Onlayn ictimai-siyasi qəzet
AXCP sədri Əli Kərimli 14 sentyabrda Türk şəhidliyi abidəsinin ziyarətini özü üçün siyasi dividentə çevirməyə çalışdı. Alınmadı və dərhal tumanını başına çəkdi- "Türkiyə-Azərbaycan qardaşlığına vurulan zərbə"dən dəm vurdu, hər vəchlə guya şəhidə qiymət verirmiş kimi görünməyə çalışdı.
Özünü vətənsevər biriymiş kimi gözə soxan Kərimli cəmi beş gün sonra, 19–20 sentyabr tarixində 2 il əvvəlki antiterror əməliyyatı barədə bir kəlmə də yazmadı, danışmadı, şəhidlərimizi yad etmədi…
Əgər sənin məqsədin şəhidləri ziyarət etmək və anmaqdırsa, niyə 19–20 sentyabr şəhidlərini yad etmədin? Həmin gün Yevlax şöbəsinin sədri Şəkər Şükürün ad gününü təbrik etmək beləmi vacib idi?
Əslində, Kərimli zehniyyətinin hansı maraqlara xidmətçi olduğunu anlamaq üçün məhz son günlərin bu iki olayını xatırlamaq kifayət edərdi. Lakin “kor satıcının kor da alıcısı olar” məntiqi üzərindən öz məkrli planlarına, daha dəqiqi, tez-tez getdiyi Fransa səfirliyində görüşdüyü DGSE xüsusi xidmət orqanı təmsilçisindən aldığı təlimatlara uyğun olaraq, alət etdiyi sıravi cəbhəçilərə Kərimli zehniyyətinin sıradan bir casus zehniyyəti olduğunu qismən də olsa başa salmaq, onların bu zehniyyətin qurbanlığı olduqlarını izah etmək artıq vacib bir məsələyə çevrilməkdədir. Çünki aralarında yetərincə yurdsevər adamların da cəm olduğu cəbhəçi kontingentinin bu məlum casus zehniyyətinin yalanlarının aləti olmasına seyrçi qalmaq heç də asan bir şey deyil. Hələliksə, çox da uzağa və dərinə getməyək. Son bir neçə ay ərzində baş verənlərə nəzər salaq və birdən-birə Kərimlini yada salıb onu ardıcıl çap edən xarici mətbu orqanların, dəvət edildiyi konfrans və forumları təşkil edənlərin məqsədini və kimliklərini bir daha xatırlayaq.
Başlayaq elə ilk olaraq Varşava Təhlükəsizlik Forumundan. Nə baş verdi ki, bu forumun təşkilatçıları birdən-birə Kərimlini dinləmək həvəsinə düşdülər? Bu sualın cavabı forumun təşkilatçısının ATƏT olduğu məlum olunca, bəlli olur. Bəli, məhz həmin o ATƏT ki, on illərlə Azərbaycan-Ermənistan münaqişəsinin həllinə mane oldu. Hətta mane olmaqla, əslində, Ermənistanın xeyrinə formalaşmış vəziyyətin davamlı olmasına çalışdılar. BMT-nin regional yedək qurumu olmalarına rəğmən, BMT-nin Azərbaycanın xeyrinə qəbul etdiyi qətnamələrin icrasına zərrə cəhd etmədilər, Vaşinqtonda sülh sazişi paraflanınca isə bu qurumun münaqişənin həllinə məsul olan Minsk qrupu tarixə qovuşdu və ATƏT adlı törəmə təşkilat Qafqazlardan qovulurmuş kimi uzaq düşdü. Nə deyirsiniz, ATƏT Kərimlini Azərbaycandan qisas almaq məqsədilə xatırlamış olmasın? O da bir ayrı mövzudur ki, forumun keçirildiyi məkan, yəni Varşava adı da çox məzmundan xəbər verir. Ən azından Polşa prezidentinin Ermənistana, lap dəqiqləşdirsək, Zəngəzura “qəfil” səfərini xatırlasaq, adı təhlükəsizliklə bağlı olan foruma Kərimlinin dəvət edilməsinin heç də Azərbaycanın təhlükəsizliyindən yana bir forum olmadığını anlayarıq….
İkinci dəvət yeri də mahiyyətcə birincidən fərqlənmir. Məqsədi yenə də təhlükəsizliklə əlaqələndirilən Riqa konfransı da Azərbaycanın təhlükəsizliyi baxımından yaxşı heç nə vəd etmir.
Çünki təşkilatçı olan Latviyanın Azərbaycanla bağlı mövqeyi sovetlər dönəminin son günlərindən, daha dəqiqi, Qarabağda erməni faşizminin və separatizminin meydan suladığı günlərdə latviyalı “demokrat” deputatların SSRİ Ali Sovetinin tribunasından erməni separatizminə dəstək dolu çıxışlar sərgilədiyi günlərdən bəllidir.
Kərimlinin bəh-bəhlə dəvət edildiyi üçüncü yer — Afina demokratiya forumudur. Məkanı Yunanıstan, təşkilatçısı Demokratiya və Mədəniyyət Fondu, tərəfdaşı “The New York Times”, himayəçisi Yunanıstanın prezidenti olan bu foruma dəvəti qəbul edən Kərimliyə isə xüsusi bir "bəh-bəh". Bir nəfər tapılmır tutub bunun yaxasından silkələsin ki, ay zavallı, hara getmək istədiyinin fərqindəsən? Axı bu həmin Yunanıstandır ki, Azərbaycan əsgəri haqq savaşında şəhid düşən günlərdə qardaş və müttəfiq Türkiyəmizə qarşı az qala savaş açmaqda idi. Və bu niyyətini həyata keçirmək üçün Fransa ilə birlikdə bütün hərbi donanmasını Ağ dənizdə hərbi təlim adı altında hərəkətə gətirmişdi. Birinci dönəm Tramp hakimiyyətinin müdaxiləsi olmasaydı, nələr yaşanacaqdı nələr... Aydın məsələdir ki, Türkiyənin diqqətinin başqa bir münaqişəyə yönəlməsi bizim savaşdakı uğurumuzun üzərindən iki qalın çarpaz xətt çəkmiş olardı. Amma yox, Kərimli bütün bunları unutdurub, dəyərlərə söykənən mübarizəyə qoşulduğunu zənn edən cəbhəçiləri troll olaraq bu dəvətlərin "raskrutka"sına səfərbər etməsə, daha o Kərimli olmaz ki.
Bu yazının yazılmasında məqsəd açıq və birmənalı olaraq odur ki, cəbhəçilər ayılsınlar və Makron ağılda bir DGSE casusunun onları özü ilə bərabər faciəyə sürüklədiyinin fərqində olmuş olsunlar. Fərqində olsunlar ki, artıq mənsub olduqları AXCP ildə iki dəfə ziyarətinə getdikləri Elçibəy dönəminin AXCP-si deyil. İndiki AXCP Kərimlinin “xidmətləri” sayəsində artıq çoxdandır ki, Elçibəyi və onun ideallarını məsxərəyə qoyanların əlində sadəcə və sadəcə bir vasitədir.
Şəxsi ambisiyalarından doğan kin və nifrət içində boğulan, bu kin və nifrətdən dolayı bütün dəyərlərdən uzaq düşən, cəhənnəmə özünə yoldaş yığan dönük və zavallı birisinin ətəyində dolaşmaq heç kəsə pozitiv nə isə vəd etmir.
Sual yarana bilər ki, Kərimlinin casus fəaliyyəti ilə bağlı bu iddia haradan qaynaqlanır? Sizlər, xüsusən də sərbəst düşünmək qabiliyyəti olan və məhz bu keyfiyyətlərinə görə məqsədli şəkildə partiya idarəçiliyindən kənar tutulan cəbhəçilər əmin olsun ki, Kərimlinin sıradan bir casus aləti olması artıq bir iddia deyil, yetərincə əsaslı faktlara söykənən reallıqdır.
Yekunda Kərimliyə çatacaq net mesaj isə budur ki, əgər o, yazılanların əksini iddia edirsə, şiddətlə tövsiyə olunur, mütləq məhkəmələrə üz tutsun. Sonda qayıdaq yenə də şəhid ziyarəti mövzusuna. Bu mövzu üzərindən xaos yaratmaq cəhdləri edən və bu mövzunu siyasi spekulyasiyaya çevirən Kərimlinin Fransanın “Le Monde” nəşrində “Əliyevə qarşı hansı beynəlxalq təzyiq mexanizmləri işə yaraya bilər?” məzmunlu sual qarşısında Avropa liderlərinə verdiyi təkliflər məxfi edilmiş olsaydı, bu əməl birmənalı olaraq dövlətə xəyanət olardı. Amma açıq-aşkar edilir ki, “Kərimlinin gizliliyi yoxdur” görüntüsü yaratsın.
Əli Rais,
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ