İnsanlara hürriyət, millətlərə istiqlal!

STEAM müəllimləri üçün seminar keçirilib

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sentyabrın 30-da STEAM İnnovasiya Mərkəzində Pedaqoqların Peşəkar İnkişaf Seminarı (EPDW) təşkil olunub.

Azərbaycan Respublikasının Kosmik Agentliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə 50 STEAM müəllimi iştirak edib.

Dünya sürətlə dəyişir və kosmos ekosisteminə qədəm qoymaq üçün yeni imkanlar yaranır, qlobal miqyaslı innovasiyalar yaradılır. Bu sahədə STEAM-in xüsusi yeri var və özündə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərini ehtiva edir.

Seminarın açılışında Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Aslanov iştirakçıları salamlayaraq qeyd edib ki, agentlik kosmosa bir neçə peyk buraxıb və onlar vasitəsilə geniş çeşiddə xidmətlər göstərilir. Xidmətlərin coğrafiyası isə Afrikadan başlayaraq Mərkəzi Asiya, Yaxın Şərq və digər regionları  əhatə edir. Azərkosmos qlobal kosmos bazarında özünü etibarlı tərəfdaş kimi təsdiq edib və bu da ölkəmizin kosmos sahəsində formalaşan bir dövlət kimi tanınmasına təkan verib. “Kommersiya fəaliyyətindən əlavə, bizim əsas məqsədimiz Azərbaycanda kosmos ekosisteminin formalaşdırılması üçün müvafiq şəraiti təmin etməkdir. Azərkosmos ölkəmizdəki istedadlı gənclərin kosmos sahəsində təşəbbüslərinə dəstək verməyə hazırdır” - deyə F.Aslanov bildirib.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edib və qeyd edib ki, düşünən, istehsalatla məşğul olan və bazarda öz yerini tapan mütəxəssislərin yetişdirilməsinə böyük önəm verilir. “Ölkədə STEAM mərkəzlərinin sayı artır. Artıq respublika ərazisində 25 mərkəz yaradılıb və yaxın gələcəkdə Şuşa şəhərində də belə bir mərkəzin açılışı gözlənilir. Orta məktəblərdə 1800 müəllim bu istiqamətdə çalışır. Eyni zamanda beynəlxalq əməkdaşlığa da böyük önəm verilir və öz təcrübəmizi Qırğızıstana və Qazaxıstana ixrac edəcəyik”, - deyə İ.Nəzərov qeyd edib.

Daha sonra Yaponiya Kosmik Agentliyinin (JAXA) nümayəndəsi Şinqo Maruoka (Shingo Maruoka) təmsil etdiyi qurumun kosmik proqramları, Yaponiya Kosmik Agentliyinin Kosmik Təhsil Mərkəzinin direktoru Kate Kitagava isə Kosmik Təhsil üzrə Beynəlxalq Şura (ISEB) və aerokosmik təhsil barəsində məlumat verib.

Pedaqoqların Peşəkar İnkişaf Seminarı (EPDW) hər il Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Kosmik Təhsil üzrə Beynəlxalq Şuranın (ISEB) dəstəyi ilə konqresin açılışından bir neçə gün öncə yerli orta məktəb müəllimləri üçün təşkil olunur. Seminar daxilində təcrübəyə əsaslanan öyrənmə mövzusunda interaktiv sessiyalar keçirilir.

Builki seminar Yaponiya Kosmik Agentliyi (JAXA) ilə birgə təşkil olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR