Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya uzun müddətdir davam edən sərhəd gərginliyində Cənubi Koreyaya qarşı qeyri-adi bir silahdan istifadə edir. Belə ki, Cənubi Koreyanın sərhəd kəndləri aylardır Şimal qonşusu tərəfindən yüksək və narahatedici səslərə məruz qalır.
Musavat.com xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Şimali Koreya sərhədinə yaxın Qangva adasında yaşayan sakinlər günün müxtəlif vaxtlarında fərqli səslər eşitdiklərini bildirir və özlərini “səs bombardmanı qurbanları” adlandırırlar.
“Artıq təbiətin səslərini eşidə bilmirik. Tək eşitdiyimiz bu narahatedici və qorxunc səsdir,” – deyə kənd sakinləri Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyinə bildiriblər.
Qeyd olunur ki, iyul ayından etibarən Şimali Koreya sərhəd bölgələrindəki səsgücləndiricilər vasitəsilə gündə 10-24 saat ərzində təbliğat yayımlayır.
Səs mühəndisi Hvan Kvon-ik bu səslərin "1970-1980-ci illərin Cənubi Koreya qorxu filmlərində istifadə olunan səs effektlərinə bənzədiyini" deyir.
Mütəxəssislər qeyd edir ki, gecələr 60 desibeldən yuxarı səs-küy səviyyələrinə məruz qalmaq yuxu pozğunluqlarına səbəb ola bilər. AFP müxbirləri Qangva adasında apardıqları araşdırmalar zamanı səslərin 80 desibel səviyyəsinə çatdığını müəyyən ediblər.
Adanın sakinləri bildirirlər ki, bu narahatedici səs-küy səbəbindən mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edirlər. Onlar keçilərin vaxtından əvvəl doğması və toyuqların daha az yumurtlaması kimi halları da bu səs bombardmanına bağlayırlar.
İqbal RZAYEV,
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ