İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusdilli qırğızlar”ın dil davası – Qırğızıstanda ana dili uğrunda mübarizə davam edir

Bakıda hər addımbaşı rusca danışan azərbaycanlıları görəndə bir çoxları vətəndaşlarımızın 33 ildən bəri müstəqil ölkədə yaşadıqları halda öz dövlət dilinə etinasızlığından giley-güzar edirlər, amma bizdən betər gündə olanlar da varmış.

Qırğızıstan parlamentinin deputatları hələ indi-indi dil problemini gündəmə gətirirlər. Bu günlərdə bu mövzu ölkə parlamentində növbəti dəfə gərgin müzakirələrə səbəb olub və qanunverici orqanda az qala qarşıdurma yaradıb.

Rus dili Qırğızıstanda rəsmi statusa malikdir. Bir sıra deputatlar isə rus dilinin tətbiq dairəsini məhdudlaşdırmaq cəhdi göstərirlər. Onlar əsas diqqəti dövlət və ictimai sferada qırğız dilinin statusunun artırılmasına yönəltmək istəyirlər. Dünən parlament bəzi qanunvericilik aktlarına dövlət dilinin tətbiqi məsələləri ilə bağlı dəyişiklikləri nəzərdə tutan qanun layihələri paketini birinci oxunuşda təsdiqləyib.
Dəyişikliklər dövlət qulluqçularının və deputatların dövlət dilini müəyyən səviyyədə bilməsi, məktəblərdə keçid imtahanları, habelə reklam və məzmun standartları ilə bağlı tələbləri müəyyən edir.

93-5-2480.jpg (86 KB)

“Müəyyən səviyyə”ni Nazirlər Kabineti müəyyən edəcək. Bundan əlavə, ölkədəki bütün coğrafi adlar başqa dillərə tərcümə edilmədən yalnız qırğız dilində göstəriləcək. Yeni qaydalar reklamların yalnız qırğız və rus dillərində dərc oluna biləcəyini və başqa dillərdən istifadənin qadağan ediləcəyini nəzərdə tutur. 

Maraqlıdır, Qırğızıstanda dövlət dili qırğız dili olsa da, rus dili 2004-cü ildən konstitusiyada rəsmi status qazanıb. Ancaq belə məlum olur ki, dövlət idarələrində, ictimai sferada əksəriyyət hələ də dövlət dilində yox, xüsusi statusu olan rus dilində danışır, yazır.

Bu anormallığı belə izah edənlər var ki, respublikada 80-dən çox millət yaşayır.

Sanki həmin o 80 xalq yerli xalqın, etnik çoxluğun, adını dövlətə vermiş qırğızların dilini öyrənə bilməz, mütləq başqa bir əcnəbi dildə danışmalıdır. Bu, əlbəttə ki, absurddur. Ona qalsa, ABŞ-də 800 xalqın nümayəndəsi yaşayır, amma hamısı ingilis dilində danışır. Elə Rusiyanın özü Kalininqraddan Saxalinə qədər yüzlərlə etnik qrupun yaşadığı federativ ölkədir, amma bütün xalqlar rus dilində yazır-danışır.

Qırğızıstana gələndə isə bu qayda pozulur. Qırğızlar öz ana dillərini dövlət idarəetməsində yalnız 60 faiz civarında işlədə bilərlər.

Bu, təbii ki, Rusiyanın müstəmləkəsi olmuş ölkəyə zorla sırınmış reallıqdır. Moskvanın bu məsələyə aşırı diqqəti, tələbi onun göstəricisidir ki, Rusiya qırğızlardan asanlıqla əl götürmək niyyətində deyil.

Ancaq 33 illik müstəqil dövlətçilik təcrübəsi qazanmış qırğızlar istər-istəməz milli özünüdərk prosesindən keçiblər və artıq çoxları anlayır ki, onlar türk xalqlarından biridir, öz dilləri, öz dövlətləri var və öz siyasətlərini özlərinin yeritməsi təbii haqlarıdır.

Parlamentin sözügedən iclası canlı yayımlanıb və deputatlar arasında gedən debat ictimaiyyətə məlum olub. Xüsusən də parlamentin spikeri Nurlanbek Turgunbekuulu (Turgunbəyoğlu) qanun layihəsini dəstəklədiyini bildirərək deyib ki, vətəndaş Qırğızıstanda yaşayır və işləyirsə, dövlət dilini bilməli və bu dildə danışmalıdır.

“Ata-Yurt Qırğızıstan” fraksiyasından deputat Nadirə Nərmətova xatırladıb ki, ölkədə iki dil var - dövlət və rəsmi. "Bizim dilimiz 35 ildir ki, bundan əziyyət çəkir. Ölkəmizdə çoxlu millətlər yaşayır, amma dövlət dili əsas dil olaraq qalmalıdır”, - deputat deyib.

Ancaq parlamentin üzvü Balbak Tulobayev yeniliklərin müxtəlif etnik qrupların hökumət strukturlarında təmsilçiliyini məhdudlaşdıracağını və millətlərarası etimadı sarsıda biləcəyini əsas gətirərək, qanuna qarşı çıxıb, hətta qanun layihəsinin müəlliflərini cəzalandırmağa çağırıb. "Sabah xalq üsyan edə bilər. Başqa millətlərin nümayəndələri necə deputat olacaqlar? Onlar xalq deyilmi? Konstitusiyada qeyd olunur ki, dövlətin əsası xalqdır. Qırğızlar xalqdır, başqa millətlər isə Qırğızıstan xalqı deyil?" – deputat hiddətini büruzə verib.

Tulobayev sovet dövründə yaşasaydı, bu ritorika ilə həmin qanunu hazırlayanları “pantürkist” deyə damğaladar və repressiyaya məruz qoyardı. Ona optimal cavab “burada çətin bir şey yoxdur, başqa xalqlar da qırğız dilini öyrənsinlər” ola bilərdi. Fəqət deputat Gulya Kojokulova da konstitusiyadan danışaraq, dəyişikliklərin Əsas Qanuna zidd olduğunu qeyd edib.

qirqrus.jpeg (26 KB)

Məsələ ondadır ki, Qırğızıstanın bundan əvvəlki rəhbərləri - Əsgər Akayev, Kurbanbek Bakiyev Moskvanın adamları olublar və Rusiya ilə dostluq əlaqələrinə böyük önəm veriblər, daha dəqiqi, Rusiyanın vassalı olaraq qalmağa pis baxmayıblar. Sonrakı prezidentlər Almazbek Atambayev və Sooronbek Jeenbekov da onların iziylə gediblər. Yalnız indiki prezident Sadır Japarov hakimiyyətə gəldikdən və Türk Dövləti Təşkilatının liderləri ilə oturub-durmağa başlayandan sonra tabeliyində olan işçilərin qarşısında “ictimai həyatın bütün sahələrində dövlət dilinin tam miqyasda fəaliyyət göstərməsinə” nail olmaq vəzifəsini qoyub.
Bu zaman aydın olub ki, son 35 il ərzində qırğız dilinin tədrisi üçün heç bir metodika hazırlanmayıb, yəni qırğız dilinin inkişafı “avtopilot”a qoyulub.

İndi müvafiq qanunu hazırlayan deputatlar prezidentin iradəsini həyata keçirirlər. Bununla belə, onlara müqavimət olduğu da görünür. Bu, gözləniləndir. Keçmiş SSRİ respublikaların hər birində SSRİ bayrağı qaldırmağa, paralel olaraq, sinələrinə “Georgi lenti” taxmağa hazır olan minlərlə adam var. SSRİ bayrağı ilə “Georgi lenti” bir-birinə daban-dabana zidd olan simvollar olsa da, qəlbində Rusiya sevdası yaşadanlar üçün onların hər ikisi “rus rəmzi”dir və əzizdir.

Rus dilinin Qırğızıstandakı statusunun tərəfdarları belə bir arqumentlə də çıxış edirlər ki, Rusiya vətəndaşları respublikaya gələn əcnəbilərin ilk üçlüyündədirlər və rus dilində reklamlar bu səbəbdən vacibdir.

Elədirsə, o zaman ilk üçlükdə olan Çin vətəndaşlarının xətrinə qırğızlar Çin dilini də öyrənməli, Bişkekdəki bütün reklamları da Çin ieroqlifləri ilə yazmalıdırlar.

Bu barədə yazan Rusiya mediası qeyd edir ki, Qırğızıstanın cənubunda rus dilində təhsil üçün böyük tələbat var, çünki Rusiyaya əmək miqrantları məhz Oş, Batken, Cəlalabad bölgələrindən gəlir.

Gəlir də nə olur? Rusiya həmin rusdilli qırğızlardan təzədən rus dilində imtahan götürür və “kəsilən”ləri, eləcə də “özünü yaxşı aparmayanlar”ı, “sənədləri qaydasında olmayanlar”ı Qırızıstana deportasiya edir. Bundan başqa, Rusiyada birtəhər qala bilən qırğızlar isə heç bir yüngül işdə işləyə, adicə taksi sürə bilməzlər, onlar mütləq ən ağır və “qara” işlərdə çalışmalıdırlar. Rusiya Duması əmək miqrantlarının “müasir kölələr” olmasını nəzərdə tutan qanunvericilik sənədi hazırlayıblar.

Beləliklə, bir biz deyilik, postsovet məkanında dil davası, daha dəqiqi, müstəqil ölkələrin öz milli dillərini gerçək dövlət dili səviyyəsinə yüksəldilməsi üçün apardıqları mübarizə davam edir. Gerçəklik budur ki, Gürcüstan və Ermənistan öz milli dillərinin xüsusi statusuna hələ sovet dövründə nail olmuşdlar, Orta Asiya respublikalarında isə bu yöndə mübarizə yalnız indi başlayıb.

Araz Altaylı, Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR