İnsanlara hürriyət, millətlərə istiqlal!

Video ilə şantaj – “süni intellektlə düzəldiblər, real deyil”

Dünən milli mediamızın resurslarında video ilə şantaj barədə iki xəbər vardı. Olayların biri uzaq Çində, o biri yaxın Mingəçevirdə baş verib.

Çində baş verən hadisə məzəlidir. Mingəçevirdə olan isə məzəli sayılmaz, amma yüz faiz ibrətamizdir.
Zərərçəkən tərəf milli şantajçılarımızı tutdurub. Saytlarda ikisinin də şəkli vardı. Cantaraq adamlardı. Birinin yaşı 40+, o birinin yaşı 40- minus idi. Onlar video ilə şantaj etdikləri kişidən 6 min avro alıbmışlar. Kişi özü puldan verdikcə verirmiş. Amma anası deyib, elə şey yoxdur, şikayət edib və adamların barələrində həbs qətimkan tədbiri seçilib. El dilində desək, ikisini də basıblar içəri.

Amma o video nə videosu imiş, hüquq-mühafizə orqanları təfərrüata varmır. Təcrübə deyir ki, video intim xarakterli olub. Yoxsa birinin toyda pis oynamasını, yol gedərkən büdrəyib yıxılmasını, nə bilim, içib sarsaqlamasını göstərən video ilə heç kimi şantaj etmək mümkün deyil. Elə bir videosu olan adam uzaqbaşı deyər ki, gəlin sizə bir qonaqlıq verim, o videonu silin. Şantajçılar 6 min avrodan dəm vursalar, adam deyər ki, ta yayırsınız, cəhənnəmə yayın. Ona görə də güman ki, 6 min avroluq video, türkün sözü, həyat-məmat məsələsi olub. Hərçənd başqa bir söhbət də ola bilər. Adam dövlət məmurudursa, ağzını boş qoyub, İH başçısının, öz nazirinin dalınca pis danışıbsa və bunu gizli şəkildə çəkiblərsə, bu da 6 min avroya dəyən video sayıla bilər.

Xüləs, inşallah, məhkəmədə üzə çıxacaq, o video nə video imiş. Bizim camaat videobaz olduğundan bu saat səbirsizliklə olayın təfərrüatını gözləyir. Hətta indi mən yazının başlığını “İntim video ilə iki şantaj – VİDEOALAR” qoyaram, köşənin oxu sayı rekord qırar. Amma oxucunu əbəs yerə aldatmayaq, məhkəməni gözləyək.

Bax, odur, Çindəki video qalmaqalının axırı məhkəmədə bitib. Əri tərəfindən aldadılan qadın öz evinə videokamera quraşdırıb, ömür-gün yoldaşıyla onun məşuqəsinin intim videosunu çəkib, sonra da sosial şəbəkədə yayıb. Qadın bunu o niyyətlə edib ki, həm ərinin xəyanətini sübut, həm də onun məşuqəsini rüsvay etsin.

Bəs rüsvay olmuş məşuqə nə edib? Heç nə. Üstünə bir butulka benzin tökərək özünü yandırıb... Zarafat edirəm. Nə özünü yandırmaq, nə utanıb qızarmaq? Elə utancaq məşuqələr keçmişdə, Den Syaopinin, Brejnevin vaxtında qalıb. İndiki məşuqələr atmaralıdır, müasir məşuqələrdən, efirə çıxıb “məni bir imkanlı kişi saxlayır, adını çəkmirəm, həcidir” deyənlərdən olub. Ona görə də o, heç bir xəcalət hissi keçirmədən aldadılmış qadını məhkəməyə verib ki, şəxsi həyatımın toxunulmazlığını pozub. Məhkəmə qərar verib ki, video silinsin.

Amma ora Çindir axı. Orda hakimiyyətdə kommunistlərdir və kommunist əxlaqı məşuqə saxlamağı qəbul etmir, nümunəvi ailə başçıları belə tiānhuā yeməməlidirlər. Ona görə də məhkəmə videosu yayılan qadına da evli kişi ilə münasibət qurmasını irad tutub, bu hərəkəti ictimai adət-ənənələrə və sosialist dəyərlərinə zidd sayıb. Qadın kompensasiya da istəyirmiş – guya o, ciddi psixoloji travma alıb. Amma məhkəmə videoya baxıb və bu qərara gəlib ki, ortada psixoloji travma yox, zövq almaq məsələsi var. Ona görə də qadının maddi kompensasiya tələbi rədd edilib.

İndi siz işə baxın. O hadisə öz ölkəmizdə olsa, necə olardı. Bir qadın ərinin intim videosunu çəkər və ya çəkdirərdimi? Bəli. Sonra bunu yayardımı? O tezlikdə yaymazdı. Əvvəlcə o məşuqənin saçını əlinə dolayar, sürüyər, lüt anadangəlmə şəkildə küçəyə çıxarar, söyüb-biabır edər, üz-gözünü cırmaqlayardı.

Qonşuluqdakı cayıllar bu videonu çəkib yayardılar. Daha sonra qadın ərinin başına oyun açardı. (Bu xüsusda variantlar çoxdur).

Xatırlayırsınızsa, ötən illərdə bizdə də aldadılmış qadınlar tərəfindən çəkilən və yayılan ər videoları olub. Güman ki, tərəflər anlaşa bilməmişdilər.

Oxumuş adamlar deyir ki, intim video ilə şantajdan qorxmayın. Deyirlər, çalışın, elə filmlərə çəkilməyin, amma çəkildinizsə, heç olmasa abırlı rolda çəkilin, rolunuz babatdırsa, şantajçılara pul verməyin. Çünki beş dəfə pul versəniz də, onlar sizdən əl çəkməyəcəklər, evinizi, maşınınızı satdıracaqlar, banklardan ətək-ətək kredit götürüb onlara verməyə məcbur edəcəklər. Lap axırda isə videonu yayacaqlar. Ona görə də qoy o ifşa videosunu bəri başdan yaysınlar. Yaysalar, açıqlama verin ki, o mən deyiləm, montajdır, süni intellektlə düzəldiblər, real deyil. Amma bunu deməklə də boş durmayın, şikayət edin, şantajçıları tutdurun. Elə olanda videonu tezbazar siləcəklər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR