Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələri Finlandiyanın baş naziri Petteri Orponun “dron divarı” layihəsinin Aİ büdcəsindən maliyyələşdirilməsi və təşəbbüsə bütün üzv dövlətlərin qoşulması təklifinə dəqiq cavab verməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Helsingin Sanomat qəzeti məlumat yayıb.
Orpo, Kopenhagendə keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib:
“Dedim ki, Avrokomissiyada bütün mövcud büdcəni təhlil edib, hansı xərclərin ixtisar oluna biləcəyini müəyyənləşdirmək lazımdır. Bu suala birbaşa cavab verilmədi, lakin bir neçə çıxışda yaxın gələcəkdə maliyyə mənbəyi tapmağın vacibliyi vurğulandı”.
Məlumata görə, Aİ-nin bütün üzv ölkələri Finlandiya baş nazirinin təşəbbüsünü dəstəkləməyib. Layihə üçün maliyyə vəsaiti ayrılması məsələsi 23 oktyabrda Brüsseldə keçiriləcək sammitdə müzakirə olunacaq. Orpo ümid edir ki, həmin vaxta qədər Avrokomissiya layihənin maliyyələşdirilməsi ilə bağlı öz baxışını təqdim edəcək.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen “dron divarı”nın yaradılması ilə bağlı təcili tədbirlər görüləcəyini açıqlamış, Aİ-nin hava məkanına guya baş vermiş müdaxiləyə reaksiyasının “qəti və birgə” olacağını bildirmişdi.
“Dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür. Layihə Rusiya ilə sərhəd boyunca müşahidə vasitələri və pilotsuz uçuş aparatlarına qarşı çoxqatlı avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. Hazırda layihə işlənmə və prototiplərin seçilməsi mərhələsindədir.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ