İnsanlara hürriyət, millətlərə istiqlal!

Başına avtomatın qundağı ilə vurub minalanmış ərazidə gəzməyə məcbur ediblər – TARİXİ MƏHKƏMƏ  

Bu gün, oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilib.

Musavat.com xəbər verir ki, hazırda prosesdə işğalın ilk illərində törədilən qanlı cinayətlərin şahidləri, zərərçəkmiş şəxslər ifadə verir, istintaq dosyelərindən sənədlər elan olunur. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Məhkəmə prosesində zərərəçəkmiş şəxs İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən, posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İlham Məmmədov bildirib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. O, həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib. Zərərçəkmiş şəxs dövlət ittihamçılarının suallarına cavabında Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və əlavə edib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqeləri tərəfə idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi minalı ərazilərdə gəzdirdilər”.

İlham Məmmədov Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işağlı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər Levon Mnatsakanyanı əvvəllər tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”.

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi vermişdilər. Orda hərbi kafedra var idi”.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR