İnsanlara hürriyət, millətlərə istiqlal!

İnstitutlar birləşdirilir - elm qazanacaq, yoxsa büdcə?   

Ekspert deyib ki, sərəncam elmi idarəetmədə yeni mərhələyə keçidi simvolizə edir; nazirdən “ixtisarlar olacaqmı” sualına cavab

Ötən həftə Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi institutların birləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi institutlar birləşdirilərək publik hüquqi şəxslər kimi yenidən təşkil olunacaq. Bu dəyişikliklər 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.

Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi ilə yanaşı, Nazirlər Kabineti və Maliyyə Nazirliyi də bu dəyişikliklərin icrası ilə bağlı müvafiq tədbirləri görməli və yeni qurumların maliyyə təminatını gələcək dövlət büdcələrində nəzərə almalıdır.

İnstitutların birləşdirilməsi nəticəsində idarəetmə strukturunda ixtisarlar, texniki resursların, elmi personalın daha düzgün bölgüsü mümkün olacaq. Bu, həm də elmi əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İnstitutlar birləşdirilməsindən elm qazanacaq, yoxsa büdcə?

Kamran Əsədov: Sosial platformalarda sərgilənən məzmunun təsiri ilə,  uşaqlar arasında zorakılıq, şiddət və mənfi davranış modelləri normal hala  gələ bilər.

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert deyib ki, sərəncam elmi idarəetmədə yeni mərhələyə keçidi simvolizə edir: “Bu sərəncamla Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrin publik hüquqi şəxslər kimi yenidən təşkili nəzərdə tutulur. Birləşmə prosesi mərhələli şəkildə həyata keçiriləcək və 2025-ci ilin sonunadək tamamlanmalıdır. Bu dəyişikliklərin məqsədi kimi elmi idarəetmədə çevikliyin təmin olunması, maddi resursların rasional bölüşdürülməsi, təkrarçılığın aradan qaldırılması, texniki və inzibati ştatların optimallaşdırılması göstərilir. Ancaq bütün bu təşəbbüslərin arxasında duran əsas sual hələ də açıq qalır: bu islahat həqiqətən elmin inkişafına xidmət edəcəkmi?

Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 3.2-ci maddəsində qeyd olunur ki, “dövlətin elmi siyasəti elmin milli maraqlara uyğun inkişaf etdirilməsi və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması prinsiplərinə əsaslanır”. Əgər elmi institutların birləşdirilməsi bu prinsiplərə uyğun şəkildə aparılarsa, nəticədə həm elmi məhsuldarlıq, həm də innovasiya potensialı artacaq. Lakin bu struktur dəyişiklikləri təkbaşına kifayət deyil. İnstitutların birləşməsi yalnız texniki və inzibati bir addım olaraq qalarsa, elmi məhsuldarlıq və keyfiyyət artımı gözləmək reallıqdan uzaq olacaq".

Ekspert deyib ki, birləşmə nəticəsində müsbət gözləntilərdən biri idarəetmədə səmərəliliyin artması, maliyyə və texniki resursların daha məqsədyönlü istifadəsidir: “Bu zaman paralel tədqiqat aparan institutların bir araya gətirilməsi, elmi laboratoriyaların birləşdirilməsi və infrastrukturun bölüşdürülməsi həm xərcləri azaldacaq, həm də sinerji yaradacaq. Həmçinin publik hüquqi şəxs statusu bu qurumlara daha çevik maliyyə planlaması və beynəlxalq donorlarla işləmək imkanı verəcək. Əgər bu struktur çevikliyi elmi təşəbbüslərlə uzlaşsa, bu, institutların yalnız dövlət sifarişi ilə deyil, özəl sektorla da əməkdaşlıq etməsinə zəmin yaradacaq”.

Müsahibimizə görə, məsələnin mənfi tərəfləri də nəzərə alınmalıdır: “İlk növbədə, bu cür birləşmələr zamanı ən çox itirən tərəf adətən elmi kollektivin sosial təminatı və motivasiyası olur. Əməkhaqqı sistemində aydınlıq olmadıqda, kadrların seçimi və vəzifəyə təyin olunmalar şəffaf meyarlarla aparılmadıqda, bu, elmi mühitdə daxili gərginlik və apatiya yaradır. Birləşmə nəticəsində texniki heyətin və inzibati ştatların ixtisar olunacağı ehtimalı var və bu, kadr təhlükəsizliyi baxımından əlavə narahatlıqlar yaradır. Əgər bu struktur islahat paralel olaraq elmi fəaliyyətin məzmununda dəyişiklik yaratmasa, uzun illər elmdə çalışan kadrlar sistemdən uzaqlaşacaq və bu da gənc tədqiqatçıların motivasiyasına mənfi təsir edəcək.

Dünya təcrübəsində elmi institutların birləşdirilməsi müxtəlif nəticələr doğurub. Məsələn, Finlandiyada 2000-ci illərin əvvəllərində elmi mərkəzlər universitetlərə inteqrasiya olundu və nəticədə həm beynəlxalq layihələrin sayı artdı, həm də tətbiqyönümlü tədqiqatların həcmi genişləndi. Digər tərəfdən, bəzi Şərqi Avropa ölkələrində oxşar islahatlar əsasən struktur yüklərinin azaldılması və büdcəyə qənaət məqsədilə aparıldığından, elmi nəticələrdə ciddi dəyişiklik baş vermədi. Bu təcrübələr göstərir ki, islahatın uğuru yalnız inzibati dəyişikliklə deyil, elmi fəaliyyətin stimullaşdırılması, nəticəyönümlü maliyyələşmə mexanizmlərinin yaradılması və akademik azadlığın qorunması ilə bağlıdır.

Bu kontekstdə Elm və Təhsil Nazirliyi və Nazirlər Kabineti qarşısında duran əsas məsələ yalnız strukturun təşkilatı dəyişikliklərini həyata keçirmək deyil, elmi mühitin keyfiyyətini dəyişməkdir. Birləşmiş institutlar müasir tədqiqat mərkəzlərinə çevrilməli, orada beynəlxalq qrant layihələri üçün dəstək sistemləri qurulmalı, multidissiplinar araşdırmalara şərait yaradılmalı və gənc alimlərin elmi fəaliyyətə cəlbi üçün mexanizmlər tətbiq edilməlidir.

Nəticə olaraq, institutların birləşdirilməsi potensial olaraq pozitiv bir islahat ola bilər. Amma bu, yalnız o zaman real nəticə verəcək ki, idarəetmədə çeviklik elmi təşəbbüskarlıqla, büdcə qənaəti isə elmi məhsuldarlıqla müşayiət olunsun. Əks halda, bu islahat sadəcə struktur dəyişiklik kimi tarixə düşəcək, elm isə yenə də gözləmə mövqeyində qalacaq".

REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, bu, əslində büdcənin optimallaşdırılmasıdır: “Doğrudur, əgər büdcənin optimallaşdırılması nəticəsində xərclərin azaldılması ilə yanaşı, effektivlik də yüksələcəksə, bu, elm sahəsində müsbət rol oynayacaq. Amma görünən odur ki, bu sahədə bir pərakəndəlik var idi. Bunu bir mərkəz altında birləşdirib kifayət qədər effektiv strukturlar yaratmaq mümkündür. Bu sərəncam da həmin effektiv strukturların yaradılması yolunda atılan ilk addımdır. Bu, xərcləri optimallaşdıracaq, lakin eyni zamanda elmi fəaliyyəti də yüksəldəcəksə, təbii ki, bunun Azərbaycan üçün ciddi effekti ola bilər”.

“Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə fəaliyyət göstərir. Lakin bu say elmi məhsuldarlıqla mütənasib deyil”.

Bu fikirləri isə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm festivalı”nda səsləndirib. Nazir xüsusi olaraq qeyd edib ki, ayrı-ayrılıqda tədqiqatçıların əməyini qiymətləndirmək lazımdır. Lakin ümumi mənzərəyə baxdıqda bəzi elmi müəssisələrdə, ümumiyyətlə, elmi məhsul istehsal olunmur: “Halbuki ölkə üzrə elmin maliyyələşdirilməsi eynidir. Məsələn, bir qurumun illik saxlanma xərci bir milyon manat təşkil edir, lakin nəticədə təqdim olunan elmi məqalələrin sayı cəmi bir ədəddir. Əgər biz elmin inkişafını təmin etmək istəyiriksə, səmərəli maliyyələşməni təşkil etməliyik”. Emin Əmrullayev əlavə edib ki, 37 təşkilatda aparılan optimallaşma nəticəsində 17 elmi təşkilat təsis olunub. Lakin bu dəyişikliklər çərçivəsində ixtisarlar nəzərdə tutulmur. “Məqsəd bu deyil”, - deyə nazir vurğulayıb.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR