İnsanlara hürriyət, millətlərə istiqlal!

İki rəhbərin istefası ictimaiyyətdə sual doğurdu – Ardı gələcəkmi?

Xəbər verdiyimiz kimi ötən gün Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Xatırladaq ki, hər iki şəxs uzun müddət Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərib. Onların eyni gündə vəzifədən getməsi ictimaiyyətdə müzakirələr yaradıb. Hətta yeni istefaların ola biləcəyi deyilir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov modern.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ictimaiyyətə aydın və rəsmi açıqlama verməli, öz mövqeyini bildirməlidir.

Bəs Elm və Təhsil Nazirliyində nə baş verir? Yeni istefalar gözləniləndir?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb.

Mütəxəssisin fikrincə Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumun rəhbərinin istefa verməsi ictimai müzakirələrə səbəb olsa da, təhlil göstərir ki, bu, sadəcə kadr dəyişikliyi yox, təhsil sistemində strukturun yenilənməsi, idarəetmənin daha çevik və səmərəli olması istiqamətində atılan addımlardır:

"Əslində, dövlət idarəçiliyində kadr rotasiyası normal prosesdir və məqsəd şəxslərin dəyişməsi yox, sistemin müasir çağırışlara uyğunlaşdırılmasıdır.

Statistikaya nəzər salsaq, hazırda Azərbaycanda 190 minə yaxın tələbə ali təhsildə, 100 minə yaxın şagird isə peşə təhsili müəssisələrində oxuyur. Son 5 ildə peşə təhsilinə qəbul olunanların sayı 2 dəfədən çox artıb. Bu artım, yeni müəssisələrin açılması və əmək bazarına uyğun ixtisasların tətbiqi Ceyhun Kərəmovun rəhbərlik etdiyi Agentliyin fəaliyyətinin göstəricisidir. Digər tərəfdən, Təhsilin İnkişaf Fondu son illərdə yüzlərlə tələbəyə təhsil krediti və qrant dəstəyi verib, xaricdə təhsil layihələrinin maliyyələşdirilməsində iştirak edib. Elnur Nəsibovun rəhbərliyi dövründə gənclərin xaricdə təhsil imkanları genişlənib, tələbələr üçün əlçatan maliyyə dəstəyi mexanizmləri yaradılıb. Bu faktlar göstərir ki, onların fəaliyyəti təhsil sistemində mühüm iz qoyub.

“Təhsil haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən, təhsil müəssisələrinin idarə olunmasında səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi dövlətin prioritetlərindən biridir. Bu baxımdan rəhbərlikdə dəyişikliklər həm qanunvericiliyə, həm də dövlətin idarəçilik strategiyasına uyğundur. İstefalar şəxsi qərar kimi qəbul edilsə də, əslində sistemin davamlı inkişafını təmin etmək üçün yeni yanaşmalara yer açır. Burada mənfi tərəf odur ki, ani dəyişikliklər ictimaiyyət arasında qeyri-müəyyənlik və suallar doğurur. Müsbət tərəfi isə ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi islahatların ardıcıllığını təmin etmək, daha çevik qərar mexanizmləri formalaşdırmaq imkanı əldə edir".

Kamran Əsədov qeyd edir ki, dünya təcrübəsində uğurlu təhsil islahatlarının həyata keçirildiyi ölkələrdə kadr rotasiyası adi haldır:

"Məsələn, Estoniyada və Finlandiyada təhsil sisteminin liderliyə yüksəlməsində idarəetmədə çeviklik, müasir yanaşmaları tətbiq etmək üçün yeni komanda üzvlərinin işə cəlb olunması mühüm rol oynayıb. Azərbaycanda da eyni yanaşma tətbiq edilir: əsas məqsəd şəxsiyyətlərdən asılı olmayan dayanıqlı təhsil idarəetmə modelinin qurulmasıdır.

Müqayisə etdikdə, əvvəlki rəhbərlərin fəaliyyəti ilə yeni dövrün çağırışları arasında fərq aydındır. Onların xidməti danılmazdır – peşə təhsili daha əlçatan olub, təhsil kreditləri sistemi işə salınıb, gənclərin xaricdə oxuma imkanları genişlənib. Amma dəyişikliklər göstərir ki, bundan sonra proseslər daha da sürətlənəcək, idarəetmədə rəqəmsallaşma, şəffaflıq və əmək bazarına uyğun kadr hazırlığına daha çox diqqət yetiriləcək.

Hesab edirəm ki, bu istefalar neqativ hadisə kimi deyil, Elm və Təhsil Nazirliyinin islahatlara açıq və çevik olduğunu göstərən nümunə kimi qiymətləndirilməlidir. Nazirlik son illərdə həm məzmun, həm idarəetmə, həm də beynəlxalq əməkdaşlıq istiqamətində ciddi uğurlar qazanıb və bu dəyişikliklər həmin uğurların davamlılığını təmin edəcək. Elnur Nəsibov və Ceyhun Kərəmovun xidmətləri təqdir olunmalıdır, çünki onların fəaliyyəti təhsilin inkişafında mühüm iz qoyub. Lakin təhsil sistemi fərdlərdən asılı deyil, dövlət siyasəti çərçivəsində inkişaf edir və bundan sonra daha da yaxşı olacaq. Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl addımları ilə bir daha göstərir ki, məqsəd şəffaf, səmərəli və beynəlxalq standartlara cavab verən təhsil sistemi formalaşdırmaqdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR