Onlayn ictimai-siyasi qəzet
“Vaşinqton administrasiyası digər ölkələrlə belə razılaşmalara getməyə hazırdır. Razılaşmalar həmin ölkələrin ABŞ-a böyük həcmdə kapital yatırımı etməsi müqabilində onların mallarına tətbiq edilən Amerika gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur”.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.
“Əlbəttə, mən digər ölkələrin rüsumların azaldılması üçün “ödəniş etməsinə” icazə verərdim”, - deyə o, ABŞ tərəfinin bu cür razılaşmaları nəzərdən keçirib-keçirmədiyi barədə suala cavab olaraq bildirib.
Tramp buna nümunə kimi Vaşinqton və Tokio arasında əldə olunmuş razılaşmanı göstərib. Həmin razılaşma barədə o, 22 iyulda açıqlama vermişdi.
Razılaşmaya əsasən, Yaponiya ABŞ-a 550 milyard dollar həcmində sərmayə qoyacaq, ABŞ isə yapon məhsullarına tətbiq etdiyi idxal rüsumlarını 15 faizə endirəcək.
“Yaponiya belə etdi: o, özünə rüsum endirimi “satın aldı””, - deyə ABŞ lideri əlavə edib.
Trampın sözlərinə görə, əgər sözügedən investisiyalar həyata keçirilməsəydi, yapon məhsullarına tətbiq olunacaq tariflər 28 faiz olacaqdı.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ