və erməni kilsəsi verir. Bu baxımdan dəyərləndirəndə, Paşinyan Ərdoğanla anlaşsa və üzərinə hətta öhdəlik götürsə, onu sonacan idarə edə, sözündə dura bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə: “Paşinyanın Praqada Ərdoğanla görüşdə üzərinə hansısa öhdəliklər götürəcəyi və vəd verəcəyi ehtimalı var”

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Praqada Prezident Ərdoğanla görüşdə üzərinə hansısa öhdəliklər götürəcəyi və vəd verəcəyi ehtimalı var. Amma nəzərə almaq lazımdır ki, Nikol Paşinyan özü çox mürəkkəb bir durumdadır: "Biz görürük ki, Paşinyan tez-tez üzərinə müəyyən öhdəliklər götürür, müəyyən razılaşmalara gəlir, lakin sonradan öhdəlikləri və razılaşmaları pozur. Bunun isə bir neçə səbəbi var. Birincisi, bu, erməni xislətindən irəli gələn vəziyyətdir. İkincisi, Nikol Paşinyana həm daxildə, həm də xaricdən çox ciddi basqılar var. Erməni baş nazir əslində Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasında maraqlı görünür. O baxımdan ki, Paşinyan regionda qondarma erməni dövlətinin mövcudluğunun Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşmasından keçdiyini başa düşür, anlayır.  Ermənistanın baş naziri anlayır ki, Azərbaycanla münasibətləri normallaşdırmayınca Ermənistanın Türkiyə ilə münasibətlərinin qurulması mümkün deyil. O mənada Paşinyan həm də Türkiyə ilə münasibətlərin düzəlməsində maraqlı görünür. Ona görə də üzərinə müəyyən öhdəliklər götürməli olduğunu da anlayır və Azərbaycanın şərtlərini qəbul etməli, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli olduğunu dərk edir. Eyni zamanda Paşinyan Rusiya tərəfindən idarə olunan revanşist müxalifətin xalqı ona qarşı qaldırıb güc yolu ilə hakimiyyəti devirmək üçün fürsət gözlədiyini də bilir. Fransa və bir sıra dövlətlər də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasını istəmirlər. Ermənistanın baş nazirinə onlar da təzyiq edirlər. Nəticədə Nikol Paşinyan hansısa görüşlərdə üzərinə götürdüyü öhdəlikləri, verdiyi sözü yerinə yetirməkdən yayınır. Biz bunun dəfələrlə şahidi olmuşuq. O baxımdan hesab edirəm ki, Paşinyan cənab Ərdoğanla görüşdə üzərinə öhdəliklər götürsə belə, Ərdoğanın mövqeyi ilə razılaşdığını ifadə etsə belə, sonradan öhdəliklərini icrası məsələsindən yayınacaq və razılaşmalara əməl etməyəcək. Yəni bu ehtimal daha yüksəkdir. Artıq sübut olunub ki, ermənilər yalnız güc dilində başa düşürlər. Onlara ancaq təzyiqlər etməklə irəli sürülən şərtlərin qəbul etdirmək və icrasına nail olmaq mümkündür. Bunlar başqa cür başa düşmürlər”. 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Praqada baş tutacaq Avropa Siyasi Birliyi liderlərinin iclasında ciddi müzakirələrin aparılacağı şübhə doğurmasa da, bölgəmizlə bağlı mühüm qərarların verilməsi ehtimalı çox azdır. Əslinə qalsa, Azərbaycanı narahat edən məsələlər barədə qərarlar artıq verilib. İndi onun icrası təmin olunmalıdır və bu qərarların icrasını ləngitmək üçün Ermənistan hakimiyyəti əlindən gələni edir: “Məhz bu səbəbdən bu görüşdə bizim üçün mühüm əhəmiyyətə malik olan məsələ - Azərbaycan, Türkiyə və Ermənistanın  əməkdaşlıq formatının yaradılması - barədə razılığa gəlinməsi ehtimalı olduqca azdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla sülh sazişi məsələsini müzakirə edəcəyi və müəyyən təkliflər irəli sürəcəyi əvvəlcədən elan olunmuşdu. Baş tutacaq görüş zamanı Türkiyə liderinin erməni baş nazirə bir çox reallıqları başa sala biləcəyi istisna olunmur. Ancaq əsas problem bu deyil. Çətinlik ondadır ki, Paşinyan başa düşdüyü və inandığı məsələləri icra etmək imkanına və qətiyyətinə malik deyil. Təəssüf ki, onun anladığı məsələləri erməni cəmiyyəti anlamaq imkanına malik deyil. Bu səbəbdən Nikol Paşinyan qorxa-qorxa, "bir addım irəli, iki addım geri" taktikası ilə hərəkət edir, danışıqlarda verdiyi sözlərin üstündə dura bilmir. Bu davranış həm sülh sazişinin imzalanmasını, həm də delimitasiya məsələsini, Zəngəzur dəhlizinin açılması prosesini ləngidir".

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Yeni TV"-nin  canlı yayımında

Abutalıb Səmədov: “Onun anladığı məsələləri erməni cəmiyyəti anlamaq imkanına malik deyil”

A.Səmədov qeyd etdi ki, xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsinə dair razılığa gəlinməsi ehtimalı çox yüksəkdir, ancaq bu o qədər də prinsipial məsələ deyil. Əsas çətinlik müzakirə olunan məsələlərlə, xüsusilə Azərbaycanın tələbləri ilə bağlıdır və bu məsələlərdə irəliləyişlər olsa da, Zəngəzur dəhlizi məsələsində ciddi fikir ayrılığı qalmaqdadır: “Azərbaycanla razılıq əldə olunmasa, Türkiyə-Ermənistan münasibətlərini nizama salmaq mümkün olmayacaq və bu barədə Türkiyə rəsmiləri dəfələrlə bəyanatlar veriblər. Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı şübhə doğurmur. Ancaq yaxın müddətdə bu məsələdə razılığa gəlmək ehtimalı demək olar ki, yoxdur. Həm erməni cəmiyyəti, həm qonşu İran və bir sıra qərb ölkələri bu dəhlizin Ermənistanın suverenliyi altında olmasını tələb edirlər. Bu səbəbdən irəliləyişlərin olması mümkünsüzdür. İşlər ona doğru gedir ki, Azərbaycan Laçın sərhəddində sərhəd və gömrük postlarını qoymaq məcburiyyətində qalacaq. Yeri gəlmişkən, 10 noyabr bəyanatında bu postların qurulmasına mane olan heç bir müddəa yoxdur və Azərbaycan istədiyi vaxt bu addımı ata bilər”.

Həmsöhbətimiz vurğuladı ki, Türkiyə Prezidenti dünyada və regionda xüsusi yeri, çəkisi, nüfuzu olan bir lider kimi Praqa görüşündə Paşinyanı ağıllandıra, reallıqlara doğru addımlamağa sövq edə bilər. Ancaq Ermənistan baş nazirinin əsas problemi bu deyil. Heç kimə sirr deyil ki, Nikol Paşinyan reallıqları anlayan və qiymətləndirməyi bacaran ən ağıllı ermənidir. Bu səbəbdən dəfələrlə ağıllı qərarlar, bəyanatlar versə də sonradan arxasında dura və icrasını təmin edə bilmir: “Üstəlik, ‘’erməni məsələsi’’ barədə   qəbul olunan qərarların icrasına  erməni diasporu və erməni kilsəsi ilə yanaşı, Ermənistan və Qarabağ erməniləri də ciddi şəkildə mane olurlar. Bu baxımdan  Paşinyan Ərdoğanla anlaşsa və üzərinə müəyyən öhdəliklər götürsə də, onun arxasında sonacan dura bilməyəcək. Ancaq onun "yedəkdə sürünməsi" uzun müddət davam edə bilməyəcəyinə  görə bu ilin sonunda, yaxud gələn ilin əvvəllərində Azərbaycan-Ermənistan danışıqlarında ciddi addımların atılması tamamilə realdır. Bu addımlar atıldıqdan sonra Nikol Paşinyanın başına nələr gələcək? Şiddətli etirazlar qarşısında növbəti dəfə  hakimiyyətini qoruyub saxlaya biləcəkmi? Bunu gələcək göstərəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR