Onlayn ictimai-siyasi qəzet
Dekabrın 3-də Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Vüsal Tağıyev sədrlik etdiyi proses Ağadadaş Ağayevin ifadə verməsi ilə davam etdirilib.
Müttəhimlər üçün nəzərdə tutulan kürsüyə çıxarılan Ağadadaş Ağayev deyib ki, hadisə baş verdiyi gün ailəsi ilə birgə qəza keçirib:
-“MedEra” hospitalına getdik. Qulağıma 6 tikiş qoyuldu. Evə qayıtdıq. Bacımın qızı ağır xəstə idi. Yoldaşım onun yanına getdi. Mən də oğlumla qaldım. Səhər oğlum getdi. O gedəndən sonra qulağımda ağrılar başladı. Terrasa çıxıb bu adama (mühafizəçi Nurəddin Cəlilovu nəzərdə tutur – E.M) dedim ki, həkim çağır. Əvvəlcə donub qalmışdı. Sonra da gözünü yumub ağzını açdı. Mən ondan imdad diləyib, kömək isyəyirdim. Aşağı düşdüm. Gördüm ki, qapımdadır. Taksi şoferi onu qapıdan uzaqlaşdırmağa çalışırdı. Sonra ikinci dəfə qapıya gəlib məni təhqir etdi. Əlində də nəsə vardı. Ona görə də uşaq otağında olan baltanı götürdüm. Şişirdirlər ki, qəssab baltasıdır. Qəssab baltası yox, bağda işləmək üçün, güllərin altını işləmək üçün baltadır. Baltanı götürməklə onu qorxutmaq istədim. İstədim ki, məndən uzaqlaşsın. Qorxutmaq üçün baltanı ona atdım”.
Ağadadaş Ağayev babasının tanınmış adam olduğunu, qan davalarını yatırdığını, onun özünün də davadan uzaq adam olduğunu deyib:
-Məni o yerə çatdırdı ki, sortiklə, ayaqyalın onun üstünə gəldim. Mən həyətdə şortiklə gəzmirəm. Onlar təxminən 3 nəfər idilər. Ona kömək edirdilər. Musiqi dili ilə desək, fonaqrama idilər. Gözümün üstünə, yaralı qulağıma belə zərbə vurdu, yerə yıxıldım. Yerə yıxılan adamı necə vurmaq olar? Bu nankorluq, insaniyyətdən kənar...
Zərərçəkmiş Nurəddin Cəlilovun vəkili Ağadadaş Ağayevin son sözlərinə etirazını bildirdi. Hakim etirazın qəbul edildiyini dedi, Ağadadaş Ağayevə zərərçəkənin şəxsiyyətinə toxunan ifadələrdən çəkinməyi tövsiyə elədi.
Ağadadaş Ağayev bildirdi ki, baş verənlərdən sonra orada olan şəxslərdən birinin köməyi ilə evinə gedib.
Sərbəst ifadə verəndən sonra Ağadadaş Ağayev dövlət ittihamçısı Babək Zakirzadənin suallarını cavablandırdı.
Bildirdi ki, qulağının yaralanması ilə nəticələnən qəza saat səhərə yaxın 4-5 işləmiş baş verib. Səhər 7-8-ə işləmiş isə məlum insident yaşanıb.
Nurəddin Cəlilovla əvvəldən tanışlığının olmadığını, sadəcə onun həmişə ərazidə səs-küy saldığını, taksi sürücüləri ilə dalaşdığını görüb.
-Siz həmin anda ağrılar içində idiz?
-Qulağımda anesteziyanın təsiri getmişdi deyə ağrılar vardı. Buna (Nurəddin Cəlilovu nəzərdə tutur - E.M)da dedim ki, “MedEra”da əməliyyat olunmuşam. Həkim də deyib ki, bir problem olsa, çağır. Mən də buna dedim ki, həkim çağır. O da cavab verdi ki, sən qudurmusan. Çox ağır halda idim. Başqa sözlər də deyirdi. Ona görə də düşdüm aşağı. Gördüm ki, qapıma gəlib, taksi sürücüsü də onu dartıb aparır. Başa düşdüm ki, bu öyrədilmiş adamdır, “provakator”dur.
-Ağrılar içində belə qəlif fikirlər düşünürdüz?
-Yox, mən 40 ildir ki, toylarda, xalqın içindəyəm. İnsanların psixologiyasını bilirəm. Onun əlində dəmir parçası vardı. Ona görə də həyətdən çıxanda o aləti götürdüm.
-Nə məqsədlə götürdüz o aləti?
-Özümü müdafiə etmək üçün.
-Deyirsiniz ki, onu qapınızdan çəkib aparmışdılar. Çölə də əlinizdə alətlə çıxdınız.
-Onu qorxutmaq istəyirdim. O, məni provakasiyaya çəkdi. Məni çəkib dalınca apardı.
-Siz ona baltanı atanda aranızdakı məsafə nə qədər idi?
-10 metr.
-Aralanmışdısa, baltanı ona niyə atırdız?
-Gedib “budka”sına girsin.
-10 metr məsafədən nə təhlükə kəsb edirdi ki, balta atırdız?
-Üstümə gəlirdi. Bu hazırlanmış, düşünülmüş məsələdir.
“İnsanlıqdan çıxmışdım...”
-Nəzakət Paşayevavanı tanıyırsınız?
-Baltanı atandan sonra onun ayağına dəydiyini bilirsiniz?
-O zaman əsəbi idim, insanlıqdan çıxmışdım.
-Sonra nə oldu?
-Məni 1 nəfər taksi şoferi evimə apardı.
Siz zərərçəkənə xəsarət yetirmisiniz?
-Yox, onun burnunu yalandan, elə belə bağlamışdılar. Mən yerə yıxılmışdım, elə bil ölü ilə diri dalaşırdı.
-Törətdiyiniz əmələ münasibətiniz necədir?
-Çox pisdir! Mən Xalq artistiyəm. Azərbaycan bayrağı ordeni daşıyıram. Buna qədər mənim həyatımda belə şey olmayıb.
-Əməlinizdən peşmansız?
-Günahkar kimi yox, insan kimi hə.
“Xalqın içində böyüdüyünüzü deyirsiz, bu tərəfdən də xalqın nümayəndəsinə balta atırsız”
Dövlət ittihamçısından sonra Ağadadaş Ağayev Nurəddin Cəlilovun, Nəzakət Paşayevanın vəkillərinin suallarını cavablandırıb. Deyib ki, xalqın içində böyüyüb, heç zaman kiminləsə insidenti olmayıb.
Nurəddin Cəlilovun vəkili Rəna Məmmədovanın “xalqın içində böyüdüyünüzü deyirsiz, bu tərəfdən də xalqın nümayəndəsinə balta atırsız” sualına Ağadadaş Ağayev sərt reaksiya verib. Xanım vəkilə qarşı aqressiv davranış sərgiləyib. Hakim Ağadadaş Ağayevə davranışına görə irad bildirib.
Ağadadaş Ağayev baltanı atarkən əlində metrəsi olmadığını açıqladı
Vəkilin “hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdinizmi” sualı Ağadadaş Ağayevin özündən çıxarıb. Müğənni “mənə savadsız suallar verməyin” cavabını verib. Vəkil Ağadadaş Ağayevə irad bildirib, danışığına fikir verməsini, sualları cavablandırmasını istəyib.
Vəkilin növbəti sualı belə olub:
-“MedEra” hospitalının qarşısını neçə dəfə gedib-qayıtmısız?
-1 dəfə getmişəm, 1 dəfə də qayıtmışam.
-“MedEra” hospitalının qarşısındakı şlaqbauma balta ilə zərbələr vurmusunuz?
-Yadımda deyil.
-Baltanı Nurəddin Cəlilova atanda aranızda məsafə nə qədər idi?
-5-6 metr.
-Sərbəst ifadənizdə 10 metr dediz.
-Mənim əlimdə metrə yox idi ki, ölçüm orada aramızdakı məsafəni. Metrə ilə gəzmirəm ki...
-Baltanı atanda orada kimlər vardı?
-Heç kim yox idi.
-Nurəddin Cəlilova, onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadə işlətmisiniz?
-Mən təhqiramiz ifadə işlətmişəmsə, mənim özümə aid olsun.
-Bəs baltanı niyə atırdız?
-O ət baltası deyil, oyuncaqdır.
Ağadadaş Ağayev “vintovoy” pilləkəndə qəza keçiribmiş...
Bundan sonra Nəzakət Paşayevanın nümayəndəsi Gülşən Salmanova Ağadadaş Ağayevə suallar ünvanladı.
-Həmin gün qəza keçirdiyinizi dediz. Nə qəza keçirmisiz?
-Evdə “vintavoy” pilləkən var. Orada vedrədə su vardı. Pilləkən də su olmuşdu. Ayağım sürüşdü. Yıxıldım. Yoldaşım da məni tutdu. Amma yıxıldım.
-İçkili idiz?
-Bu nə sualdır? Gecənin o vaxtı alkaşlar içki içər. Mənə belə suallar verməyin. Mən əl oyuncağı deyiləm! Sən kimsən ki, mənə belə suallar verirsən?
Nümayəndə Ağadadaş Ağayevin ona sən deyə müraciət etməsini irad bildirdi, suallara cavab verməsini isitədi.
Ağadadaş Ağayev isə ona aqressiv tonda cavab verdi:
-Sən mənə sual verə bilməzsən!
Hakim Ağadadaş Ağayevə irad bildirməklə nümayəndənin suallarına cavab verməli olduğunu dedi.
Xalq artistinin psixoloji durumunu yoxlamaq üçün ekspertiza təyin oluna bilər
Nümayəndə isə məhkəmənin diqqətinə çatdırdı ki, verdiyi suallar Ağadadaş Ağayevin hadisə baş verərkən psixoloji durumunu aydınlaşırmağa xidmət edir. Yeri gələrsə, Ağadadaş Ağayevin psixoloji durumunun yoxlanılması üçün ekspertizanın təyin edilməsi məsələsinin də qaldırılacağını nəzərə çatdırdı. Nümayəndənin bu sozləri Ağadadaş Ağayevi bir qədər də aqressivləşdirdi:
-Bu nə suallardır mənə verir? İçki içirsən, içmirsən? Ara adamı kimi suallar verir. Dombalaq aşırsan, aşmırsan...
Nümayəndənin növbəti sualı belə oldu:
-İfadəni özünüz vermisiz, özünüz qol çəkmisiz?
-Bəli, gecə də oyatsaz, elə belə də cavab verməsəm şərəfsizəm.
-Deyirsiniz ki, Cəlilov 3-4 dəfə qapınıza yaxınlaşıb?
-Videoda da var. O, həmişə ərazidəki taksi sürücüləri ilə, “stoyanşik”lə dalaşırdı.
-Deyirsiniz ki, bu adam mübahisəlidir. Mədəni şəkildə xahiş etdiniz, o da sərt şəkildə cavab verdi. Sizə nə mane olurdu ki, qapını açmayıb gedib evdə oturub cavab verməyəsiz?
-Nə ağıllı danışırsız eee...Mən evdə qala bilməzdim.
-Deməli siz mübahisəni davam etdirmək üçün küçəyə çıxdız?
-Mənə sual vermək əvəzinə həyat dərsi keçirsiz. Belə vəkil olar?
Ağadadaş Ağayevin vəkili Asim Abbasov da suala etiraz etdi.
Nümayəndənin növbəti sualı belə oldu:
-Mühafizəçi tibb personalı çağırandır?
-Siz müsəlman deyilsiz?
-Siz ermənisiniz?
-Erməniyə nə olub, onlarda da yaxşı insan var.
-Baş verənlərdən sonra Nəzakət Paşayeva ilə maraqlandız?
-Siz tərəfi məhkəməyə vermək haqda düşünmürdüm, ona görə də maraqlanmadım. Bu hadisə olmasaydı, ona, 1000-2000 manat maaş verərdim.
Ağadadaş Ağayevin vəkili Asim Abbasova ona “Nurəddin Cəlilovun təhqiramiz ifadələri olmasaydı, bu hadisə baş verərdi” sualına müttəhim mental dəyərlərdən danışmaqla cavab verdi. Dediklərindən belə anlaşıldı ki, mental dəyərlərə toxunulduğundan bu hadisə baş verib.
Hakim də Ağadadaş Ağayevə sual verdi:
-Sərbəst ifadənizdə dediniz ki, baltanı özünüzü müdafiə etməkdən ötrü götürmüsünüz. Evinizin içində özünüzü kimdən müdafiə edirdiz?
Ağadadaş Ağayev sualın məntiqli olduğunu, o, baltanı götürməklə küçəyə çıxdığını, lakin baltanı özünü müdafiə etmək üçün, qarşı tərəfi qorxutmaq üçün götürdüyünü dedi.
Bundan sonra zərərçəkmişin vəkili dedi ki, Ağadadaş Ağayevin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var. Vəkil Ağayevin ifadəsinin elan edilməsini məhkəmədən xahiş etdi.
İfadə elan edildi. İfadəsində Nurəddin Cəlilovun üstünə 1 dəfə getdiyini bildirib.
İdafə elan ediləndən sonra zərərçəkmiş Nurəddin Cəlilovun vəkili Rəna Məmmədov Ağadadaş Ağayevə bir neçə sual verdi:
-Baltanı əlinizdə gizlətdiyinizi dediz. Niyə gizlədirdiz?
-Kritik bir şey olsa, göstərmək üçün gizlədirdim.
-Siz o baltanı çıxarıb Nurəddin Cəlilovun üstünə gedəndə “səni baltalayacağam” deyirdiniz?
-Onun adı baltadır, əslində balta deyil. Mən onu baltalamaq istəsəydim, “səni baltalayaram” deməzdim, kişi kimi baltalayardım!
-Siz o baltanı evinizin qapısından “Medera” hospitalının içinə atdınız?
-O məni təhrik etdi, mən də ora qədər getdim, baltanı ona tərəf atdım.
Bundan sonra proses dekabrın 17-si, 16:30-a qədər təxirə salındı. Qeyd edək ki, Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ