Onlayn ictimai-siyasi qəzet
2011-ci ildə Yaponiyada güclü zəlzələdən və baş verən sunamidən sonra bu ölkə haqda rəvayətlər ortaya çıxdı. Belə bir rəvayət də vardı ki, guya yaponlar Allahın işinə çox qarışdıqları üçün gözəgörünməz qüvvə onları cəzalandırıb. Yaponiya o zəlzələdən və dağıdıcı sunamidən böyük itkilərlə, amma əzmlə çıxa bildi. Ağlamadan, sızlamadan, qıraqdan mədət ummandan. Eynilə iki şəhərinə atılan atom bombasının yaralarını sağaldıb dikəldiyi kimi...
Məncə, Allaha asi çıxanlar heç vaxt bu cür möcüzə ölkə, güclü iqtisadiyyat qurub-yarada bilməzdilər. Əksinə, belə xalqlar bəlkə də Allahın işini asanlaşdırırlar, yerdəki bəndələrinə adam kimi rahat yaşaması üçün mükəmməl texnologiyalar yaradırlar, insanlarına yaxşı təhsil verirlər, başı göylərə çatan göydələnləri təkər üzərində tikirlər ki, təbii fəlakətlərdə itkilər az olsun. Allah təkcə məzlum xalqları deyil, müdrik xalqları da sevər...
Bu gün Mərmərə dənizində 6,2 bal gücündə baş verən zəlzələ İstanbulda cəmi 13 saniyə davam edib. Zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. Sonra ardıcıl avtoşok dedikləri 9 təkan da baş verib. Zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb.15 milyonluq şəhərdə 150 adamın panikaya düşməsi diqqət yetiriləcək hadisə deyil. Amma bunun bir səbəbi də odur ki, alimlər illərdir “böyük İstanbul depremi” deyib əhalini həyacanda saxlayırlar. Yağış yağmazdan əvvəl hava tutulur, sonra göy guruldayar, zəlzələnin ən pis huyu isə qəfil gəlməsidir. Xəbərdarlıqsız-filansız.
Münnəcimliyə gərək yox, təskimlik verəsi olsaq, İstanbul da məsələn, Tokio kimi Allahın nəzərində olan şəhərdir yəqin– məscidləri, kilsələri, tarixi, din adamları, dindar camaatı ilə birgə...
İstanbulda baş vermiş zəlzələ Azərbaycanı da qorxutdu- indi çoxlarının dostu-tanışı, qardaşı-bacısı, oğlu-uşağı həm də İstanbulda, İzmirdə, Ankarada, Türkiyənin dörd bir tərəfindədir axı... Şükür ki, can itkisi olmadan ötüşüb.
Türkiyənin telekanallarına da “gün doğdu”, elektron medianın operativ işi və peşəkarlığı fövqəladə hadisələrdə üzə çıxır. Ölkədə nə qədər zəlzələşünas, torpaqşünas var, indi telekanallardadır. Zəlzələşünas alimləri dinləmək insana rahatlıq vermir, mən şəxsən baxmıram, çünki bir daha əmin olursan ki, Yer-Göyü Yaradan onu istədiyi vaxt altını üstünə çevirə bilər. Heç bir elm, alim, ordu, güc bunun qarşısını ala bilməz. Nə yaponlar, nə amerikalılar, nə türklər...
Sovet hökuməti də Göylə çox əlləşərdi. Qış sərt keçəndə və ya quraqlıq olanda adamlar qısıt səslə, həm də bir az yumorla kosmonavtların Allahın işinə qarışdığını deyirdilər, onları suçlayırdılar... Sovetlər ölkəsində kosmonavtların Göydə nə iş gördüklərini bilən az adam vardı. Bizim coğrafiya müəllimiz deyirdi ki, amerikalılar fəzada öz sərhədlərində divar hörürlər, sovet hökuməti də məcburdur onlar da divar hörsünlər. Allaha şərik “ev tikirlər” yəni. Allahsız, adamlara adam kimi yaşamağa imkan və şərait yaratmayan dövlətin axırı necə olmalıydısa, elə də oldu. Zəlzələ dağıtmadı, özü dağıldı.
Ekoloji problemlər, hava çirkliliyi, fəsillərin dəyişməsi, su qıtlığı, elə Xəzərin quruması gözümüzün qarşısında baş verir. Perspektiv kimi qorxuludur, amma hər şeyin daha yaxşı olacağına, Allahın dinindən, irqindən asılı olmayaraq məmləkətləri qoruyacağına, səbri daşanda onları yalnız silkələyərək sınağa çəkib ayıldacağına, ildırımı, yağışı, tufanı ilə xəbərdarlıq edəcəyinə, günahsız körpələrə qıymayacağına, adamlara daha yaxşı, daha insaflı olacağına şans verəcəyinə inanmalıyıq.
Allah dünyamızı və ölkəmizi qorusun...
Nazim SABİROĞLU,
Musavat.com
24 Aprel 2025
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ