İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəndlərdə işıq-qaz 3 dəfə ucuzlaşsa...

Dağlıq rayonlarda qaz istehlakının aşağı olmasının başqa bir səbəbi də digər regionlarla müqayisədə daha kasıb, işsizliyin daha yüksək olmasıdır...

Azərbaycanda iqtisadi inkişaf baxımından regionların Bakı və Abşeron yarımadasından qat-qat geri qalması və bunun yaratdığı problemlər bir daha gündəmə gətirilib. Bu dəfə məsələni Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qaldırıb. O, Bakı şəhərində getdikcə kəskinləşən nəqliyyat problemlərini regionlardan paytaxta olan miqrasiya ilə izah edib.

Z.Orucun sözlərinə görə, paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilib. Komitə sədri bildirib ki, hökumət Bakının 2040-cı il üçün Baş planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, 15 ildən sonra paytaxtda əhalinin sayı 3,17 milyon nəfər olacaq, halbuki qeyri-rəsmi məlumatlara görə, həmin sayda əhali indi Bakıda yaşayır.

Z.Oruc müxtəlif sahələrdə qeydə alınan göstəricilərin ölkə əhalisinin üçdə birindən çoxunun paytaxtda cəmləşdiyini sübut etdiyini bildirib: “Ölkəmizdə ümumilikdə 2023-cü ildə əhali tərəfindən 3.9 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,4 milyard kubmetr qaz istehlak edilib. Yəni ölkə üzrə təbii qaz istehlakının 36 faizi paytaxtın payına düşür. Əhali tərəfindən ümumilikdə 6,6 milyard kv/saat, Bakı şəhərində isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edilib. Yəni ölkə üzrə elektrik enerjisi istehlakının 42 faizi paytaxtın payına düşür. Halbuki Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 faizindən azdır.

Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tarifləri 3 dəfə azaldılsın. Üstəlik, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali üçün qaz tariflərində diferensial tarifləri tətbiq etməyin əsası var. Bunun nəticəsində hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Bakı əhalisindən sonra ən çox təbii qaz istehlak edən Abşeron rayonunun əhalisi olub. Rayon əhalisi ümumilikdə 298,1 milyon kubmetr təbii qaz istifadə edib. Gəncə əhalisi tərəfindən 142,7 milyon kubmetr, Sumqayıt əhalisi tərəfindən 134,6 kubmetr təbii qaz istifadə olunub. Şəmkir rayonu 84,7 milyon kubmetr göstərici ilə 5-ci, Lənkəran rayonu isə 80,8 milyon kubmetr göstərici ilə 6-cı olub. Göründüyü kimi, ən yüksək qaz istehlak edən rayonların heç birində Bakının 20 faizindən çox istehlak qeydə alınmayıb. Ucqar dağ rayonlarında istehlak çox aşağıdır: 2023-cü ildə əhali Yardımlıda 4,1 milyon kubmetr, Daşkəsən rayonunda 5,2 milyon kubmetr və Xızıda 5,8 milyon kubmetr qaz yandırıb.

Qeyd edək ki, əhalinin regionlardan paytaxta axın etməsinin başlıca səbəbini komitə sədri doğru vurğulayıb. Burada ən mühüm səbəb, uzun illərdir müstəqil ekspertlərin də vurğuladığı kimi, bölgələrdə iş yerlərinin azlığı, gəlir imkanlarının məhdudluğudur. Ölkə üzrə müzdlu işçi kimi - yəni rəsmi əmək müqaviləsi ilə çalışan 1,7 milyon nəfərdən çox şəxsin 1 milyona yaxını Bakıda işləyir. Dövlət Statistika Komitəsinin rüblük məlumatına görə, 2025-ci ilin birinci rübünün sonunda Azərbaycanda fəaliyyət göstərən 216 138 sahibkarlıq subyektinin 143 434-ü - 66, 4 faizi Bakıdadır. Daha 14 190 sahibkarlıq subyekti Xızı-Abşeron iqtisadi rayonunda yerləşir. Qalan iqtisadi rayonlarda sahibkarlıq subyektlərinin sayı 8-7-6 min arasında dəyişir.

Tarif Şurasından qaz və işıq pulu ilə bağlı AÇIQLAMA

Dağlıq rayonlarında qaz istehlakının aşağı olmasının bir səbəbi qazlaşmanın aşağı səviyyəsidirsə, digər səbəb bu rayonlarda əhalinin digər regionlarla müqayisədə daha kasıb, işsizliyin daha yüksək olmasıdır. Vəziyyəti ölkə üzrə kredit qoyuluşlarının səviyyəsindən da müşahidə etmək mümkündür. Məlumdur ki, kredit bir qayda olaraq fiziki şəxslərə münasibətdə sabit gəliri - iş yeri və müntəzəm qazancı olanlara verilir. Biznes kreditləri isə aydındır ki, biznesin olduğu, inkişaf etdiyi yerlərdə daha yüksək olur. Bu baxımdan, ölkə üzrə kredit qoyuluşlarının paylanması regionların maliyyə imkanlarını müəyyən etməyə şərait yaradır. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən 2025-ci il may ayının 1-nə banklar tərəfindən ölkə üzrə verilmiş 23 milyard 832 milyon 240 min manatlıq kreditin 17 milyard 358 milyon 187 min manatı Bakının payına düşür. Daha 1 milyard 89 milyon 464 min manatı Xızı-Abşeron iqtisadi rayonuna verilib. Ölkə üzrə ən aşağı kredit faizi də Bakıdadır - 13,75 faiz. Bu, ölkə üzrə orta göstərici olan 14,95 faizdən aşağıdır. Cəmi 191 milyon 289 min manatlıq kredit verilmiş Dağlıq Şirvan iqtisadi rayonunda orta faiz 19,63, 426 milyon 110 min manatlıq kredit portfeli olan Şirvan-Salyan iqtisadi rayonunda 19,61 faiz, 489 milyon 788 min manat kredit almış Qarabağ iqtisadi rayonunda 19,47 faizdir.

Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib. Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 4,23 faizə bərabər olub. Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 6,06 faiz dərəcə ilə 525,9 milyon manat pulu var.

Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 6,15 faiz təşkil edib. Qalan regionlarda əmanətlərin həcmi çox aşağı məbləğlərlə ifadə olunur.

Bütün bunları nəzərə aldıqda, regionlarda iqtisadiyyatın dirçəldilməsinin əhali axınının qarşısının alınması baxımından əsas vasitə olduğunu söyləmək olar. Məlumdur ki, 2023-cü ildən etibarən hökumət işğaldan azad edilmiş ərazilərdəki iqtisadi fəaliyyətlə bağlı 10 illik güzəştlər tətbiq etməyə başlayıb. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Bununla yanaşı, işçilərin sosial ödənişlərinə güzəştlər və bu ərazilərdə çalışan işçilərə əlavə vəsaitlərin verilməsi də nəzərdə tutulur. Ekspertlərə görə, ölkənin digər ərazilərində də iqtisadi inkişaf baxımından ciddi problemlər olduğuna görə hökumətin bu güzəştlərinin əhatə dairəsinin və çeşidlərinin artırılmasına ehtiyac var. Özəlliklə güzəştli kredit imkanlarının həcminin artırılması diqqətə alınmalıdır. Regionlarda güzəştli imkanların yaradılması açılan yeni iş yerləri baxımından Bakı və digər ərazilərdəki kəskin fərqin azaldıması üçün çox vacibdir.

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı,  Bakıda isə..." - Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

Regionlarda sahibkarlığın inkişafı baxımından tətbiq olunan güzəştlər, təşviq alətləri yetərli deyil. Bütün istiqamətlərdə regionlarda çalışan sahibkarlara əlavə dəstəklər, imtiyaz və güzəştlərin tətbiq olunması son dərəcə vacibdir. Xarici təcrübədə yalnız biznes fəaliyyəti ilə bağlı deyil, sosial ödənişlər baxımından da regionlar arasında fərqli yanaşma praktikasının tətbiqi var. Məsələn, Gürcüstanda pensiyaların məbləği yaşla yanaşı, həm də pensiya alan şəxsin yüksək dağlıq ərazidə yaşayıb-yaşamamasına görə fərqlənir. Bu baxımdan, Azərbaycanda da əlverişsiz coğrafi-iqtisadi ərazilərdə yaşayan şəxslərə təyin edilən sosial ödənişlərdə əlavə əmsalların tətbiq edilməsi həm həmin ərazilərdə yaşayan şəxslərin rifahının artırılmasına, həm də miqrasiya prosesinin qarşısının alınmasına töhfə verə bilər.

Komitə sədrinin qeyd etdiyi qaz-işıq qiymətlərində güzəştlərə gəlincə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” neft yatağından əldə olunan səmt qazı pulsuz olaraq dövlətə verilir. 2024-cü ildə belə pulsuz verilən qazın həcmi 3,8 milyard kubmetr təşkil edib. Dağlıq rayonlarda əhalinin qaz istehlakı bu həcmin 35-40 faizindən də aşağıdır. Bu, həmin qaz hesabına dağlıq rayonların əhalisinə qazı yalnız nəql və şəbəkənin saxlanma xərcləri qiymətinə satılması mümkündür. Özünün təbii qazı olmayan Gürcüstan Azərbaycan qazını Türkiyə ərazisinə çatdıran qaz kəmərlərindən (Cənubi Qafqaz Boru Kəməri və TANAP) tranzit haqqı əvəzinə əldə olunan ucuz qiymətli qazın mühüm bir hissəsini dağlıq bölgələrdəki əhaliyə güzəştlə satır. Azərbaycanın bu təcrübədən yararlanması üçün daha çox imkanı var. Eyni güzəştləri yalnız qaz-işıq tariflərində deyil, rabitə, internet, su və digər sahələrdə tətbiq etmək, sahibkarlığa əlavə dəstək verməklə dövlət ortamüddətli dövrdə əhalinin regionlardan Bakıya köçünün qarşısını almağa və bununla da regionların iqtisadiyyatındakı canlanma hesabına gəlirlərini artırmağa nail ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR