İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp “anqlo-saks düşərgəsi”ni də parçalayır: Böyük Britaniya isə ABŞ-ın Avropadan çıxarılmasına çalışır

Ağ Evin Kremllə yaxınlaşmasına paralel olaraq, rəsmi London Avropa məkanında ABŞ-ın strateji boşluğunu məhz Böyük Britaniyanın hərbi-siyasi liderliyi ilə doldurmağa çalışır... Belə görünür ki, Tramp administrasiyası dövründə ABŞ-ın Ukrayna kursu zəiflədikcə, Böyük Britaniya da yeni “Avropa müdafiə çətiri” missiyasına doğru israrla irəliləyir...

Ukrayna savaşına münasibətdə kollektiv Qərb daxilində ziddiyyətlər növbəti dəfə dərinləşməyə başlayıb. Belə ki, Kreml tərəfindən anlaşmaları pozulan Alyaska görüşünün iflasından sonra davamlı olaraq, Rusiyanı hədəfə alan və ittiham edən Tramp administrasiyasının mövqeyində kifayət qədər ciddi dəyişikliklər müşahidə olunur. Yəni, Ağ Ev yenidən Rusiya ilə münasibətləri normallaşdırmaq və gələcəyə yönəlik anlaşmalar əldə etmək niyyətinə düşüb. Və bu səbəbdən də, son vaxtlar Tramp administrasiyasının Rusiyanın mövqelərini möhkəmləndirən, Ukraynanı isə təhlükəyə məruz qoyan siyasi-diplomatik manevrləri ciddi narazılıq doöurmaqdadır.

9f8e4b59476d985de9320caab6ebb637.jpg (242 KB)

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp bir müddət öncə Ukraynaya Rusiyanın dərinliklərinə daha dağıdıcı zərbələr endirmək imkanı verən uzaqmənzilli raket sistemləri göndərməyi vəd etmişdi. Ancaq prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ABŞ bu vədlərin icrasından geri çəkilməyə başlayıb. Yəni, hazırda ABŞ yenidən Ukraynanı Rusiyanın önündə dəstəksiz buraxaraq, kollektiv Qərbdən uzaqlaşmağa üstünlük verir. Və bu baxımdan, rəsmi Kiyevə dəstək prosesində Böyük Britaniyanın ABŞ-ın boşluğunu doldurmağa çalışması, Ukraynaya sürətlə silah-sursat tədarükünə başlaması böyük maraq doğurur.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmağa və Ukraynaya isə hərbi dəstəyi dayandırmağa yönəlmiş siyasəti hazırda Qərbin təhlükəsizlik arxitekturasında həqiqətən də yeni və ciddi geopolitik boşluq yaradıb. Avropa Birliyi hələlik tərəddüd içərisində olduğundan bu boşluğu Böyük Britaniya təkbaşına doldurmağa cəhd göstərir. Rəsmi London son vaxtlar “Lightweight Multirole Missiles” (LMM) tipli çoxməqsədli raketləri və hava hücumundan müdafiə üçün ələkeçirici dronları Ukraynaya planlaşdırılmış müddətdən beş ay əvvəl çatdırmaq qərarına gəlib. Böyük Britaniyanın bu addımı yalnız taktiki deyil, həm də strateji anlam daşıyır. Və Ağ Evin israrla geri çəkildiyi mərhələdə rəsmi Londonun irəli çıxması artıq inkaredilməz reallığa çevrilir.

10f6364f9113800a33ae23ac397b29cc.jpg (85 KB)

Maraqlıdır ki, Böyük Britaniya-Ukrayna əməkdaşlığı çərçivəsində təqdim edilən “OCTOPUS” layihəsi Avropa müdafiə sənayesinin ABŞ-dan müstəqil fəaliyyət istiqamətində atılmış olduqca mühüm addımdır. Bu layihə çərçivəsində Böyük Britaniya ayda minlərlə hava hücumundan müdafiə dronu istehsal edərək, Ukraynanın hərbi reaksiya sistemini daha da gücləndirməyi planlaşdırır. Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, bu ələkeçirici dronlar ənənəvi HHM raketlərindən qat-qat ucuzdur və Rusiya tərəfindən Ukrayna şəhərlərinə qarşı buraxılan ‘Şahed’ tipli zərbə dronlarına qarşı daha effektivdir. Və beləliklə, rəsmi London Ukraynanın “hava qalxanı”nın modernləşdirilməsini yalnız rəsmi Kiyevə dəstək deyil, həm də Avropa üçün ümumi təhlükəsizlik prioriteti kimi təqdim edir.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasının Rusiya ilə “dialoq pəncərəsi”ni yenidən açmaq istəyi Avropada, xüsusilə də, NATO daxilində ciddi narahatlıq yaradıb. Çünki Ağ Evin yeni “Rusiya siyasəti” Ukraynaya birbaşa hərbi yardımın dayandırılması və maliyyə dəstəyinin “yenidən qiymətləndirilməsi” kimi neqativ addımlarla müşayiət olunur. Bu, Avropanı faktiki olaraq, öz müdafiəsini məhz öz üzərinə götürməyə məcbur edir. Rəsmi London isə bu vəziyyəti tarixi fürsət kimi dəyərləndirir. Və Böyük Britaniya ABŞ-ın Avropadakı ənənəvi funksiyasını qismən öz üzərinə götürərək, həm geopolitik nüfuzunu artırır, həm də “qoca qitə”də hərbi liderlik ambisiyasını möhkəmləndirir.

britaniya-zelenski.jpg (180 KB)

Təbii ki, bütün bunlar kollektiv Qərb daxilində siyasi-ideoloji, hətta hərbi-strateji parçalanmanı da qaçılmaz edir. Üstəlik, bu proses “anglo-saks” düşərgəsi daxilində, yəni ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın təhlükəsizlik ittifaqında da strateji fikir ayrılıqları yaradır. Ağ Ev Kreml ilə gərginliyi azaltmağa çalışdığı bir vaxtda rəsmi London, əksinə, Rusiyanı təzyiq altında saxlamaq üçün Ukrayna savaş poliqonunu daha da gücləndirir. Və bu, yaxın gələcəkdə NATO daxilində koordinasiya böhranına, kollektiv Qərb blokunda isə geopolitik xəttin iki hissəyə bölünməsinə səbəb ola bilər.

Ona görə də, hesab etmək olar ki, Avropa məkanının yeni “təhlükəsizlik xəritəsi”nin çəkilməsi artıq qaçılmaz xarakter daşıyır. Belə ki, Böyük Britaniyanın Ukraynaya LMM raketlərini və hava müdafiə dronlarını daha sürətlə tədarük etməsi, Tramp administrasiyasının Rusiya ilə normallaşma cəhdlərinə paralel olaraq, “qoca qitə”nin “təhlükəsizlik çətiri”nin yenidən qurulmasına ehtiyac yaradır. Rəsmi London üçün bu, sadəcə, bir silah tədarükü ilə bağlı proses deyil. Çünki Böyük Britaniya bu proses sayəsində həm də ABŞ-ın strateji boşluğunda öz liderliyini təyin etməyə cəhd göstərir. Və belə görünür ki, Tramp administrasiyası dövründə ABŞ-ın Ukrayna kursu zəiflədikcə, Böyük Britaniya yeni “Avropa müdafiə sütunu” missiyasına doğru israrla irəliləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR