Onlayn ictimai-siyasi qəzet
Rusiya İranın danışıqları ilə bağlı məsələlərdə konstruktiv rol oynayır. Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bu həftənin əvvəlində Rusiyanın “RİA Novosti” xəbər agentliyinə müsahibəsində deyib.
Qeyd edək ki, ötən həftənin cümə günü İran xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfər edib. Və özü ilə dini lider Ayətullah Əli Xameneyinin məktubunu da Rusiya prezidentinə çatdırıb. Həmçinin Əraqçi Tehrana Rusiya prezidentinin Əli Xameneyiyə məktubu ilə qayıdıb.
Əraqçinin Moskva səfəri ilə bağlı açıqlamada müzakirə olunan məsələlər arasında Tehranın nüvə proqramı üzrə İran-Amerika danışıqları da olub. Çünki bundan bir gün sonra Əraqçi Romada ABŞ-la danışıqların ikinci raundunda iştirak edib.
Hər nə qədər iki ölkə arasında suallı məqamlar qalsa da, İran rəsmiləri Moskvanı strateji tərəfdaş və vacib qonşusu adlandırır. Üzdə görünməsə də, ABŞ-İran danışıqlarında əsas vasitəçilərdən biri də Moskvadır. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və İranla danışıqları aparan Stiv Uitkofun İranla ilk danışıqlardan əvvəl Moskvaya səfəri, habelə Əraqçinin Moskva səfəri, iki gün əvvəl isə Oman Sultanının Moskva səfəri nüvə danışıqları ilə əlaqələndirilir.
Ötən həftə Moskvada Əraqçi ilə görüşündə xarici işlər naziri Lavrov Rusiyanın ABŞ-İran nüvə danışıqlarında vasitəçi olmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Moskva ABŞ-ın qəbul etdiyi hər cür rolu oynamağa hazırdır. ABŞ-İran nüvə danışıqlarında Rusiyanın iki əsas rolu nəzərdə tutulur.
Birincisi. Tehran üçün Moskva nüvə danışıqları və sazişin təminatçısı kimi çıxış edə bilər. Çünki 2018-ci ildə prezident Trampın nüvə sazişindən birtərəfli şəkildə çıxmasından sonra İran nüvə danışıqlarında etibarlı təminatçı tələbi irəli sürür. Danışıqlar prosesində vasitəçi Oman olsa da, Oman razılaşmada tərəf olmadığı, yəni “altılıq” üzvü olmadığı üçün sazişdə təminatçı rolunu oynaya bilməz. Bu rolu Avropanın 3 ölkəsi – Fransa, Britaniya və Almaniya – və ya Rusiya oynaya bilər. Çin isə daha məsafəli davranır.
Rusiyanın oynaya biləcəyi ikinci xüsusi vasitəçi rolu isə sazişin texniki tərəfi ilə bağlıdır. Məsələ ondadır ki, ABŞ 2015-ci il sazişində olduğu kimi, İrana yalnız dinc məqsədlər üçün kifayət edəcək 3,67 faiz zənginləşdirilmiş uran saxlamaq hüququ verilməsini tələb edir. İranın isə hazırda rəsmi açıqlamaya əsasən 270 kiloqramdan artıq 60 faizdən yüksək zənginləşdirilmiş uranı var. Saziş əldə olunacağı təqdirdə bu uranın hər iki tərəfin etibar etdiyi ölkəyə (Rusiyaya – K.R.) verilməsi və əvəzində İrana aşağı faizdə zənginləşdirilmiş uran verilməsi həyata keçməlidir. Belə bir vasitəçilik rolunu isə hər iki tərəf yalnız Rusiyaya verə bilər.
Yeri gəlmişkən, bu həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Bu sazişi uzun müddət yubatdıqdan sonra Putin və Pezeşkiyan bu ilin yanvarında Moskvada imzalayıb. Bu saziş Rusiya və İran arasında müxtəlif sahələrdə əlaqələrin daha üst səviyyəyə yüksəlməsini nəzərdə tutur. Lakin iki ölkə arasında hələ də suallı məsələlər qalır.
Rusların SU-35 qırıcılarını hələ də İrana təhvil verməməsi İranda vaxtaşırı narazılıq doğurur. Qeyd edək ki, İran və Rusiya arasında əldə olunmuş razılaşmaya əsasən Moskva Tehrana 24 ədəd SU-35 döyüş təyyarəsi satmalı idi. Lakin bu proses uzandı. 2023-cü ilin əvvəlində İrana 3 ədəd SU-35 təyyarəsi verildiyi xəbəri yayılsa da, daha sonra təyyarələrin göndərilməsi barədə xəbər olmayıb. Bu ilin əvvəlində isə mediada İrana göndərilməli olan SU-35-lərin Əlcəzairə verildiyi haqda xəbərlər yayılıb.
Rusiya isə İranın “Şimal-Cənub” dəhlizi layihəsini gecikdirməsindən narazıdır. Rusiya mediasına inansaq, Rəşt-Astara dəmir yolu xəttinin inşası iranlıların səhlənkarlığı səbəbi ilə yubanır. Belə ki, Rusiyanın bu layihə üçün İrana 1,3 milyard dollar ayırdığı məlum olsa da, iddialara görə, dəmir yolu xəttinin keçdiyi ərazilərin sahiblərinin müqaviməti səbəbi ilə inşaat işi dayanıb.
Əslində texniki məsələ kimi görünsə də, bu iki hadisə hər nə qədər son illərdə iki ölkə arasında ciddi bir yaxınlaşma və əməkdaşlıq olmasının fonunda etimadsızlıq və gizli bir soyuqluq olduğunu göstərir. İranda xüsusən də liberal qanad adlandırılan islahat camiəsi Rusiyaya ehtiyatlı və məsafəli yanaşmanı müdafiə edir. Əsas arqument isə Moskvanın həlledici məqamda İranı öz maraqlarına qurban verə biləcəyidir. Rusiyanın ərəb ölkələri ilə münasibətlərdə İran amilini arxa plana atması, Suriyada son hadisələr zamanı qarşılıqlı ittihamlar “islahatçıların” anti-Rusiya tezisini gücləndirib. Lakin ənənəvi Avrasiyaçı xətt Rusiya ilə əməkdaşlığa hələ də isti yanaşır.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ