İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dronları da Kiyevi hədəfə alıb

Ukrayna rəsmiləri sentyabrın 10-da bildiriblər ki, Rusiya Kiyevə, Ukraynanın şimal-şərqində kritik infrastruktura genişmiqyaslı dron-raket hücumu gerçəkləşdirib. Rusiya rəsmiləri isə ötən gecə Ukraynanın dron hücumundan Moskva yaxınlığında bir qadının öldürüldüyünü, Moskvanın üç aeroportunda uçuşların dayandırıldığını açıqlayıblar.

Moskvadakı aeroportlarda əməliyyatların artıq bərpa olunduğu deyilir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə iki raket və azı 46 dronla hücuma keçib, dronlardan 38-i vurulub.

Paytaxt Kiyevə istiqamətlənən dronların hamısının vurulduğu bildirilir. Kiyev rəsmiləri şəhərə ziyan dəymədiyini deyirlər.

Ukraynanın şimal-qərbindəki Sumı vilayətində isə kritik infrastruktur obyektlərinə hücum olduğu, amma müdafiə qüvvələrinin hücumu dəf etdiyi xəbər verilir.

AzadlıqRadiosu tərəflərin iddialarını müstəqil yoxlaya bilməyib.

Moskva vilayətinə dron zərbəsindən ölən və yaralananlar var

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ramenskoye şəhərinə dron zərbələri nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib. Daha öncə 9 yaşlı uşağın həlak olması barədə informasiya təsdiqini tapmayıb. Qubernator ölənin 46 yaşlı qadın olduğunu deyib.

Vorobyov xəsarət alan üç nəfərin Ramenskoye xəstəxanasına yerləşdirildiyini söyləyib.

 

Sentyabrın 10-da səhər Sportivnoye döngəsindəki binaya dron zərbəsindən 11-12-ci mərtəbələrdəki mənzillər yanıb. Hazırda yanğının söndürüldüyü bildirilir. Vilayət rəhbəri daha bir dronun Vısokovoltnoye küçəsində evin üzərinə düşdüyünü, orada 9-cu mərtəbədə mənzilə ziyan dəydiyini söyləyib. Onun sözlərinə görə, bir nəfər xəsarət alıb.

"Müvəqqəti sığınacaqlara 43 nəfər yerləşdirilib. Onlar isti yeməklə təmin ediliblər", – Vorobyov vurğulayıb.

O, ötən gecə bir neçə rayonda ümumilikdə dörd dronun məhv edildiyini açıqlayıb.

Paytaxta yaxınlaşan dronlar vurulub

Moskvanın meri Sergey Sobyanin isə həmin dronların paytaxta yaxınlaşarkən vurulduğunu, dron qalıqlarından xəsarət alanların, dağıntıların olmadığını deyib.

"Jukovski" aeroportu yaxınlığında vurulan dronun qalıqlarının yaratdığı fəsadlar aradan qaldırılır, – Sobyanin bildirib.

Aeroportun mətbuat xidməti onun bağlandığını açıqlayıb. Moskvaətrafına dron hücumlarından sonra "Vnukovo", "Şeremetyevo" və "Domodedovo"da reyslər gecikir.

Moskvada Kaşirsk şosesinə dron qalıqları düşməsi orada nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub.

Tula vilayətində də iki dron vurulub, xəsarət alan olmayıb. Dronların qalıqlarının yanacaq-energetika kompleksi obyektlərindən birinin üzərinə düşdüyü xəbər verilir.

Bundan başqa, Bryansk və Lipetsk vilayətləri də dron hücumuna məruz qalıb. Bryanskın qubernatoru 59 dronun məhv edildiyini açıqlayıb.\\AzadlıqRadiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR