İnsanlara hürriyət, millətlərə istiqlal!

100-cü günə ümid qalmadı - İlham İsmayıl YAZIR

ABŞ prezidentiləri üçün “ilk 100 gün” termini birinci dəfə 1933-cü ildə 32-ci prezident Ruzvelt tərəfindən səsləndirilib və o gündən simvolik məna daşıyaraq, yalnız ABŞ-də deyil, bütün dünyada yeni prezidentlərin ilk yüz günə hansı uğurlarla daxil olduğunun bir növ hesabatı kimi qəbul edilir.

Trump's 100 Days | CGTN America

Və həmin vaxtdan Donald Trampın ikinci prezidentlik dönəminədək 13 şəxs ABŞ prezidenti olub və hər birinin ilk yüz gündə özünəməxsus çətinlikləri və uğurları olub. Əlbəttə, qarşıya qoyulan məqsədə 100 gündə çatmaq mümkün deyil, amma ən azı uğurla nəticələnəcək işlərin real təməlinin qoyulduğu hissediləcək dərəcədə dünyaya məlum olur. ABŞ-nin indiki prezidenti Donald Trampın ilk 100 gününün tamamlanmasına 7 gün qalır və açığı desək 93 gün ərzində həm daxili , həm də xarici siyasətdə Trampın atdığı addımlar bu günədək yalnız xaos və etirazlar yaradıb, bundan sonra da uğurla nəticələnəciyi real görünmür. Detallara keçməzdən əvvəl qeyd edək ki, ilk 100 gün ərzində hələ heç bir ABŞ prezidentinin əleyhinə ölkə daxilində bu qədər kütləvi etirazlar, impiçment tələbləri yaşanmayıb. Heç bir prezident özündən əvvəlki prezidenti Tramp qədər tənqid və təhqir hədəfinə çevirmədiyi kimi, əvvəlki prezidentlər də özündən sonrakı prezidentlərin siyasətinə adətən münasibət bildirməkdən çəkiniblər. İndi isə Trampdan əvvəlki prezidentlər-Klinton, Obama, Bayden açıq şəkildə Trampın qəbul etdiyi qərarların Birləşmiş Ştatlar üçün təhlükə yaratdığını bildirirlər.

London görüşü baş tutmadı. Tramp 30 günlük atəşkəsə nail ola bilmədi və əvəzində Rusiyanı məmnun edən birbaşa sülh planını irəli sürdü. Krımın Rusiya ərazisi kimi de-yure tanınması, Ukraynanın NATO üzvü olmayacağı, Rusiya üzərindən sanksiyaların götürülməsi, işğal etdiyi ərazilərin də Rusiyanın nəzarətində qalması və de-fakto Rusiya ərazisi kimi qəbul edilməsi Kreml sahibinə 9 may ərəfəsində ikinci qələbənin bəxş edilməsi olardı. Bəlkə də Ukrayna və Avropa İttifaqı Krımın hüquqi baxımdan Rusiya ərazisi kimi tanınmasından başqa digər şərtlərlə razılaşardı və buna bəzi eyhamlar da vurulmuşdu, amma indiyədək verdiyi bütün qərarlar kimi Trampın məlum təklifi də anlaşılmazlıq, etiraz yaratdı və vacib görüşdən imtina edildi.

CROSSMEDIA - ABŞ vitse-prezidenti Ceyms Vens Qrenlandiyaya səfər etdi

Bundan sonra nə olacaq? ABŞ vitse prezident Vens Vaşinqtonun sülh planı qəbul edilmədiyi üçün vasitəçilikdən imtina edəcəyini bəyan edib. Amerikanın vasitəçilikdən imtinası tərəflər üçün bir təhdid xarakteri daşıyır. Ukrayna ABŞ-nin hərbi, maliyyə köməyindən məhrum olur, Rusiya isə danışıqlarda birmənalı olaarq Ukraynanı dəstəkləyən Avropa İttifaqı ilə üzbəüz qalmış olur. Yeri gəlmişkən, Vensin bu bəyanatına Böyük Britaniyadan cavab gecikmədi. Baş nazir Starmer bildirdi ki, “biz həmişə Ukraynanın yanındayıq”. Eyni zamanda Kreml fərqindədir ki, müharibənin uzanması ilə Rusiya əraziləri daha çox dron, hətta yeni Ukrayna raketlərinin hücumuna məruz qalacaq.

Trump meets Zelensky and says it's time to end Russia's war

Tramp bu həftəyə çox ümidli idi və yəqin ki, nəzərində tuturdu ki, 100-cü gününə London anlaşması hədiyyə olacaq və “Baydenin başlatdığı müharibəni mən dayandırdım” bəyanatı ilə dünyaya müraciət edəcək. Ukrayna üçün təklif edilən sülh planı, daha doğrusu kapitulyasiya planı Zelenski tərəfindən imtina edildikdən sonra ABŞ həqiqətənmi vasitəçi missiyasından uzaqlaşacaq, yoxsa Rusiyanı ilkin olaraq 30 günlük atəşkəsə məcbur edəcək? Tramp prezidentlik səlahiyyətlərinin icrasına başladığı bir gündən verdiyi əksər qərarlara ya dəyişiklik edib, ya da imtina qərarını verib. Tariflərlə bağlı verdiyi qərarlarda, İranla, Rusiya ilə və sairə məsələlərlə bağlı başlatdığı siyasətdə dünya Tramp yanaşmasının dəyişkənliyinin şahidi olub. Odur ki, Ukrayna və Rusiya ilə də qərarlarına az da olsa yenidən baxa bilmə ehtimalı da istisna deyil. Amma fakt ondadır ki, 100-cü günə Tramp əliboş gedir.

Ən əsas dünyanın Ukraynada gözlədiyi sülhə nail ola bilmədi və qalan bir həftədə də Rusiyanı atəşkəsə razı sala biləcəyi inandırıcı görsənmir, əksinə məsələnin dalana dirəndiyi ortadadır. Mürəkkəb bir vəziyyət yaranıb. Növbəti 100-gününə Tramp səhvlərini təkrar edəcək , yoxsa baş verənlərdən dərs çıxara biləcək? Trampın xarakteri bunu demir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR