İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəaliyyətiniz hüquq elmi üçün əvəzsiz töhfədir - Xanlar Ələkbərova 75 illik yubiley təbriki

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovu 75 illik yubileyi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, Assosiasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun imzaladığı təbrik məktubunda deyilir:

“Hörmətli Xanlar müəllim!

Sizin adınız hüquq-mühafizə orqanlarında, eləcə də hüquq elmi və qanun yaradıcılığı sistemində çalışan mütəxəssislərə yaxşı tanışdır. Uzun illər ərzində apardığınız elmi araşdırmalar, hüquq nəzəriyyəsinə verdiyiniz töhfələr və praktiki fəaliyyətiniz Azərbaycan hüquq məktəbinin inkişafında mühüm xidmətlərinizdir.
“Cinayətkarlıqla mübarizədə kompromis”, “Eksklav cinayətkarlığın fenomeni”, “Cinayətkarlığa məsafədən nəzarətin qlobal sistemi”, “Əlverişli cəza tədbirinin elektron müəyyən edilmə sistemi”, “Cəzanın bilinməyən tərəfləri” kimi fundamental əsərləriniz yalnız Azərbaycan elmi ictimaiyyəti üçün deyil, beynəlxalq hüquq elmi üçün də əvəzsiz töhfədir.

Xidmətləriniz yalnız elmi nailiyyətlərlə məhdudlaşmır, Siz həmçinin respublikamızın ictimai-siyasi həyatında tutduğunuz fəal mövqeyiniz ilə də seçilirsiniz. Beynəlxalq simpozium və konfranslarda Vətənin maraqlarını, hüquq sisteminin prinsiplərini və dəyərlərini daim yüksək peşəkarlıqla müdafiə etmişiniz.

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası adından Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, elmi və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR