Onlayn ictimai-siyasi qəzet
“Universal təşkilat olaraq BMT-nin qərarlarının icra edilməsində ciddi problem yaşadığını bilirik. Dünyada baş verən proseslər BMT-yə yenidən baxışı məcbur edir. Bir halda ki, dünyanın müxtəlif yerlərində baş verən münaqişələrlə bağlı təsir mexanizmi yoxdur”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.
Siyasi şərhçi xatırladıb ki, BMT-nin Azərbaycana dair 4 qətnaməsi var idi:
“30 il ərzində həmin qətnamələrin icrasında irəliləyiş olmadı. Bu mənada Azərbaycanı təhdid etmək və Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə daşımaq prosesin həlli üçün ciddi xidmət göstərməyəcək. Çünki BMT TŞ-də Azərbaycan və Ermənistan arasındakı konfliktli vəziyyətlə bağlı mövqeyi olan, yaxud prosesdə iştirak edən bir neçə ölkə var. Onlar proseslərdə moderator olmaq əvəzinə haqsız tərəfin mövqeyini müdafiə edəcəklərsə, bu, ilk növbədə BMT-nin mexanizmlərinə ciddi hörmətsizlikdir. Bu, Azərbaycanın da həmin dövlətlərlə bağlı qərar verməsinə imkan yaradır. İkincisi, Azərbaycan beynəlxalq birlik hesab etdiyi təşkilata hüquqi prizmadan yanaşır və beynəlxalq hüququ hörmətə layiq bir formada, onun prinsiplərini, tələblərini icra edirsə, bu, Azərbaycanın suveren hüquqlarının pozulmaması və təmin olunması istiqamətində olmalıdır. BMT-nin qəbul etdiyi 4 qətnaməyə müraciət etsək, bizim haqlı olduğumuzu isbat edən ciddi faktor ortaya çıxır. Bütün bunlar bizə təcrübə qazandırır ki, öz taleyimizlə bağlı qərarı sürətli şəkildə özümüz qəbul edək. Antiterror əməliyyatlarının keçirilməsi ehtiyacı ortadadırsa, onu dərhal reallaşdıraq. Rusiyanın, Fransanın, Avropa İttifaqının, ABŞ-ın danışıqlarda moderator kimi varlığından imtina edək”.
Əziz Əlibəyli sülh müqaviləsindən də danışıb:
“Görünən odur ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması reallığı ortadan qalxmaqdadır. Çünki Ermənistanın arqumentləri dəyişir. 750 milyon dollarlıq silahı Hindistanın Mumbay limanından İrana, oradan da Zəngəzur dəhlizinə daşıyıblar. Silahın təxminən 70 faizi Rusiya sülhməramlıları vasitəsilə Qarabağa, əsasən də Ağdərəyə keçirilib”.
Ekspertin sözlərinə görə, 2 gündür baş verən proseslər göstərir ki, Azərbaycana qarşı hibrid müharibəni reallaşdırmağa çalışırlar:
“İrana aid “Qüds” briqadaları və “Həşdi Şabi” terror qruplaşması daxil, PKK-nın da iştirak etdiyi 1500 nəfərlik dəstə artıq Qarabağdadır. Onların iştirakı ilə həm separatçıların, həm də Laçın dəhlizi istiqamətində toplaşan erməni ordusunun çarpaz hücumu gözlənilə bilər. Bu, həm də elə bir vəziyyətdə ortaya çıxan şəraitdir ki, sülh addımları ilə bağlı nə əldə olunmuşdusa, onlar zərbə altına düşür və bizim də leqal hədəflərimiz yaranır. Azərbaycan, Türkiyə, Çin, Pakistan, o cümlədən Böyük Britaniya və adını çəkmədiyimiz digər ölkələrin prizmasından yenidən təkrarlana biləcək hərbi əməliyyatlarda kifayət qədər böyüyən bir miqyas yaranır. Bu, İranın məsələsinə çevrilir. Ermənistanın ənənəvi baxışı ondan ibarət idi ki, problemi iki dövlət arasından çıxartsın və qloballaşdırsın.
Afrikada Rusiya-Ukrayna qarşıdurmasının belə təsirləri Qarabağda dərhal hiss olunacaq. Ona görə də daha çox hərbi əməliyyatların olma ehtimalı real görünür.
Azərbaycan suveren hüquqlarından irəli gələn addımları reallaşdıracaq, idarəetmə rejimi müəyyən edəcək və hər kəsi məcbur edəcək ki, onun qaydalarına riayət etsin”.
Aytən Novruz
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ