İnsanlara hürriyət, millətlərə istiqlal!

“Soyuq savaş” bitdi, hibrid savaş isə... – Moskvanın Bakı və İrəvandan əsas gözləntisi

Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə” bitsə də, Moskvanın Güney Qafqaza yönəlik “hibrid savaşı” davam edir. Ona görə ki, Kremlin regionla bağlı əsas hədəfləri dəyişməyib.

Rusiyanın 1 nömrəli hədəfi isə regiona “yad” xarici güclərin, özəlliklə ABŞ-ın yerləşməsinə və bölgə ölkələrinin Rusiya orbitindən uzaqlaşmasına imkan verməmək, orada öz hərbi mövcudluğunu hər hansı şəkildə saxlamaqdır. Bundan ötrü gərəkdirsə, o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini də əngəlləməyə çalışacaq.

Cənubi Qafqazın ən zəif “bəndi” isə Ermənistandır. Çünki Rusiyanın bölgədəki legitim hərbi bazaları məhz onun ərazisindədir. Üstəgəl, Türkiyə-Ermənistan, İran-Ermənistan sərhədini hələ də rus hərbçilər (“FSB”-FTX) qoruyur.

Bu xüsusda qarşıdakı ayların və gələn ilin bütövlükdə region üçün kifayət qədər taleyüklü və həlledici olacağını söyləmək mümkündür. Daha iki səbəbə: 2026-ci ildə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizində (“Tramp marşrutu”nda) əsas işlərə başlanma ehtimalı yüksəkdir.

Bu və digər səbəbdən şimal qonşumuzun hərəkətlərini üç paytaxtın, ələlxüsus da Bakı və İrəvanın daha diqqətlə izləməsində fayda var...

“Sergey Kiriyenko (Rusiya Prezident Administrasiyası rəhbərinin 1-ci müavini – red.) bütün postsovet ölkələrini kurasiya edir. Rusiya təsirinin yayılmasına nəzarət edir. Hibrid müharibənin, informasiya-təxribat savaşının baş komandanıdır. Ona görə də Ermənistan və Azərbaycan onların anlamında bir-birindən çox az fərqlənir”.

Bunu erməni politoloq Ruben Mehrabyan youtube kanalında deyib.

Onun sözlərinə görə, Kiriyenkonun bu vəzifəyə təyinatı heç nəyi dəyişmir. “Rusiya balta ilə işləyir, onun üçün yaradıcılığa, kreativliyə yer yox. Rusiya ancaq dayandırılanda dayanır”, - Mehrabyan əminliklə vurğulayıb.

Azərbaycan, ABŞ və Ermənistan arasında Ağ Evdə imzalanan 8 avqust sənələri ilə bağlı Rusiyanın mümkün gedişlərinə toxunan erməni təhlilçi bildirib: “8 avqust tarixli Vaşinqton razılaşmalarına rəsmi Kremlin reaksiyası çox təmkinlidir. Bu, millimetrə qədər hesablanmış bir mövqedir. Moskva deyir ki, bəli, təbii ki, biz razıyıq, sülhü alqışlayırıq, amma bəzi suallar var, hələlik yerdə tikinti işi yoxdur, ona görə də bu suallar bizim üçün cavabsız qalır. Amma bu sualları verəcəyik”. Təbliğat itləri isə artıq bölgəyə yola salınıb, bunu da görürük”.

Sözünə davam edən erməni politoloq Moskvanın Bakı və İrəvandan konkret gözləntisindən də danışıb: “Rusiyanın gözləntiləri nədir? Moskva ümidlidir ki, Azərbaycan Ermənistanı şantaj etməyə davam edəcək və bu fonda o, bizi “xilas etmək” üçün, daha doğrusu, öz imperiya maraqlarını reallaşdırmaq üçün hərəkətə keçəcək. Ermənistandan gözlənti isə odur ki, İrəvan o qədər passiv, bacarıqsız olacaq ki, 8 avqust razılaşmalarını həyata keçirə bilməyəcək və Moskva danışıqlar üçün yeni masa qurmaq imkanı qazanacaq”.

Meqrabyanın qənaətincə, Moskva buna Ermənistana göndərilən və qara-qışqırıq salan desantların, yerli qüvvələrin köməyi ilə nail olmağa çalışır: “Üstəlik, biz bilirik ki, hökumət əleyhinə mitinqlərdə iştirak üçün hər adama 40 min dram paylanıb. Məncə, bu, bizim kəşfiyyat orqanlarımız üçün böyük material mənbəyi olacaq”...

Beləcə, Ermənistandakı getdikcə artan həbslərin daha bir motivi üzə çıxır: Paşinyan indi həm də kritik seçkilər öncəsi Kiriyenkonun komandan olduğu hibrid müharibəni neytrallaşdırmaqla məşğuldur. Bacaracaqmı? Bakı və Ankara bu işdə hansı dəstəyi verə bilər? Görəcəyik...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR