Onlayn ictimai-siyasi qəzet
Bu ilin ilk 8 ayında ölkəyə gələn turist sayı yenə azalıb - ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalma var. Faiz nisbətində azalma kiçik görünsə də, tendensiya olaraq artıq hər il turist sayının azalmasını müşahidə olunur.
Bəs səbəblər nədir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.
İqtisadçının fikrincə, azalmanın əsas səbəbi Azərbaycanın turizm siyasətinin uğursuzluğudur:
"Bununla yanaşı, quru sərhədlərinin bağlı saxlanması da mühüm rol oynayır. Yəni, quru sərhədləri bağlı olduğu halda turizmin inkişafından danışmaq bir qədər yanlış görünür. İnsanların sərbəst şəkildə gedib-gəlməsi üçün sərhədlər açılmalıdır ki, turizm də inkişaf etsin. Azərbaycanın qonşusu Gürcüstana gələn turistlərin sayı isə Azərbaycandan ən az üç-dörd dəfə çoxdur. Minimum üç, maksimum dörd dəfə artıqdır. Halbuki Gürcüstanın imkanlarına, turistik destinasiyalarına baxsaq, bizdən dəfələrlə azdır. Amma onlar prosesi bizdən daha uğurla idarə edirlər. Burada səbəblər çoxdur.
Səbəblərin içərisində əsas məqamlardan biri turizm azadlıqlarının verilməməsidir. Digər turizm azadlıqları da Gürcüstandakı kimi təmin edilməlidir. Ölkəyə giriş-çıxış daha da asanlaşdırılmalıdır. Viza əksər mühüm ölkələrlə ləğv edilməlidir ki, turist ölkəyə rahat girib çıxa bilsin.
Bəs ziyanı nədir? Ziyanı odur ki, turist gəlməyəcək və ölkədə pul xərcləməyəcək. Ötən il də bu problemlər mövcud idi. Amma ötən il COP-29 layihəsi var idi, bu səbəbdən qonaqlar çox gəlmişdi. COP-29 tədbirləri ilin sonuna qədər davam etdi və turistlərin axını aktiv şəkildə müşahidə olundu.
Beləliklə, ölkənin turizm siyasəti uğursuzluğa düçar olub. Turizm azadlıqları artırılmalı, bu sahədə rəqabət üstünlüyümüz gücləndirilməlidir. Hazırda isə turizm sahəsində rəqabət qabiliyyətimiz aşağı düşüb. Pandemiyadan əvvəlki dövr, xüsusilə 2015–2016-cı illərdəki turizm göstəricilərini təkrarlaya bilmirik. Buna görə də qeyri-neft sektorunun inkişaf istiqamətlərindən biri olan turizm sahəsində ciddi problemlər qalmaqdadır və irəliləyiş müşahidə olunmur".
Xalidə Gəray
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ