Onlayn ictimai-siyasi qəzet
Erməni xalqının ən böyük probleminin öz ziyalıları olduğu barədə dəfələrlə deyilib, yazılıb. Bu faktdır.
Gerçəkdən də bu xalqın əsas dərdi nə qonşularıdır, nə ölkənin əlverişsiz coğrafi relyefidir, nə də əhalinin kasıblığıdır. Bu xalqı xroniki iztirablara məruz qoyan onları daima yanlış düşüncələrə daldıran öz ziyalıları, oxumuş adamlarıdır.
Məhz onlar 100 il, 500 il əvvəl baş vermis əhəmiyyətsiz hadisələri yaddaşlarında saxlayır, şişirdə-şişirdə böyüdür, ilahiləşdirir, adi faciəni əzizləyib millət dərdinə çevirir, yerdə qalan xalqı onunla yaşamağa vadar edir, uşaqların, yeniyetmələrin, gənclərin beynini zəhərləyirlər.
Bəlkə də fərqli düşünən, özünü erməni nasizminin metastazından xilas edən ziyalılar da var, fəqət onların səsi sərasər şovinizm nəğmələri oxuyan xorun polifoniyası qarşısında eşidilmir.
Budur, Mixail Şaxnazrov ad-soyadlı bir erməni yazıçı, jurnalist və bloger bir dostunun guya ona “Nədən İsraili dəstəkləmirsən” sualına verdiyi cavabı izah edən video paylaşıb. Şaxnazarov həmin videoda deyir ki, İsraili ona görə dəstəkləmir ki, məhz İsrail Ermənistan-Azərbaycan müharibəsində Azərbaycana silah verib və israilli hərbi təlimatçılar azərbaycanlı hərbçilərin Dağlıq Qarabağda “əsl genosid” həyata keçirmələrinə yardım ediblər.
Azərbaycanın İsraildən “puluna minnət” prinsipi ilə effektiv silah alması və onları təyinatlarına uyğun işlətməsi doğrudur, bəs “Dağlıq Qarabağda əsl genosid” nə vaxt olub?
İstər 44 günlük müharibə zamanı, istərsə də 24 saatlıq lokal antiterror əməliyyatının gedişində yalnız legitim hədəflərin vurulduğu BMT tərəfindən belə təsdiq edilib. Maraqlanan hər kəsə bəllidir ki, bu əməliyyatlar zamanı mülki şəxslərə hücum edilməyib və önlar nə öldürülməyib, nə də girov götürülməyib. Yalnız bəzi epizodlarda artilleriya batareyalarına kömək edən könüllü mülki şəxslər zərər çəkib, o da onların öz seçimi idi. Mülki geyimdə olaraq hərbi əməliyyatda iştirak etmək adamı dərhal legitim hədəfə çevirir. Əlində silah tutan adam artıq mülki şəxs sayılmaz.
24 saatlıq əməliyyatda isə hətta 10 mindən artıq erməni hərbçi əsir götürülə biləcəyi halda, Azərbaycan bunu etmədi, sırf humanism prinsiplərini əsas tutdu, dövlətimizə, xalqımıza güllə atmış adamların ölkədən çıxmalarına şərait yaratdı.
Şaxnazarov isə “əsl genosid”dən danışır və yeni nəsil ermənilər ona qulaq asaraq inanırlar ki, bu boyda adam tele-çıxışı zamanı belə bir söz deyirsə, demək, həqiqətən bu cür hadisə baş verib. Sonra daha bir erməni Şaxnazarova istinad edərək həmin uydurma “genosid” söhbətini bir az da şişirdəcək, başqalarına real fakt kimi təqdim edəcək. Nəticədə yüz minlərlə erməni Azərbaycan xalqına aşırı nifrət bəsləməkdə davam edəcək, ara yerdə yəhudi xalqına da düşmən kəsiləcək.
Əslində Mixail Şaxnazarov Ermənistan üzü görməyib, 1967-ci ildə Riqada anadan olub, uzun illər Latviyada yaşayıb. Latviya bankının filialını və sığorta şirkətini idarə edib. Sonra sahibkarlığı tərk edərək jurnalist olub, Latviyadan Moskvaya köçüb, informasiya agentliyində, telekanalda işləyib, “İzvestiya”, “Life” və “Russia Today” nəşrlərində köşə yazarı kimi çalışıb, kitablar, roman və şeirlər yazıb.
Fəqət o, iki xarici ölkədə yaşayıb-işləsə də, etnik kökəni etibari ilə erməni olduğunu unutmayıb. Onun yerinə başqa bir millətin oğlu olsaydı, çoxdan ata-anasının danışdığı dili unutmuş, yerli mühitə tam adaptasiya olunmuş, kosmopolit düşüncələr əxz etmiş biri olardı. Ancaq məhz ermənilər çox da matah şeymiş kimi erməni milli kimliklərini qətiyyən ikinci plana keçirmir, etnik mənsubiyyətləri bütün bəşəri dəyərlərin fövqünə qoyurlar.
Nasizmin nə qədər mənfi tərəfləri olsa da, bəlkə də buna necəsə haqq qazandırmaq olar, amma yalanlar uydura-uydura, əhəmiyyətsiz hadisələri şişirdib böyüdə-böyüdə, xalqlar arasına nifaq və düşmənçilik toxumu səpə-səpə insanların beynini zəhərləmək ilk növbədə öz xalqına düşmənçilik etməkdir.
Dünya xalqlarının demək olar ki, hamısının tarixində “vendetta”, “qan davası” kimi təhlükəli düşmənçilik halları yer alıb, ancaq onlar bundan imtina edərək, bu mənhus ənənəni yaşatmaq istəmirlər. Ermənilər isə “qan davası”nı bu başabəla ziyalıların sayəsində daha da böyüdürlər. Anlamırlar ki, özləri çox qan töküblər, hətta irz-namus cinayəti törədiblər, düşmənçilik etdikləri xalq buna görə qisas almağa çalışsa, rüsvayçılıqla üzləşərlər.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ