İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi məsələsi bitdi? – Əslində, nə baş verir?

Son günlər İranın Azərbaycana Araz çayı boyunca alternativ quru dəhliz təklif etməsi, rusiyalı ekspertlərin isə “Zəngəzur dəhlizi aktuallığını itirib” fikrini dövriyyəyə buraxması diqqətləri yenidən bu strateji layihəyə yönəldib. Lakin görünən budur ki, məsələ göründüyündən qat-qat dərin və çoxşaxəlidir.

Musavat.com xatırladır ki, Rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində bildirib ki, “Zəngəzur dəhlizi artıq aktuallığını itirib, İran Azərbaycanın alternativ dəhliz tələbinə cavab verib”. Bu açıqlama ilk baxışda Azərbaycan üçün müsbət təsir bağışlasa da, əslində arxa planda bu dəhliz layihəsini neytrallaşdırmaq və Rusiyanın istədiyi nəzarət mexanizminin əldən çıxmaması üçün təbliğat məqsədi daşıyır. Tarasovun mövqeyi Rusiya ictimai və analitik dairələrinin Zəngəzur dəhlizi məsələsində dəyişən strategiyasını əks etdirir.

Lakin maraqlıdır ki, rəsmi Moskva, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində əks olunan şərtlərə əsaslanaraq, dəhlizin həyata keçməsində ciddi maraqlıdır. Moskva dəhliz vasitəsilə həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını artırmaq niyyətindədir. Ən əsası, bu dəhliz vasitəsilə öz sülhməramlı kontingentinin bölgədə uzunmüddətli qalmasına zəmin yaratmaq istəyir.

Digər tərəfdən, İranın İrəvandakı səfiri Mehdi Sübhani bu günlərdə verdiyi açıqlamada Zəngəzur dəhlizinə qarşı açıq mövqe sərgiləyib. O, bir tərəfdən “dəhliz açılmayacaq” deyə bəyanat verir, digər tərəfdən isə Azərbaycanı güc tətbiqində ittiham edir. Bu isə rəsmi Tehranın Azərbaycanın regional güc statusunu hələ də tam qəbul etmədiyini və Ermənistan üzərindən öz geosiyasi maraqlarını qorumağa çalışdığını göstərir.

Burada vacib bir fərqi qeyd etmək lazımdır: Ağbənd körpüsü üzərindən İran ərazisindən keçən yol heç bir halda Zəngəzur dəhlizini əvəz etmir. Zəngəzur dəhlizi sırf Azərbaycandan Azərbaycana birbaşa və suveren keçid xətti olmaqla yanaşı, beynəlxalq Orta Dəhliz layihəsinin əsas halqalarından biridir. Bu dəhliz təkcə Naxçıvanla quru əlaqə demək deyil, həm də Çinlə Avropanı birləşdirən mühüm logistika magistralı rolunu oynayacaq.

Musavat.com bildirir ki, bəzi iddialara görə, Zəngəzur dəhlizinin Ermənistandan – daha doğrusu, Azərbaycanın tələb etdiyi marşrut üzrə – keçməsi ilə bağlı Bakı ilə İrəvan arasında ön razılaşma əldə olunub. Lakin bu razılaşma rəsmi səviyyədə elan edilmir. Səbəb isə məlumdur – Rusiya bu prosesin içində olmaq istəyir, lakin Azərbaycan və Ermənistan artıq bu layihədə Moskvanın rolunun olmamasında maraqlıdırlar. Çünki 2020-ci il deyil və bölgədə yeni güc balansı formalaşmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə verdiyi sərt və qəti bəyanatlar dövlətin strateji iradəsini ortaya qoyur. Bu məsələ sadəcə iqtisadi yox, həm də geosiyasi və dövlətçilik prioritetidir. Azərbaycan bu dəhlizdən heç bir halda geri çəkilməyəcək. Bunu nə Rusiya, nə İran, nə də digər aktorlar dəyişdirə bilər.

Yekun olaraq qeyd etmək lazımdır ki, “Zəngəzur dəhlizi bitdi” demək, təkcə Azərbaycanın strateji hədəflərini yanlış dəyərləndirmək deyil, həm də bölgədə baş verən geosiyasi reallıqları görməzdən gəlməkdir. Bu layihə hələ başlamayıb, amma artıq yeni dünya düzənində yerini alıb. Və onu əngəlləmək istəyənlərin qarşısında təkcə Bakı yox, Türkiyə, Çin və Orta Asiya ölkələri də dayanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR