Onlayn ictimai-siyasi qəzet
Müharibə illərində Sovet İttifaqı Qəhrəmanı yüksək adına layiq görülmüş Pyotr Polozun hekayəsi hələ də cavabdan çox suallar doğurur. 1962-ci ildə Poloz evində iki nəfəri qətlə yetirib. Pilot etdiyi əməldən peşman olmadığını bildirib.
Hərbi karyera
Pyotr Varnavoviç Poloz 1915-ci ildə Ukraynanın Mitrofanovka kəndində anadan olub, 20 yaşında qırmızı ordu sıralarına qatılıb və orada öz istəyinə nail olub. Poloz Luqanskda pilotlar üçün hərbi aviasiya məktəbini bitirib. O, Dmitri Deqtyaryov, Dmitri Zubov və Sergey Boqatıryovla Xalxin- Qol döyüşlərində fərqləniblər. Vurulan yapon təyyarəsinə görə o, “Lenin” ordeni ilə təltif edilib.
Nasist Almaniyasının SSRİ-yə hücumundan bir müddət əvvəl pilot Lipetskdə ali aviasiya kurslarını bitirib və doğma Ukraynada, Odessa hərbi dairəsində xidmət edib. Buna görə də təəccüblü deyil ki, müharibə illərində Pyotr Varnavoviç birbaşa Odessanın müdafiəsində iştirak edib.
“Atalarınızın şücaəti: 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Sovet Ukraynasının komsomolçuları və gənclərinin faşist işğalçılarına qarşı mübarizə tarixindən” nəşrinin müəllifi Petro Tronkonun yazdığı kimi, Odessa səmasında gedən döyüşlərə görə Poloz Sovet İttifaqının yüksək fəxri adına layiq görülüb. 1941-ci il sentyabrın sonunda o, “I-16”da 119 döyüş növbəsinə çıxıb və 24 hava döyüşündə qalib olub.
Daha sonra Pyotr Varnavoviç Barvenkovo-Lozovskaya əməliyyatında, Stalinqrad və Kursk döyüşlərində, Ukraynanın azad edilməsində və Berlin əməliyyatında iştirak edib. Ümumilikdə müharibə zamanı o, 254 dəfə havaya qalxıb, düşmənin 7 təyyarəsini (digər məlumatlara görə, 12) şəxsən vurub. Pyotr Varnavoviç həqiqətən də cəsarətlə vuruşub, dəfələrlə yaralanıb, lakin evə sağ qayıdıb. Qələbədən üç il sonra 32 yaşlı polkovnik-leytenant təqaüdə çıxıb və Kiyevdə yaşayıb.
Dəhşətli qətllər
İstefada olan polkovnik-leytenant ailəsinin əhatəsində rahat yaşaya bilməyib. 1962-ci ildə faciə baş verib: Sovet İttifaqı Qəhrəmanı eyni anda iki nəfəri öldürüb. “Qızıl ulduzsuz qəhrəmanlar” bioqrafik məlumat kitabının müəllifi Vladimir Konevin sözlərinə görə, Polozun törətdiyi qətl qəribə olub. Hər şey pilotun yaşadığı Artyoma küçəsindəki evdə baş verib. O, özü Sov.İKP MK-nın birinci katibi Nikita Xruşovun şəxsi mühafizəsinin rəhbəri, general Mixail Fomiçevi və onun həyat yoldaşını qonaq dəvət edib və hər iki şəxsi silahı ilə evində güllələyib.
Poloz dərhal həbs edilib. O, günahını inkar etməsə də, motivlərini açıqlamağa tələsməyib. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilsə də, konkret faktlar olmayıb. Tibbi müayinə Pyotr Varnavoviçin paranoid şizofreniya xəstəsi olduğunu müəyyən edib. Varnavoviç hərəkətlərinin səbəbləri ilə bağlı suallara cavab verməyib və susmağa üstünlük verib. Onun həyat yoldaşı da vəziyyətə aydınlıq gətirməyib. Keçmiş döyüşçünün maraqlarını təmsil edən vəkil Ostrovskinin sözlərinə görə, faciədə qəhrəmanın həyat yoldaşının hansısa şəkildə rolu olub.
Nəzəri olaraq, ruhu qeyr-tarazlıq diaqnozu cəzanı yüngülləşdirməli idi. Lakin Xruşov şəxsən təkid edib ki, cangüdəninin qatilinə ən ağır cəza verilsin. Poloz özü də bu hökmlə razılaşıb. Məhkəmədə o, özünü müdafiə etməyə və ya haqq qazandırmağa cəhd etməyib. Törətdiyi cinayətin motivləri barədə heç vaxt danışmayıb. O, sonuncu çıxışında qatilə çevrilməsində müharibəni və dolayı yolla hökuməti günahkar bilib:
“Mənim peşəm qatildir. Nə qədər çox öldürsəm, ölkə rəhbərləri məni bir o qədər ruhlandırırdılar. Qurbanlar təkcə alman pilotlar deyildi. Mülki şəxslər də vardı. Onlar insan deyilmi? Mən bəhanə gətirmirəm. Mən güllələnməyə layiqəm, amma bunu niyə etdiyimi insanlara demək istəyirəm. Axı mən qatil doğulmamışam. Qəbul etdiyim hər döyüş növbəsi və vurduğum hər təyyarə, kiminsə ölümü ordendir, rütbədir, şərəfdir. Bu o deməkdirmi ki, mən təkcə bu qətlə görə cavab verməməliyəm? Mən tək deyiləm və məhkəmədən güzəşt tələb etmirəm. Mən pilotam, azad adamam! Bu, mənim elementimdir və həbslə bağlı hər hansı cəzadan söhbət gedə bilməz. Prokurorun ölüm hökmü tələbini dəstəkləyirəm”.
Polozun qonşusu Aleksey Çerevatenko da xatırlayır ki, pilotun ailəsində işlər o qədər də yaxşı olmayıb: “Müharibədən əvvəl cütlük tez-tez mübahisə edib və bu, bəzən ciddi qalmaqallara səbəb olub. Həyat yoldaşımla onları barışdırmalı olurduq. Bu, müharibənin başlaması ilə də səngiməyib. Tezliklə həyat yoldaşı Stalinqrad yaxınlığında yaşayan valideynlərinin yanına gedib. Pyotr getdikcə ünsiyyətsiz oldu. O, dəli kimi söyürdü: bütün qadınlar eynidir, onlara ancaq axmaq güvənə bilər. Mən buna inanmıram. Mən burada nasistlərlə döyüşərkən o...”.
Bütün hallarda qatilin istəyi təmin edilib və ona ən yüksək cəza verilib. 1963-cü il mayın 3-də hökm icra olunub. Eyni zamanda 19 iyul 1963-cü ildə Poloz ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı titulundan və digər mükafatlardan məhrum edilib. Qəsdən qətl törədən və bu, istintaq orqanları tərəfindən sübuta yetirilən Polozun heç bir reabilitasiyaya məruz qalmayacağı aydın olub. Lakin bu cinayət işinin bir çox məqamları hələ də sirr olaraq qalıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ