İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın postsovet məkanına təhdidləri ilə bağlı SENSASİON açıqlamalar

Sahib Məmmədov: “Rusiya Ermənistanın onun təsirindən çıxmasından narahatdır”

Elxan Şahinoğlu: “Rusiya bu prosesə mane olacaq gücdə deyil”

Rusiya Xarici İşlər Nazirliyi Qafan (Ermənistan), Aktau (Qazaxıstan) və Səmərqənddə (Özbəkistan) konsulluqların açılması üzərində işləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov RİA-ya deyib.

Rusiya bir müddət əvvəl Xankəndidə də konsulluq açmaq eşqinə düşmüşdü. Lakin Azərbaycan dirsək göstərdi. İndi də üç ölkədə eyni niyyətindən əl çəkmir. Onlardan biri Rusiyanın keçmiş vassalıdır, digər ikisi isə türk respublikalarıdır. Son aylar Rusiya türkdilli ölkələrlə bağlı narahatlığını gizlətmir. Kremlin təbliğat nəşrlərindən biri bu yaxınlarda Türk Dövlətləri Təşkilatının güclənməsindən narahatlığını etiraf etmişdi. Ümumiyyətlə, Rusiya Orta Asiyada öz mövqeyini itirməmək üçün həmlələrini davam etdirir. Bunun bir vasitəsi də konsulluq açmaqdır.

Türk Dövlətləri Təşkilatının son illərdə göstərdiyi dinamika artıq təkcə mədəni-humanitar əməkdaşlıq çərçivəsini aşaraq real siyasi və geosiyasi güc mərkəzinə çevrildiyini göstərir.

TDT-nin güclənməsi həm iqtisadi əməkdaşlığı, həm də təhlükəsizlik və kommunikasiya layihələrini artırır. Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji və nəqliyyat layihələri bu əməkdaşlığın real sütunlarıdır. Rusiyanın "Turan qorxusu"nun mahiyyəti buradadır: Moskva yaxşı anlayır ki, türk dövlətlərinin yaxınlaşması onun postsovet məkanında ənənəvi dominantlığını zəiflədir. Xüsusilə Orta Asiya ölkələri üçün TDT Rusiya asılılığından çıxış qapısıdır. Əgər bu dövlətlər iqtisadi, nəqliyyat və təhlükəsizlik baxımından bir-birinə daha sıx bağlanırlarsa, Moskvanın onların üzərindəki təsir imkanları avtomatik azalır. Bundan əlavə, Türkiyənin təşkilatdakı liderliyi Rusiya üçün xüsusi narahatlıq doğurur. Çünki Ankara həm NATO üzvü, həm də regional gücdür və Moskva üçün ənənəvi təsir sahəsində ciddi alternativ yaradır.

Moskvanı görəsən, narahat edən yalnız bu amillərdirmi? Bu ölkələrdə konsulluq ona niyə lazımdır?

SAHİB YENİ.jpeg (76 KB)

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a öncə bildirdi ki, Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasınən 5-ci maddəsində konsulluğun funksiyaları əks olunur:

“Bunların içərisidə “təmsil etdiyi dövlətin vətəndaşlarına pasport və yol sənədlərinin, təmsil etdiyi dövlətə getmək arzusunda olan şəxslərə viza, yaxud müvafiq sənədlərin verilməsi” və “təmsil etdiyi dövlətin (fiziki və hüquqi şəxslərə) vətəndaşlarına yardımın göstərilməsi” kimi funksiyalar da var. Dövlətlər adətən, öz səfirliyin yerləşdiyi ərazidəki (adətən paytaxtlarda) konsulluqla yanaşı, ölkənin digər yerlərində konsulluğu o zaman açırlar ki, ölkənin ərazisi həddən artıq böyükdür. Misal üçün: ABŞ-nin paytaxtındakı səfirlikdə konsulluq var, amma Kaliforniya ştatıından ora gəlib konsul xidməti almaq üçün bir neçə min kilometr gəliş üçün, o qədər də gediş üçün yol qət edilməlidir. Bu halda hər hansı ölkənin Vaşınqtonda olan konsulluğu ilə yanaşı, Kaliforniyada konsulluq açması normal haldır. Ərazisi kiçik olan ölkələrdə isə buna ehtiyac yoxdur. İkincisi, Rusiya ilə Ermənistan, Qazaxstan və Özbəkistan arasında vizasiz gediş-gəliş mövcuddur. Ona görə də tutaq ki, Qafanda yaşayan Ermənistan vətəndaşının visa almaq üçün İrəvana gəlməyinə ehtiyac yoxdur. Qafan, ümumiyyətlə Zəngəzur ərazisində də Rusiya vətəndaşlarının sayı o qədər də çox deyil ki, xərc çəkib orda ayrıca konsulluq açılmasına ehtiyac olsun”.

S.Məmmədov vurğuladı ki, məntiqlə belədir. Amma bəzən dövlətlər belə nümayəndəliklərin şəbəkəsini yaratmaqla başqa məqsədələr güdür:

“Rusiya yəqin ki, İrəvanla yanaşı, digər ərazilərdə də olmaq (diplomatik nümayəndəlik vasitəsi ilə) istəyir. O cümlədən Qazaxıstan və Özbəkistanda.

Əslində Rusiya Ermənistanın onun təsirindən çıxmasından narahatdır və bu ölkədə daha çox, həm hərbi, həm iqtisadi, həm də diplomatik iştirakını möhkəmləndirməklə rəsmi İrəvanı təsir dairəsində saxlamağa çalışır. Həmçinin ola bilər bununla da Cənubi Qafqazda mövqelərinin möhkəm olmasını nümayiş etdirir. Prinsipcə, bir ölkənin digər bir ölkədə diplomatik nümayəndəlik, o cümlədən konsulluq açıması iki dövlətin razılaşması ilə baş verən prosesdir. Kiçik bir ərazidə İranın, Rusiyanın, Fransanın və s. diplomatik nümayəndəlik açması planlarının arxasında əlbəttə ki, adını çəkdiyimiz Vyana Konvensiyasının 5-ci maddəsində göstərilən konsul funksiyalarını yerinə yetirmək niyyəti deyil, daha geniş məqsədlər dayanır. Regionda Türk Dövlətləri Təşkilatının təsirinin güclənməsi də bəzi dövlətlərin narahatlığına səbəb olub. Yəqin ki, konsulluq açmaq səbəblərindən biri də budur”. STM icraçı direktoru qeyd etdi ki, bütün hallarda bu, Ermənistana aid məsələdir: “Ermənistanın dövləti onsuz da suveren ölkə kimi qərarlar qəbul etməkdə çətinlik çəkir. Mövcud hakimiyyət də Fransa, Aİ, ABŞ, Rusiya və İran arasında manever etməklə hakimiyyətini qoruyub saxlamağa çalışır. Biz əvvəllərdə də qeyd etmişdik ki, bu cür “şaxələnmiş” siyasətin axırı yaxşı olmaya bilər”.

elxan.jpg (68 KB)

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kreml hərbi və diplomatik enerjisini əsasən bu istiqamətdə xərcləyir:

“Buna baxmayaraq, Moskva Avrasiya bölgəsində baş verən dəyişikliklərə də təsir etməyə çalışır. Ancaq nəticə yoxdur. Çünki, Rusiyaya qonşu olan ölkələr Kremlin imperialist siyasətindən uzaq durmağa çalışırlar. Rusiya vaxtilə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi dövlət idi. Hazırda Rusiya bu statusu itirib. Çünki, yaxın tarix göstərdi ki, Rusiya münaqişələr vasitəsilə təsir imkanlarını qorumağa çalışır. Kremlin məntiqsiz siyasəti Rusiyanın bölgədə təsirinin azalmasına şərait yaradır. Misal üçün Kreml sahibi raketlə vurulan təyyarəmizə görə Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəsəydi, kompensasiya ödənməsini və cinayətkarların cəzalanmasını təmin etsəydi, Rusiya-Azərbaycan münasibətləri indiki qədər gərginləşməzdi. Kreml bunu etmək əvəzinə, Rusiyada yaşayan azərbaycanlılara zor tətbiq etməyə başladı”.

E.Şahinoğlu xatırlatdı ki, Rusiya İkinci Qarabağ müharibəsindən sonra azad olunan Xankəndidə konsulluq xidməti açmaq istəyirdi:

“Bu iki ölkə arasında münasibətlər gərginləşmədən də mümkün deyildi. Çünki, Xankədidə Rusiya vətəndaşları yaşamır ki, Rusiyanın konsulluq xidməti Qarabağda mövcud olmayan Rusiya vətəndaşlarına pasport xidməti göstərsin. Rusiya Azərbaycanda istəyinə nail olmadıqdan sonra Ermənistan və Mərkəzi Asiyanın türk dövlətlərində konsulluq xidmətləri açmaq istəyir. Məqsəd eynidir. Kreml yeni konsulluqlar vasitəsilə bölgədə təsir imkanlarını artırmağa çalışır. Ona görə də Ermənistan hökuməti və Mərkəzi Asiyanın türk dövlətləri diqqətli olmalıdırlar. Bu ölkələr konsulluq xidmətlərinin açılmasına şərait yaradarlarsa, sonrakı mərhələdə həmin lazımsız konsulluq xidmətlərini qapatmaq çətin olacaq. Rusiyanın şovinist dairələrini Türkiyə və Azərbaycanın türk ölkələri arasında inteqrasiyanı gücləndirmək təşəbbüsləri də narahat edir. Rusiya mətbuatı keçmiş illərdə olduğu kimi hamını “Turan” ideyası ilə qorxutmağa çalışır. Böyük Turan hansısa ölkəyə qarşı yönələn ideya deyil. Bu, bölgədə türk birliyinin formalaşmasına hesablanan ideyadır və məqsəd türk ölkələri arasında hərtərəfli əməkdaşlıq mexanizmlərini hərəkətə gətirməkdir. Rusiya bu prosesə mane olacaq gücdə deyil”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR