İnsanlara hürriyət, millətlərə istiqlal!

Simvolik vaxtda, simvolik yerdə simvolik səfər

İsrail prezidenti İshak Hersoqun Azərbaycana səfəri bir sıra yubiley tarixlər nöqteyi-nəzərdən simvolik olub: İsrail Dövlətinin 75 illiyi, Bakıda İsrail səfirliyi açılmasının 30 illiyi, Azərbaycan-İsrail münasibətlərinin başlanğıc dövründə hakimiyyətdə olan prezident Heydər Əliyevin yüz illiyi. İsrail səfiri Corc Dikin sözləri ilə desək, ikitərəfli münasibətlər təməli 90-cı illərin əvvəllərində qoyulmuş “üç əsas məsələ” siyasətinə əsaslanır: 1) təhlükəsizlik sahəsində strateji əməkdaşlıq, 2) energetika, 3) tarixi dostluq.

Çox az insanın yadında olar, Azərbaycan-İsrail münasibətlərinin ilk dövrlərində 29 iyun-2 iyul 1994-cü il tarixlərində Heydər Əliyevin İrana rəsmi səfəri zamanı Azərbaycan-İran yekun kommünikesinin hazırlanması zamanı İran tərəfi Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsini İsrailin təcavüzünün və Qərbin anti-islam kursunun paritet şəkildə pislənməsi ilə əlaqələdirmək təklifi irəli sürüb. Amma Əliyev buna qəti etiraz edib, eyni zamanda, erməni təcavüzünün İİR tərəfindən, qeyri-müəyyən şəkildə olsa da, pislənməsinə nail olub. Sonradan, Bakıda yerləşən “İslami-ittihad” hərəkatı da daxil olmaqla, İran tərəfdən Heydər Əliyevin ünvanına açıq təhdidlər səslənib.  Buna baxmayaraq, sonradan təhlükəsizlik sahəsində Azərbaycanın İsraillə əməkdaşlığı strateji xarakter aldı. 2005-ci ildə böyük neft mərhələsinin başlaması ilə isə Azərbaycan İsrailin neft tələbatının 50%-ni qarşılayaraq, ölkənin enerji təhlükəsizliyi çətirinə çevrilib.

İshak Hersoqun səfəri Azərbaycana prezident səviyyəsində ikinci rəsmi səfər idi. 2009-cu ilin iyununda prezident Şemon Peres Azərbaycana səfər edib. Həmin vaxt səfər qeyri-adi hadisə olub, bütün region ölkələrinin və qonşu dövlətlərin diqqəti bu səfərə cəmlənib. Peresi səfərdə İsrailin aparıcı şirkətlərinin 60 nümayəndəsindən ibarət böyük komanda müşaiyət edirdi, onlar Azərbaycan-İsrail biznes forumunda iştirak ediblər.

Səfərinin məqsədini və İsrailin Azərbaycanla əməkdaşlığa artan marağını izah edən prezident Peres birmənalı şəkildə belə deyib: “biz sizə texnologiya verə bilərik, siz isə bizə neft”. Demək lazımdır ki, bu düstur iki ölkə arasında dərinləşən əməkdaşlıq prosesində inkişafını tapıb. Həmin vaxt artıq müdafiə texnologiyalarında ixtisaslaşan Aeronautics ltd şirkəti tərəfindən yüksək texnoloji zavod tikmək qərarı verilib. İki ölkə arasında dərin münasibətlər sürətlənsə də, Bakı bu yaxınlara qədər İranın Azərbaycan-İsrail əməkdaşlığına hədsiz əsəbi reaksiyasını nəzərə alaraq, İsraildə səfirlik açmaqdan çəkinirdi. Buna baxmayaraq, Peresin Bakıya səfərinin əsasında təkcə iqtisadi deyil, həm də siyasi komponent dayanırdı. Amerikanın regionda “geosiyasi vəziyyətin yenidən formalaşdırılması” planı çərçivəsində hərəkət edən İsrail (Türkiyənin ardınca) Cənubi Qafqazda və Xəzər bölgəsində də nüfuzunu artırmaq üçün fəal addımlar atır.

Şübhəsiz, Azərbaycan coğrafi mövqeyi və regionda geosiyasi rolu ilə əlaqədar İsrail üçün ən böyük maraq kəsb edir. İsrailin Azərbaycanda o vaxtki səfiri Artur Lenk qeyd edib ki, “biz də, onlar da, diplomatik dillə desək, mürəkkəb əhatədə olan kiçik ölkələrdir”. Bu fonda, habelə İran təhdidinin artması fonunda Azərbaycan və İsrail bir-birinə lazımdır. O qeyd edib ki, bu vəziyyət qarşılıqlı sərfəlidir - Azərbaycandan bir növ “kəşfiyyat meydanı” kimi istifadə etmək niyyətində olan İsrail daha bir mötədil müsəlman ölkəsini müttəfiq olaraq qazanır. Öz növbəsində, Azərbaycan bir çox aktual məsələlərdə İsrailin və ABŞ-dakı nüfuzlu yəhudi lobbisinin fəal siyasi dəstəyinə ümid edir.

Sonradan 2016-cı ilin dekabrında baş nazir Binyamin Netanyahunun Bakıya səfəri yüksək səviyyəli əlamətdar səfər olub. İsrailin “Mossad” xüsusi xidmətinin rəhbəri Yosi Koen səfəri təhlükəsizlik sahəsində aktual məsələlərin müzakirəsi nöqteyi-nəzərdən strateji əhəmiyyət kəsb edən səfər adlandırıb. Həmin vaxt İsrail rəsmi olaraq iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin yüksəldilməsi məsələsini qaldırıb və bununla əlaqədar ilkin danışıqlar aparılıb. Hər iki tərəf təhlükəsizliyə ümumi təhdidlərlə əlaqədar çoxtərəfli əməkdaşlığı gücləndirmək öhdəliyi götürüb. Bu səfər Azərbaycanın xarici təhdidlərə qarşı təhlükəsizliyini artırmalı və regionda hər iki ölkənin təhlükəsizliyini təmin etməlidir.

İsrail baş naziri Netanyahunun Bakıya səfər zamanı Azərbaycana İsrailin Fələstin və Suriya, FƏTH və HAMAS-la münasibətlərinin tənzimlənməsində vasitəçi funksiyalarını öz üzərinə götürməyi və mediatorluq etməyi təklif etdiyini çox az insan bilir.

Bu səfər həmçinin Netanyahunun Bakıya ilk səfərindən sonra keçən dövrlə bağlı məlumatları tutuşdurmağa xidmət edib.

İsrail baş naziri 29 avqust 1997-ci il tarixində səhər saat 4-də Bakıya gəlib (Seuldan Qüdsə gedərkən yolüstü) və yerli vaxtla 9.00-da vətəninə gedib. O, Zaqulba iqamətgahında Heydər Əliyevlə dörd saat söhbət edib.

“Mən İsrail baş nazirinin Azərbaycana səfərini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün yaxşı imkandır”, deyə Heydər Əliyev bildirib. Öz növbəsində, İsrail baş naziri qeyd edib ki, Bakıya səfərinin əsas məqsədi “iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr yaratmaqdır”.

Turan-ın iki ölkənin təhlükəsizliyi məsələlərinə toxunulub-toxunulmadığı haqqında sualına cavabda İsrail baş naziri belə deyib: “Biz ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə etdik. İki müstəqil dövlət olaraq biz bu münasibətləri möhkəmləndirməli və Türkiyə, İordaniya, Misir kimi digər ölkələri və digər müsəlman ölkələrini cəlb etməliyik”.

İran amilinin Azərbaycan-İsrail münasibətlərinə necə təsir göstərdiyi haqqında növbəti suala cavabda Netanyahu deyib ki, “İsrail İrana nüvə komponentləri verilməsindən ciddi şəkildə narahatdır. Biz vəziyyətin daha da çətinləşməsinə yol verməmək üçün, xüsusən ABŞ vasitəsilə konkret tədbirlər görürük”.

Elə həmin vaxt məlumatlı mənbələrdən məlum olub ki, İsrail və Azərbaycan, nəhayət ki, ABŞ-ın tərəfdaşlığı genişləndirmək üçün ABŞ-ın razılığını alıb. Bundan başqa, BBC-nin müxbirlərinin verdiyi məlumata görə, rəsmi Tel-Əviv Vaşinqtondakı diplomatlarına Azərbaycanın xarici siyasət kursuna hər cür dəstək verilməsi üzərində intensiv şəkildə işləmək göstərişi verib. Hətta belə bir məlumat sızmasa da, tərəflərin “məxfi şəkildə” (baxmayaraq ki, bu, hamıya məlum idi) İran problemini də, Azərbaycanın lobbiçilik mexanizmlərini də müzakirə ediblər.

İsrailin geosiyasi cəhətdən fəallaşmasına iki amil səbəb olub: Fələstinlə müharibənin bərpa olunması təhlükəsi və regionda öz maraqlarının müdafiəsi məsələsində ABŞ-Türkiyə-İsrail anlaysının sinxron hərəkətləri çərçivəsində Bakı ilə daha sıx tərəfdaşlıq münasibətləri qurmaq cəhdi.

Bu qarşılıqlı fəaliyyət sonradan ərazi bütövlüyünün bərpasını və erməni işğalının aradan qaldırılmasını strateji məqsəd olaraq qarşısına qoyan Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin möhkəmlənməsinin mühüm amili olub.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIRPI) məlumatına görə, 2014-2018-ci illər arasında Azərbaycan İsraildən ölçüsünə görə ikinci hərbi texnika alıcısı olub, İsrailin silah ixracatında 17% yer tutub. 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkəsi İsraildən 4,85 mlrd. dollar məbləğində silah alıb.

Heç kim üçün sirr deyil ki, İsrail, Türkiyə və Azərbaycanın əməkdaşlığı 2020-ci ildə 44 günlük müharibədə işğalçı erməni ordusunun məğlubiyyətinə və ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxarıb.

Hersoqun səfəri, xüsusən, həmçinin İranın nüvə silahı və daşıyıcı vasitələrin istehsalını intensivləşdirməsi fonunda İran təhlükəsi ilə əlaqədar regionda vəziyyətin növbəti dəfə gərginləşməsi şəraitində Azərbaycanın təhlükəsizliyini gücləndirmək məqsədi daşıyırdı.

Mayın 4-də İsrailin müdafiə naziri Yoav Qallant Yunanıstana səfəri zamanı bildirib ki, İranın beş nüvə döyüş başlığı üçün kifayət qədər zənginləşdirilmiş uranı ola bilər və Tehrana xəbərdarlıq edib ki, silah xüsusiyyətinin zənginləşdirilməsinə keçid “regionu yandıra” bilər.

Onun iradları beynəlxalq ictimaiyyətin son aylar Tehranın uranı həmişəkindən daha çox, silah səviyysəinə qədər zənginləşdirməsi ilə əlaqədar artan narahatlıqlarını əks etdirir. Ekspertlər deyirlər ki, İslam Respublikasının istəsə “bir neçə” atom bombası yaratmaq üçün kifayət qədər yanacağı var.

“Yanılmayın, İran bir nüvə bombası ilə kifayətlənməyəcək”, deyə Yoav Qallant bildirib.

Bu bəyanatdan əvvəl İranın güc nümayişi və Azərbaycanın Tehrandakı səfirliyinə hücumu ilə əlaqədar Bakı-Tehran münasibətlərində növbəti dəfə gərginlik baş verib. Amma Peresin səfərinin baş tutduğu siyasi mühitdən fərqli olaraq, bu gün Azərbaycan Tehranın təhdidlərinə baxmayaraq, daha müstəqil mövqe nümayiş etdirir, Tel-Əvivdə səfirlik açır və Bakıda Heydər Əliyev Mərkəzində İsrail prezidentini qəbul edir, açıq-aşkar İran təhdidinə qarşı mübarizə səylərinin birləşdirilməsindən danışır.

Azərbaycan dünyada və Yaxın Şərq regionunda böyük nüfuza malikdir. “Biz region üçün ciddi təhdidlər yaradan İranın regional və qlobal təhlükəsizlik strukturuna nəzər saldıq və bu məsələni ətraflı müzakirə etdik”, deyən Hersoq prezident Əliyevlə danışıqlarının təfərrüatını açıqlamayıb.

menim.jpg (106 KB)

Mehman Əliyev,
Turan İA-nın rəhbəri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR